Yarılan yeni qurum Müsavat və AXCP-nin müxalifətdə tək qüvvə olmadığını sübut edir
Müxalifət düşərgəsinin "lokomotivi" olduğunu iddia edən "İctimai Palata" düşərgədaxili mövqelərini itirməkdə davam edir. Belə ki, hələ bir neçə ay öncə düşərgənin digər qütbündə fəaliyyət göstərən müxalif siyasi partiyaların və siyasiləşmiş ictimai birliklərin "Məşvərət Məclisi" adlı qurumda cəm olmaları baş verənlərin ilkin mərhələsi idi. Qeyd edək ki, mitinq və aksiyaların keçirilməsi istiqamətində tək qüvvə olduqlarını bəyan edən "palata" yetkililərinin, xüsusilə, Müsavat və AXCP rəhbərliyinin həmin iddiaları da adıçəkilən "məclis" tərəfindən fiaskoya uğradıldı. Məhz belə bir məqamda düşərgədə daha bir blokun yaradılması istiqamətində aparılan işlər, demək olar ki, "İP"-i dalana sıxışdırmaqdadır.
Xatırladaq ki, bu günlərdə Vətəndaş və İnkişaf Partiyası (VİP) siyasi şurasının iclasında Ədalət və Yaşıllar partiyaları ilə birgə siyasi blokun yaradılması dəstəklənib. VİP-dən mətbuata verilən məlumata görə, partiya sədri Əli Əliyev siyasi blokun yaradılması istiqamətində Ədalət və Yaşıllar (AYP) partiyaları ilə aparılan danışıqlar haqqında məlumat verərək, nəzərdə tutulan blokun birgə hazırlanmış əsasnaməsini siyasi şuranın müzakirəsinə təqdim edib. Nəticədə, bu məsələ ətrafında fikirlərini bildirən siyasi şura üzvləri üçtərəfli danışıqların müsbət nəticələnməsini təqdir edərək, sözügedən sənədin əsasən qəbul olunmasına səs veriblər.
Əldə etdiyimiz məlumata görə, hazırda VİP-Ədalət-AYP arasında imzalanmış sazişlərdən biri də siyasi müstəvidə radikalizmdən imtina etməyi nəzərdə tutur. Eyni zamanda, müxalif mövqedə çıxış edəcək hər üç partiya "İctimai Palata"nın yürütdüyü siyasətin əksinə olaraq, daha sivil mübarizə metodundan istifadə edəcəklərini bəyan ediblər. Belə ki, həmin vasitə ilə sübut olunacaq ki, əslində, "İctimai Palata" müxalifətin aparıcı qüvvəsi olmamaqla yanaşı, orada fəaliyyət göstərən Müsavat və AXCP rəhbəriyinin inhisarçılıq fəaliyyəti bütövlükdə müxalifəti məğlub duruma doğru sürükləyir. Qeyd edək ki, yaradılan yeni blokun bugünlərdə "İctimai Palata"ya və "Məşvərət məclisi"nə müraciəti də hazırlanaraq, həmin qurumlara təqdim olunacaq.
RÖVŞƏN