Müsavat yetkilisi təxirəsalınmaz planlarının icrasını qardaşı Mustafa Hacıbəyliyə təhkim edib
AXCP-Müsavat rəhbərliyinin "vahid namizəd" iddiaları artıqca, həmin iddialardan ikitərəfli yararlanmağı düşünənlərin də sayı artmaqdadır. Lakin artanların say kəmiyyətinə baxmayaraq, onların arasında kifayət qədər keyfiyyətlisi məhz Müsavat başqanının müavini Arif Hacılı görünür. Xatırlatmaq yerinə düşərdi ki, hələ məhkəməsi dövründə Müsavat partiyasının başqanlığına namizədliyini açıq şəkildə bəyan edən də məhz İsa Qəmbərin müavini A.Hacılı olmuşdu. Bu baxımdan, onun həm Müsavat daxilində, həm də Müsavata qarşı qapalı düşmənçilik tərzi sərgiləyən AXCP-yə üsyan edəcək qüvvənin A.Hacılı olacağını istisna etmək olmaz.
Lakin bütün bunlara baxmayaraq, öz işini ehtiyatla görən başqan müavini hazırda ikitərəfli hücum mövqeyini quraraq, sadəcə, vaxtının çatmasını gözləyir. A.Hacılı hazırda planlarını qardaşı Mustafa Hacıbəyliyə təhkim edib. Yəni partiyadaxili və partiyaxarici ittiham və iradların səsləndirilməsi M.Hacıbəyliyə həvalə olunub. Çünki hələlik, bilavasitə kimlərisə ittiham edərək, nə isə demək A.Hacılıya baha başa otura bilər. Məhz bu baxımdan da işini ehtiyatla quran Müsavat yetkilisi sözdə guya İ.Qəmbərin müdafiəçisi rolunda çıxış edir. Bunu "Yeni Müsavat" qəztinin redaksiyasında düzənlənmiş debatdan da sezmək mümkündür.
İkibaşlı oyun
Belə ki, həmin debatda AXCP sədrinin müavini Həsən Kərimovla gərgin fikir mübadilələri aparan A.Hacılı hücumunu "cəbhə" sədri Əli Kərimliyə qarşı qurub. Bəri başdan qeyd edək ki, həmin müzakirədə iki fərqli fikirlər səsləndirilib və tərəflər arasında yekdil razılığa gəlinməyib. A.Hacılı İ.Qəmbərin namizədliyini irəli sürməsinə haqq qazandırıb. H.Kərimov isə A.Hacılının oyununa uyaraq, bəzi məsələlər həll olunmadan bunu doğru saymadığını, İ.Qəmbərin tələskənliyə yol verdiyini və Ə. Kərimlinin seçkini boykot edəcəyini istisna etmədiyini deyib.
Bununla da qarşı tərəfin atacağı addımlarını aydınlaşdıran A.Hacılı əmin olub ki, əgər Müsavat başqanlığına yiyələnmək imkanı əldə edərsə, Ə.Kərimli ona qarşı maneə rolunu oynaya bilməyəcək. Lakin məsələnin belə formada bitməsindən sonra, A.Hacılının qardaşı M.Hacıbəyli ona verilən tapşırığı yerinə yetirməyə başlayıb.
İsa Qəmbərin də ayağının altının qazılması istiqamətində işlər aparan qardaşlar belə qərara gəliblər ki, müxalifətin vahid namizədi olmayacaq
Plana əsasən, ilk növbədə, AXCP sədri Ə.Kərimlinin "vurularaq" çıxdaş edilməsi nəzərdə tutulub. M.Hacibəyli, Ə.Kərimlinin namizədliyini hər kəsdən öncə verdiyini deyib: "Həsən Kərimovun dediklərinə bir düzəliş etmək istəyirəm. İki ay öncə bu mövzuda ilk müsahibəni Əli Kərimli verib. Əli Kərimli "Amerikanın səsi" radiosuna müsahibəsində demişdi ki, vahid namizəd ola bilər. Amma vahid namizəd sözünü İsa bəy nə bundan öncə, nə də sonra işlətməyib. Sadəcə, prezident seçkilərində namizəd olacağını bildirib. Hesab edirik ki, bu, bütün seçkilərdə uğurlu nəticə göstərən Müsavat partiyasının haqqıdır".
Təbii ki, burada M.Hacıbəyli tərəfindən İ.Qəmbərin israrla "müdafiə" edilməsi hələlik A.Hacıyevə səmərə verir. Çünki yuxarıda vurğuladığımız kimi, A.Hacılı hazırladığı planına əsasən, ilk növbədə, Ə.Kərimliyə qarşı çıxmalıdır. Bu səbəbdən də, İ.Qəmbərin "müdafiə" edilməsi onun üçün labüddür. Amma eyni zamanda, İ.Qəmbərin də ayağının altının qazılması istiqamətində işlər aparan qardaşlar belə qərara gəliblər ki, müxalifətin vahid namizədi olmayacaq. Ona görə də M.Hacıbəyli İ.Qəmbəri "müdafiə" etsə də vahid namizəd məsələsini reallaşdırmağın mümkün olmadığnı söyləyib: "İctimai Palata" formal olaraq vahid namizəd məsələsində razılığa gəlsə belə, kənar namizədlər yenə olacaq. Onların hamısının geri çəkilməsi mümkün deyil. Bu səbəbdən, vahid namizəd məsələsində diskussiyaları artıq sayıram. Əli Kərimli bu açıqlamanı verəndə, biz tələskənlik kimi qiymətləndirməmişdik... Görünür, bu demokratik vərdişlərin olmamasından irəli gəlir. Siyasi partiyaya öz namizədini irəli sürməyi qadağan etməklə, necə demokratiya uğrunda mübarizə aparmaq olar?"
Belə bir məqamda bir daha vurğulamaq mümkündür ki, siyasi ambisiyalarını 2013-cü ilə kökləmiş ənənəvi müxalifət düşərgəsinin liderləri həmin seçkilərdə məğlubiyyətə uğramaqla yanaşı, partiyalar arasında və daxilində də ciddi korroziyalara məruz qalacaqlar.
RƏFİQƏ HÜSEYNOVA