Qəzet rəhbərliyinin "mövzu qapatmaq" qərarı daha bir faktı ortaya çıxardı
Artıq bir neçə gündür ki, müxalifət düşərgəsinin, eləcə də, düşərgədə iki inhisarçı siyasi partiyanın mövqelərini müdafiə edən "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında gedən çarpışma səngimək bilmir. Belə ki, tanınmış iş adamının hər iki qəzetə qarşı qaldırdığı məhkəmə iddiasından sonra məhkəmə tərəfindən çıxarılan hökmün icara edilməsi bir tərəfin - yəni "Yeni Müsavat" rəhbərliyinin "Azadlıq" qəzetinə qarşı sərt çıxışları ilə yadda qaldı. Xatırladaq ki, məhkəmənin çıxardığı hökmün icrası "cəbhə" qəzeti tərəfindən yerinə yetirildikdən sonra, daha dəqiq desək, təkzib verilərkən, Müsavata yaxınlığı ilə seçilən mətbu orqan "Azadlığ"ı qorxaqlıqda və xəyanətdə ittiham etmişdi. "Yeni Müsavat" "Azadlığ"ın bu hərəkətini həmkarlarının onları yarıyolda qoyması kimi qiymətləndirmiş və hər iki qəzet arasında qarşılıqlı söz atışmalarına start verilmişdi. "Azadlığ"ın şücaəti" adlı yazıda qəzet rəhbərliyi daha sanballı və ciddi izahat, yaxud cavab gözlədiyini yazmaqla yanaşı, qarşı tərəfi qərəz xəstəliyinə bulaşdığını da vurğulamışdı: "Əsas məsələ qalıb bir kənarda, qəzeti qorumaq üçün üzr istəməyin vacibliyi haqda mülahizə yürüdülüb... Amma göründüyü kimi, qərəz çox pis xəstəlikdir. Aci şəfalar..."
"Azadlıq" qəzetinin rəhbərliyi isə, öz növbəsində, "Yeni Müsavat" redaktorluğunu bu əsəbi olmaqda suçlayaraq vaxtilə onların da təkzib verdiklərini xatırlatmış, eyni zamanda, hər iki mətbu orqan arasında fikir ayrılıqlarının da olduğunu istisna etməyib: "Bizim aramızda zaman-zaman belə fikir ayrılıqları olub... Çünki bir neçə il əvvəl onlar da belə məsələ ilə üzləşmişdilər və təkzib vermək məcburiyyətində qaldılar. Onların da sabah yenidən bu situasiyaya düşəcəyi istisna deyil".
Baş verənlər, əslində, iki "liderin" mübarizəsi kimi də anlaşla bilər
Yuxarıda qeyd etdiyimiz kimi, "Azadlıq" qəzeti rəhbərliyinin bəzi hallarda fikir ayrılığının olması haqqında irəli sürdüyü reallıqlar boşdan yaranmış ifadə deyil. Nəzərə alsaq ki, adıçəkilən qəzetin qeyri-rəsmi rəhbəri məhz AXCP sədri Əli Kərimlidir, bu zaman nəyin-necə olduğunu da uzun - uzadı sübut etməyə ehtiyac qalmır. Yəni "Azadlıq" qəzetinin məhkəmənin çıxardığı qərarı yerinə yeriməsi, yazdığı qərəz və şantaj yazılarına görə təkzib verməsi bilavasitə Ə.Kərimlinin tapşırığıdır. O, qarşıdan gələn 2013-cü il seçkiləri ərəfəsində ciddi problemlərdən uzaq olması üçün "Azadlığ"ı təkzib verməyə çağırıb. Qəzet redaktorluğu isə onun bu çağırışını qeyd-şərtsiz icra edib.
Əlbəttə ki, "Yeni Müsavat" qəzetində kifayət qədər təbliğ olunan Müsavat başqanı İsa Qəmbərin də yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etməsini istisna etmək olmaz. Çünki "Azadlıq" təkzib verdikdən dərhal sonra, "Yeni Müsavat"ın hücuma keçməsi də həmin amil əsasındadır.
Düzdür, sözügedən qarşıdurmalarda hər iki partiya sədri bilavasitə münasibət bildirməsələr də, onlar 2013-cü il seçkilərində əsas namizədliklərini təsdiq etməkdən ötrü inhisarlarında saxladıqları "İctimai Palata"dakı mövqelərini möhkəmləndirmək istiqamətində həmin situasiyadan yararlanmağa səy göstərirlər. Belə bir məqamda iki media təmsilçisinin - "Yeni Müsavat" və "Azadlığ"ın söz davalarını həm də Ə.Kərimlinin və İ.Qəmbərin siyasi iddialarına hesablanmış savaşları kimi təqdim etmək olar.
"Atəşkəsin" əsas səbəbləri
Bu ərəfədə "Yeni Müsavat" rəhbərliyi sözügedən mövzunu qapatdığını elan edib. Ancaq həmin mövzunun bağlanmasını "Azadlıq" qəzeti ilə əlaqələndirən baş redaktorluq bu qərara qarşı tərəfin müraciəti əsasında gəldiyini bəyan edib. Lakin mövzu ətrafında daha bir təhlilə vararaq, belə qənaətə gəlmək mümkündür ki, əslində, "Yeni Müsavat"ın geri çəkilməsi müxalifətin ciddi fəsadlar astanasında dayanmasının sübutudur. Çünki həm AXCP-nin, həm də Müsavatın azsaylı elektoratının yaxşı xəbərləri var ki, hər iki partiya arasında ciddi uçurum mövcuddur. Belə bir məqamda, həm də adıçəkilən partiyaların mətbu orqanları rolunu oynayan "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin qarşılıqlı savaşlara getməsi bütövlükdə onların siyasi məhvini sürətləndirə bilər. Bu səbəbdən də "atəşkəsin" elan olunması ən düzgün variant olardı ki, bu addım da atıldı. Amma bütün bunlara baxmayaraq, seçkilər ərəfəsində bir-birlərinin günahlarını daha qabarıq şəkildə üzə çıxaracaq hər iki tərəf bir-birilərinə qarşı daha ağır savaşlara hazırlıq gördüklərini gizlədə bilmirlər.
RÖVŞƏN RƏSULOV