PDF Oxu

Müxalifət

  • 15

ABŞ səfirinin qaranlıq məqsədi

Yaxud, Riçard Morninqstar müdaxiləli siyasətdənsə, daha səmərəli və keyfiyyətli işlərlə məşğul ola bilərdi

ABŞ səfirinin qaranlıq məqsədi

Zaman-zaman Azərbaycanda fəaliyyət göstərən Qərb dövlətləri səfirliklərinin ölkəmizin daxili siyasətinə müdaxilə etmələri ictimaiyyət tərəfindən də kəskin şəkildə qınanılmaqdadır. Qeyd edək ki, müxtəlif dövrlərdə, xüsusilə, seçki və digər əhəmiyyətli ictimai-siyasi hadisələr ərəfəsində xarici səfirlik nümayəndələrinin aşırı radikalizm yolu tutmuş müxalifət partiyaları ilə görüşlər təşkil etmələri, demək olar ki, ənənə şəklini almışdır. Ancaq bu kimi arzuolunmaz halların nəyə görə ənənə şəklini alması, daha dəqiq desək, xarici ölkə səfirliklərinin maraqlarının müxalifət vasitəsilə təmin olunması məsələsi də özü-özlüyündə bir çox suallar doğurmaqdadır. Yəni Fransa, Böyük Britaniya, Norveç, ABŞ səfirlərinin və səfirlik nümayəndələrinin, eləcə də, diplomatik korpus təmsilçilərinin bu kimi müdaxiləli hallara yol vermələri, yuxarıda qeyd etdiyimiz kimi, birinci dəfə deyil.

Qərb diplomatiyasının müdaxiləli siyasəti Azərbaycanda yolverilməzdir

Təəssüf ki, Qərb diplomatlarının öz ölkələrinin siyasi-iqtisadi maraqlarının Azərbaycanda təmin olunması istiqamətində onların radikal mövqeli müxalifət partiyaları ilə danışıqlara getmələri, həmin danışıqlar çərçivəsində müxtəlif vədlər vermələri bu gün də baş verməkdədir.

Bu baxımdan, ötən günlərdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın müxalifət partiyalarının rəhbərləri ilə görüşlərə qatılması, həmin görüşlərin qapalı şəraitdə keçirilməsi ictimaiyyətdə yaranmış haqlı hiddətin tərkib hissəsidir. Vurğuladığımız kimi, Qərb diplomatiyasının müdaxiləli siyasəti Azərbaycanda yolverilməzdir. Çünki başqa ölkələrdən fərqli olaraq, Azərbaycan müstəqil, demokratik ölkə kimi siyasi mühitdə öz qəti sözünü demək gücündə və qüdrətindədir. Məhz bu baxımdan, ABŞ səfirinin müxalifət partiyaları ilə hər hansı gizli görüşlərə getməsi bu dövlətin Azərbaycandakı maraqlarını təmin edə bilməz. Çox yəqin ki, ABŞ səfirinin müxalifət partiyaları ilə apardığı müzakirələri də məhz qarşıdan gələn prezident seçkiləri ilə bağlı olub. Həmin danışıqlar çərçivəsində müxalifət qarşısında öhdəliklər qoyulub və həmin öhdəliklərin yerinə yetirilməsi müqabilində onlara vədlər verilib. Müxalifətin isə hər zaman dövlətçiliyə qarşı daim xəyanətkarlıq yolunu tutması heç kimə sirr deyil. Bu faktoru nəzərə alaraq, vurğulamaq mümkündür ki, belə müdaxiləli və xəyanətkar siyasi gedişlərin heç zaman reallaşmayacağını indidən proqnozlaşdırmaq olar.

ABŞ səfiriyi nə ictimai birlik, nə də beynəlxalq QHT qurumu deyil

Başqa tərəfdən, ABŞ səfirinə onu da xatırlatmaq lazımdır ki, onun təmsil etdiyi nümayəndəlik nə hər hansı ictimai birlik, nə də beynəlxalq QHT qurumu deyil. Onun təmsil etdiyi qurum bir dövlətin başqa dövlət ərazisində fəaliyyət göstərən rəsmi dipolmatik nümayəndəliyidir. Və həmin diplomatik nümayəndəliyin qarşısında hər hansı bir sual, yaxud da anlaşılmazlıq yaranarsa, səfir hakimiyyətə gəlmək istəyən müxalifət təmsilçiləri ilə deyil, məhz hakimiyyət nümayəndələri ilə danışıqlar aparmalıdır. Yaxud da müxalifətlə hər hansı bir görüş keçirməyi planlaşdırırsa, bunu özbaşına deyil, təmsil etdiyi dövlətin müraciəti əsasında hakimiyyətlə, iqtidarla razılaşdırmalıdır. Əgər bunu etmirsə, ya da özbaşına siyasi davranışlara yol verirsə, demək, onun atıdğı siyasi addımlarında qərəzin, qaranlıq məqsədlərin dayanması ictimaiyyətdə şübhə doğurmur.

Siyavuş Novruzov: "...Nədənsə ABŞ səfirinin məhəbbəti bu insanların üzərindədir"

Əlbəttə ki, ABŞ-ın ölkəmizdəki səfiri R.Morninqstarın özbaşına davranışlarına qarşı susqunluq nümayiş etdirilmədi və hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı haqlı iradlarını və tövsiyyələrini bildirdi. Belə ki, ABŞ-ın Azərbaycandakı səfirinin müxalifət liderləri ilə keçirdiyi görüşünə haqlı olaraq etiraz edən YAP rəsmisi R.Morninqstarın bunun yerinə daha səmərəli fəaliyyət göstərə biləcəyini deyib. S.Novruzov bildirib ki, ABŞ səfiri təyin olunduğu gündən indiyə qədər Azərbaycanın qaçqın və məcburi köçkünlərilə bir dəfə də olsun maraqlanmayıb. Ancaq bunun yerinə amerikalı səfir parlamentdə təmsil olunan siyasi partiyalardan fərqli olaraq, radikal müxalifət partiyalarına daha çox diqqət göstərir: "Amerikanın səfiri burada istənilən görüşü keçirə bilər. Amma nədənsə o, digər partiyalarla yox, müxalifət partiyalarının nümayəndələri ilə görüşür. Bir səfir kimi qaçqınlarla da görüşsün, evsiz-eşiksiz insanların niyə didərgin düşdüyünü öyrənsin. Azərbaycanın parlamentdə təmsil olunan digər siyasi partiyaları var. O cümlədən, parlamentdə təmsil olunmayan ayrı-ayrı partiyalar var. Nədənsə ABŞ səfirinin məhəbbəti bu insanların üzərindədir".

S.Novruzovun haqlı iradlarından da göründüyü kimi, siyasi maraqlarını müxalifətin radikal qütbü ilə ölçən R.Morninqstar həmin addımı ilə öz şəxsi çərçivəsində, əslində, təmsil etdiyi ölkəsinin də demokratiya maraqlarına zərbə vurmuş olur. Bu baxımdan, səfir qeyri-ciddi addım atmamışdan öncə, bir neçə dəfə atacağı addımının fəsadları haqqında da düşünməlidir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər