Və ya son zamanlar Əli Kərimlinin həddini aşan addımlarına qarşı partiya daxilində başlanmış ciddi müqavimət daha da güclənir
Son günlər ərzində AXCP daxilində Əli Kərimlinin yarıtmaz rəhbərlik işi partiya daxilində ciddi qarşıdurmaların başlanmasına gətirib çıxarıb. Son həftələrdə sıravi üzvlərlə yanaşı, bütövlükdə, AXCP-nin rayon təşkilatlarının özünü bütünlüklə buraxması və istefa verməsi də deyilənlərə əyani sübutdur. Eyni zamanda, Əli Kərimlinin Əbülfəz Elçibəyin zəhərləndirilərək, öldürülməsində əlinin olması haqqında dəlillərin də çoxalması AXCP sədrinə qarşı müqaviməti daha da artırıb. Eləcə də, AXCP-nin "beşinci kolon"un Azərbaycandakı təmsilçisi kimi xarici qərəzli dairələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən daxili siyasətdə AXCP seytnot vəziyyətinə düşüb və bu fakt da partiyanın rəhbərliyi arasında parçalanmalara rəvac verib. Hətta bir ara Fuad Qəhrəmanlının 2013-cü il prezident seçkilərinə namizədliyini irəli sürmək haqqında düşünməsi onun Əli Kərimliyə meydan oxuması tək ekspertlər tərəfindən yorumlandı. Beləliklə də, AXCP daxilində gedən parçalanma prosesləri partiyada çaxnaşmaların olmasına işarə edir. Amma AXCP rəhbərliyi və "Azadlıq" qəzeti real vəziyyəti pərdələmək və bunu da cəbhəçilərin timsalında "qəhrəman" obrazları formalaşdırmaq istəyir.
AXCP-çilərin timsalında "qəhrəman" obrazı yaradılır
"Azadlıq" qəzeti son bir neçə yazıları ilə AXCP-nin müəyyən üzvlərinin timsalında "qəhrəman" obrazı yaratmaq cəhdlərini görürük. Bu məqamda, qeyd edək ki, əvvəllər Avropanın və ya ABŞ-ın, Kanadanın hansısa şəhərində yaşamağa qaçmaq üçün müxalifətçilər ya özlərinin başlarını bilərəkdən partladırdılar, ya da əllərini sındırırdılar. Bununla da, Azərbaycan ictimaiyyəti üçün bəlli olan ölkələrin səfirliklərinə müraciət edərək, məqsədlərinə çatmağı planlaşdırırlar. Bu gün də "Azadlıq" qəzeti Gözəl Bayramlının, Nürəddin Məmmədlinin, Fuad Qəhrəmanlının, Əbülfəz Qurbanlının və digərlərinin timsalında "qəhrəman" obrazı yaratmağa çalışır. Yəqin ki, AXCP rəhbərliyi artıq yalançı fikirlərin və şouların yersiz olduğunu və insanlarda yalnız ikrah hissi doğurduğunu özü üçün aydınlaşdırıb. Son aksiyalardan sonra da həm partiya daxilində istefaların, həm də vətəndaşların narahatlıqla bağlı müraciətlərinin artması AXCP-ni çıxılmaz vəziyyətə salıb.
Cəbhəçilərin aksiyalardakı aktyorluğu və şouları
Bu arada, təbii ki, cəbhəçilərin icazəsiz mitinqlər keçirməkdə olan maraqları və həmin aksiyalarda nümayiş etdirdikləri şoular haqqında da danışmaq lazımdır. Belə ki, radikal müxalifətin bir qanadı olan AXCP üzvləri anti-Azərbaycançı dairələrin qarşısında götürdükləri öhdəliklərə əsasən, müəyyən dövrdən bir daxildə həyəcan yarada biləcək aksiyaların keçirilməsini təşkil etməlidirlər. Təbii ki, bunun müqabilində də maliyyəsini alan cəbhəçilər həm də şou nümayiş etdirməlidir. Çünki onları dəstəkləyən qərəzli dairələrin Azərbaycandakı nümayəndələri icazəsiz aksiyanı lentə alır və xarici mətbuata əsası olmayan informasiyalar yayırlar. Yəni, məqsəd odur ki, "vəhşilik" səhnələri quraşdırsınlar və nümayiş etdirsinlər.
Bu oyunda, əlbəttə ki, müxalifətçilərin də aktyorluq qabiliyyəti əsas rol oynayır. Gözəl Bayramlı, Nürəddin Məmmədli kimi özünü yerə sürtmək, qolunu sarıyıb mətbuata çıxmaq, həmçinin, Şahvələd Çobanoğlu, Fuad Qəhrəmanlı kimi kənarda durmuş polislərə daş atmaq, onların üzərinə yerimək və bununla da polis məntəqəsinə getmək həmin şounun tərkib hissələridir. Yəni, məqsəd ondan ibarətdir ki, xarici qərəzli dairələrin Azərbaycana təzyiq etməsi üçün bəhanə vermək və bunu da sırf yalan üzərində qurmaqdır.
