AXCP və Müsavat rəhbərliyi artıq bu quruma ötəri nəzərlərlə baxır
"İctimai Palata"nın ötən toplantılarından birində Müsavat partiyasının başqanı İsa Qəmbərin qarşıdan gələn prezident seçkilərində rəhbərlik etdiyi siyasi təşkilatın namizədi olaraq iştirak edəcəyini qəti şəklildə bəyan etməsi müxalifət qurum daxilində növbəti hərc-mərcliklərin baş verməsinə, gərginliyin yaşanmasına səbəb olub. Belə ki, Müsavatla yanaşı qurumu öz inhisarçılığında saxlayan AXCP rəhbərliyinin tapşırığına əsasən, bir sıra funksionerlər İ.Qəmbərin bəyanatını "tələskənlik" adlandırıblar. Artıq "cəbhə" sədri Əli Kərimli də İ.Qəmbərə cavab olaraq, heç bir güzəştə getməyəcəyini, onun namizədliyinə qarşı öz namizədliyini irəli sürəcəyini bəyan edib.
Asəf Quliyev: "Müxalifət düşərgəsi 1992-ci ildən etdiyi səhvləri növbəti dəfə təkrar etməyin astanasındadır"
Lakin "İctimai Palata"nın daxilindəki gərginliyin, İ.Qəmbərin məlum bəyanatından sonra ortaya çıxan yeni vəziyyətin doğuracağı fəsadlar "cəbhəçiləri" hələ də narahat etməkdədir. Ə.Kərimlinin yaxın tərəfdaşı, partiya sədrinin müavini Asəf Quliyev etiraf edir ki, müxalifət düşərgəsi 1992-ci ildən etdiyi səhvləri növbəti dəfə təkrar etməyin astanasındadır və prezident seçkilərinə bir neçə ay qalmış zamanda "palata"da prezidentliyə namizədliyin açıqlanması səhvlərin təkrarı kimi dəyərləndirilir: "Seçkiyə uzun müddət qalır. İndidən namizədliyin açıqlanması düzgün deyil. Əlbəttə, hər partiyanın öz mövqeyi var".
Digər məqamlar da üzə çıxmaqdadır...
Ə.Kərimlinin müavinin, inadlı fikirlərindən də göründüyü kimi, cəbhəçilər, xüsusən də, AXCP rəhbərliyi namizəd məsələsində İ.Qəmbərə güzəştə getmək barədə heç düşünmək belə istəmir. A.Quliyevin Müsavat partiyasının başqanı İ.Qəmbərin öz namizədliyini açıqladığı halda, siyasi təşkilatın bu məsələdə öz mövqeyini bildirmədiyini vurğulaması məsələnin digər məqamlarını üzə çıxarır. AXCP rəsmisi qeyd edib ki, "İctimai Palata" gələn ilin martına qədər namizədini müəyyənləşdirməməli, gözləmə mövqeyi tutmalıdır.
"İP"-də təmsil olunan AXCP rəsmilərinin, Müsavat yetkililərinin, habelə, AXP-nin funksionerlərinin, eləcə də, koordinasiya şurası üzvlərinin bir-birini təkzib edən ziddiyyətli açıqlamaları "İP"-in ömrünün mart ayınadək qaldığını deməyə əsas verir. Qeyd etdiyimiz kimi, qurum vahid namizədini onda müəyyənləşdirməlidir. Lakin AXCP sədrinin Müsavat başqanına, İ.Qəmbərin isə Ə.Kərimliyə güzəştə getmək niyyətində olmamaları, bunu müxtəlif səviyyələrdə açıqlamaları qurumun tezliklə dağılacağını göstərir. 2010-cu ilin parlament seçkilərində Milli Məclisə bircə yer belə qazana bilməmələri səbəbindən rüsvayçı məğlubiyyətlə üzləşən "cəbhəçilərlə" müsavatçılar artıq "İctimai Palata"ya ötəri qurum kimi baxırlar. Bu isə "palata"nın 2013-cü il seçkilərinə qədər ayaqda dura bilməyəcəyini indidən isbatlayır.
R.Hüseynova