AMİP-in də digər müxalifət partiyaları kimi seçkiyə ayrılıqda qatılacağı gözlənilir
Müxalifət partiyalarının 2013-cü il seçkilərinə vahid namizəd kimi getməyəcəkləri artıq indidən məlumdur. O da bəllidir ki, qarşıdan gələn seçkilərdə iştirak edəcəklərini bəyan edən hər bir namizəd digər partiylardan olan namizədləri müxalifətin birliyinə əngəl olmaqda ittihamlandırırlar. Belə bir ərəfədə AMİP-in də öz namizədini irəli sürəcəyini elan etməsi onsuz da gərginlik içində çabalayan müxaıifət düşərgəsinin vəziyyətini daha da qəlizləşdirib. Belə ki, milli istiqlalçıların sədri Yusif Bağırzadə informasiya agentliklərinin birinə verdiyi açıqlamasında bildirib ki, onların hazırkı məqsədləri partiyanın lideri Etibar Məmmədovu razılığa gətirməkdən ibarətdir.
İttihamlara qarşı adekvat ittihamlar
AMİP-in 2013-cü ilin fevralında qurultay keçirəcəyini deyən Y.Bağırzadə müxalifətin digər qütbü tərəfindən irəli sürülən ittihamlarını da cavabsız qoymayıb. Xatırladaq ki, ötən günlərdə ADP sədri S.Cəlaloğlu müxalifətin birliyə nail olmamasının əsas baiskarının E.Məmmədov olduğunu bildirib: "Son 20 ildə vahid namizədlə iştirak etməməyin özəl səbəbləri var. 1998-ci ildə Etibar Məmmədov seçkiyə getdi və imkan vermədi ki, hamı birlikdə seçkini boykot etsin. 2003-cü ildə Etibar Məmmədovla İsa Qəmbər dil tapa bilməyib seçkiyə ayrı-ayrılıqda getdilər. İndi də İsa Qəmbər deyir ki, mən ayrı gedirəm, başqaları da ayrı getsin. Sanki bir qüvvə var və o, istəyir ki, müxalifət seçkiyə birlikdə getməsin".
Ancaq ADP sədrinin ittihamlarına cavab gecikməyib. Verilən cavabdan da görünür ki, AMİP tərəfi müxalifətin birləşə bilməməsində bütövlükdə düşərgənin özünün günahkar olmasını demək istəyir: "Artıq Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP lideri Rəsul Quliyev seçkilərdə namizədliklərini irəli sürəcəklərini bəyan edib. ALP sədri Əvəz Temirxan bidirib ki, partiyanın lideri Lalə Şövkət vahid namizəd kimi ən layiqli siyasətçidir..."
Bu arada digər AMİP səlahiyyətlisi Rəşad Bayramov da bildirib ki AMİP öz namizədi olaraq Etibar Məmmədovu görür: "İndiyədək namizədliyin irəli sürülməməsi partiya funksionerlərinin bu məsələdə hər hansı tərəddüdünün olması ilə bağlı deyil. Müsavatçılar İ.Qəmbərin, "cəbhəçilər" Ə.Kərimlinin namizədliyini görmək istəyirsə, AMİP-çilər də E.Məmmədovun namizədliyini dəstəkləmək istəyir".
Etibar Məmmədov da Sərdar Cəlaloğlunun cavabını verdi: "Mən 2005-ci ildən fəaliyyət göstərmirəm, bəs indi niyə birləşmirlər?"
Bu arada ADP sədrinin suçlamalarına AMİP lideri E.Məmmədov da münasibətini açıqlayıb.O, S.Cəlaoğlunun fikirlərini absurd adlandırıb və deyib ki, həmin iddiaya münasibət bildirməyə həvəsi olmasa da kiçik nüansı xatırlatmaq məcburiyyətindədir: "Mən 2005-ci ildən bu yana qədər olan dövrdə fəaliyyət göstərmirəm. Bəs indi niyə birləşmirlər? Mən bilmirəm, niyə birləşmirlər.
...Ona görə də bu mövzuda danışmağa ehtiyac yoxdur. 2005-ci ildən sonrakı dövrdə bunlara kifayət qədər meydan verilib".
Artıq gördüyümüz kimi, AMİP sədri Y.Bağırzadənin qurultay barədə dedikləri fikirlərlə yanaşı E.Məmmədovun da iddialı açıqlama verməsi partiya liderinin yenidən müxalifət düşərgəsi üçün başağrısına çevriləcəyindən xəbər verir. Daha dəqiq desək, E.Məmmədov amili yenidən müxalifət düşərgəsinin bütün qütblərini bir-birinə vurmaq ərəfəsindədir.
R.NURƏDDİNOĞLU