Əbülfəz Qurbanlı qız söhbətinə görə partiyanı tərk etmiş reneqatdır
Müxalifət mətbuatının son günlər ərzində daha bir siyasi əqidəsi bilinməyən birisi ətrafında təbliğata başlayıb. Bu, AXCP GT-nin sədri Əbülfəz Qurbanlıdır. "Azadlıq" qəzeti, AXCP sədrinin "dişsiz ahıla bənzəyən" və mətbuat katibi və digərləri Əbülfəz Qurbanlının da timsalında "qəhrəman" obrazı yaratmağa cəhd göstərir. Amma düşünmürlər ki, Azərbaycan ictimaiyyəti, xüsusilə də, gənclər Əbülfəz Qurbanlını qız söhbətinə görə partiyanı tərk etmiş reneqat kimi tanıyır.
Əlbəttə ki, əgər bir partiya daxilində siyasi əqidə və mövqe prinsiplərinə görə deyil, sırf şəxsi maraqlara əsasən saxta birlik səhnələri qurulursa, orada qəhrəmanlar yox, yalnız satqın dələduzlar yetişə bilər. Elə AXCP GT-nin sədri Əbülfəz Qurbanlı kimi.
Məlumat üçün bildirək ki, Əbülfəz Qurbanlı bir neçə ay öncə qız söhbətinə görə partiya sıralarını tərk etməsini sosial şəbəkədə paylaşmışdı. Lakin sonradan ictimaiyyətin AXCP haqqında daha fərqli düşünməsi nəticəsində reneqat yenidən partiya sıralarına qayıtmaqla bağlı bəyanat verdi.
Söyləmək istədiyimiz məqam ondan ibarətdir ki, Əbülfəz Qurbanlı kimi siyasi əqidəsi və mövqeyi bilinməyən birisi haqqında hansı dəyərlərə görə, "qəhrəman" obrazı yaradıla bilər? Qoy bu suala da elə onun özü cavab versin...
"Azadlığ"ın etirafı: Azərbaycan stabil ölkədir
Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, ictimaiyyətin düşüncəsində AXCP-çilərlə bağlı saxta imic formalaşdırmağa çalışan "Azadlıq" qəzeti hərdən ölkə ilə bağlı həqiqəti də yazmış olur və bu da diqqətdən qaçmır. Qəzet ötən saylarının birində yazır ki, Azərbaycanda stabil vəziyyət olduğundan hakimiyyət sərt vasitələrə əl ata bilmir. Bu, əslində, özülüyündə Azərbaycanda vəziyyətin hakimiyyət tərəfindən stabilləşdirilməsi və dövlətin inkişaf etdirilməsi deməkdir.
Azərbaycan 1993-cü ildən sonra dönməz inkişaf yoluna çıxıb, demokratik siyasi sistem formalaşdırılıb, insanların hüquq və azadlıqlarının qorunması istiqmətində ciddi addımlar atılıb, söz, fikir azadlığı və plüralizmi təmin edilib, vətəndaş cəmiyyətinin yaranmasına xidmət edən mühüm tədbirlər həyata keçirilib. Məhz bunların nəticəsidir ki, bu gün "Azadlıq" qəzeti belə özü etiraf edir ki, Azərbaycan stabil və inkişaf edən ölkədir, burada insanların hüquqları ali səviyyədə qorunur.
Nəhayət, torpaqları satanlara bir neçə söz...
Bu arada bir neçə söz də torpaqlarımızı satanlar haqqında danışmaq lazımdır. 1991-1992-ci illər ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi üçün şərait yaratmış AXC-Müsavat hakimiyyəti nədənsə, bu gün atdıqları satqın addımları başqalarının adına çıxmağa çalışır. Halbuki siyasi məqsədlər üçün Dağlıq Qarabağda vuruşmalı olan ordunu Bakıya yığmış AXC-Müsavat hakimiyyəti torpaqlarımızın işğal edilməsində birbaşa məsuliyyət daşıyır.
1993-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti nəticəsində mühüm hərbi əməliyyatlar həyata keçirildi, Ağdamın, Füzulinin böyük bir hissəsi düşmən işğalından azad edildi, Ermənistanın təcavüzünün qarşısı alındı. Bu gün də Onun əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Ermənistan tamamilə təcrid edilib, artıq təslim olma vəziyyətinə gətirilib.
Radikal müxalifət nə qədər inkar etsə də, bugünkü real vəziyyət bunlardan ibarətdir. Müxalifətin vəziyyətinə qalınca, yalnız bir şeyi demək olar ki, onların sıraları bundan sonra da seyrələcək.
"Səs" Analitik Qrupu