Nədənsə, siyasi partiyaya üzv olmağa və ya partiya üzvünü saxlamağa məcbur etməyə görə, cəzanın nəzərdə tutulması radikalları bir-birinə vurub
Müasir Azərbaycanın praqmatik siyasi kurs nəticəsində sürətlə inkişaf etməsi nəticəsində cəmiyyətin bütün həyat sahələrində yeniləşmələr də labüdləşir. Bu özünü, eyni zamanda, qanunvericilikdə də nümayiş etdirir. Hazırki şəraitdə insan həyatı hər gün dəyişdiyindən onların fəaliyyətinin tənzimlənməsi üçün qanunların da səmərəli işləməsi istiqamətində transformasiya gündəmə gəlir. Bu səbəbdən də, qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq orqanlar təkliflərlə çıxış edir, ictimai müzakirələr təşkil olunur və kütləvi rəyə uyğun olaraq, qərar verilir. Lakin Azərbaycan cəmiyyətində elə bir kəsim var ki, onlar şəxsi maraqları naminə nəinki qanunvericiliyin kamilləşməsini, hətta dövlətin inkişafını belə istəmirlər. Çünki anti-Azərbaycan fəaliyyəti onların əsas işidir.
Təbii ki, söylənilənlər nəzəriyyə deyil. Bütün cəmiyyət hər gün bunun şahidi olur ki, radikal müxalifət Azərbaycanın tərəqqisinə kölgə salmağa çalışan bütün qüvvələrlə əməkdaşlıq etməyə can atır. Məhz onların ölkədə qanunvericiliyi təkmilləşdirmə prosesinə qarşı çıxmalarının da səbəbləri söylənilənlərlə bağlıdır. Amma vurğulanmalıdır ki, radikal müxalifətin narahatlığının kökündə başqa səbəblər də var.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 169.1-ci maddəsinə əlavə edilməsi haqqında təklif irəli sürülüb. Bu maddənin mahiyyəti budur ki, siyasi partiya üzvü olmağa və partiya üzvü olaraq qalmağa məcburetməyə görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İkincis qanunvericilik təşəbbüsü isə "Mühasibat uçotu" haqqında qanuna edilən dəyişikliklərlə bağlıdır. Yəni, bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidirlər.
Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidirlər.
Bu təklif olunan dəyişikliklər Azərbaycanın demokratik inkişafı istiqamətində yeni element olmasına baxmayaraq, radikal müxalifət hansı səbəblərdən yenə də narahatdır. Halbuki yeni təkliflər sözügedən sahədə aşkarlığı, şəffaflığı daha da artıracaq, insanların hüquq və azadlıqlarının genişlənməsini təmin edəcək. Amma radikal müxalifət nümayəndələri əsassız olaraq, bu dəyişikliklərə qarşı çıxırlar. Bununla bağlı onların mətbuata verdiyi açıqlamalardan isə aydın olur ki, radikal müxalifət həddindən artıq zəifdir və transformasiya prosesinə hazır deyil. Çünki bu günə qədər radikal müxalifət sıralarının sürətlə seyrəlməsi səbəbindən daha sərt yollara əl atmaqda idi. Yəni onlar radikalların antimilli mövqe tutmasını anlayan müxalifətçilərin istefa vermələrinin qarşısını almaq üçün şantaj üsulundan istifadə etməyə başlamışdılar. Hətta bir çox Müsavat, AXCP, DADP və digər siyasi partiyaların üzvləri YAP-a üzv olmaq üçün əsil siyasi mübarizə səhnəsindən keçməli olurlar. Ona görə ki, İsa Qəmbərçilər, Əli Kərimçilər üzvlərini təhdid yolu ilə sıralarında saxlayırlar və istefa verənlərə üzvlükdən çıxmaq haqqında arayış vermirlər. Radikallar bir az da irəli gedərək, istefa verənləri "Yeni Müsavat" və "Azadlıq" qəzetləri vasitəsilə təhqir də edirlər. Bu cür faktlar, əlbəttə ki, kifayət qədərdir. Əgər ehtiyac olarsa, bu prosesdən keçmiş sabiq müxalifətçilərin də fikirlərini dərc edə bilərik. Məhz bu səbəblər ucbatından radikallar yeni dəyişikliklə bağlı çox narahatdırlar. Bundan sonra onlar kimisə öz sıralarında güclə, təhdidlə, şantajla saxlaya bilməyəcək. Bu yolla radikallar Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını pozurdular ki, hakimiyyət də bunun qarşısını almaq üçün yeni islahatlara başladı. Düşünürük ki, bundan sonra hansısa radikal müxalifət nümayəndəsi vətəndaşları şantaj etməkdən çəkinər və insanların siyasi mövqe seçiminə müdaxilə etməz.
Radikal müxalifətin ikinci narahatlığı isə söylədiyimiz "Mühasibat uçotu" haqqında qanuna edilən dəyişikliklərlə bağlıdır. Burada da tutarlı faktlar var ki, radikalların etirazlarının əsassız olduğunu ortaya qoyur. Əslində, bu yeni bir problem deyildir. Yəni dəfələrlə YAP-ın funksionerləri mətbuata açıqlamalarında bildiriblər ki, hər bir siyasi partiya maliyyə hesabatı verməlidir. Bu da siyasi partiyaların fəaliyyətilə bağlı şəffaflıq yaradar və cəmiyyətin bu sahədəki işlərlə bağlı aydın təsəvvürü formalaşar. Həmin açıqlamalara yenə də radikal müxalifətin nümayəndələri əsəbi şəkildə münasibət bildirmişdi. Elə bu dəfə də edilən dəyişikliklərə radikal müxalifət etiraz edir. Buna görə də, cəmiyyətdə yenidən haqlı bir sual formalaşır: nə üçün Müsavat, AXCP və digər müxalifət partiyaları maliyyə hesabatı verməkdən boyun qaçırır?
Aparılan təhlillər və radikal müxalifətin son 1 ildəki fəaliyyəti onu göstərir ki, onlar məlum olmayan mənbələrdən maliyyələşir. Xüsusilə də, "Eurovision-2012" ərəfəsində xarici anti-Azərbaycan dairələrinin siyasi sifarişlərini yerinə yetirən radikallar ölkə daxilində siyasi sabitliyi pozmağa çalışırdılar. Bunun müqabilində də müəyyən maliyyə "hədiyyələri" alırdılar. Hətta dəfələrlə Müsavat partiyasının qərargahında Azərbaycandakı xarici səfirlərin keçirdikləri görüşlər də bunu isbatlayır. Ona görə də, radikal müxalifət nümayəndələri maliyyə mənbələrini gizlədir.
Beləliklə də, aydın olur ki, radikal müxalifətin son günlər ərzində əsəbi şəkildə etirazlarını bildirməsi elə onların qanunsuz fəaliyyətlərilə bağlıdır. Ona görə də, Müsavat və ya AXCP nümayəndələrinin mətubatda səsləndirdikləri fikirlər əsassızdır, obyektiv deyildir.
"Səs" Analitik Qrupu