Qərarın reallaşdırılması istiqamətində işlər aparılmaqdadır
Son günlər baş verən proseslərin məntiqi nəticəsində onu başa düşmək olar ki, Müsavata qarşı daha bir alternativ siyasi təşkilat yaradılmaq üzrədir. Məlumdur ik, hazırda bu ad altında iki partiya - İsa Qəmbərin başqanı olduğu Müsavat və sonralar ondan ayrılaraq Hafiz Hacıyevin rəhbərliyi ilə ayrıca fəaliyyət göstərməyə başlayan Müasir Müsavat partiyalarıdır. Bu günlərdə isə ictimai birlik adı altnda siyasi fəaliyyətlə məşğul olan daha bir təşkilat Müsavat adına sahib çıxacağını rəsmən bəyan edib. Həmin bəyanatda deyilir ki, Müsavat partiyasına alternativ, eləcə də, əvəzedici siyasi təşkilat yaradlır.
"Bu Müsavat, o Müsavat deyil" şüarı ilə çıxış edən alternativçilər atdıqları addımlarının ciddiliyi barədə öz bəyanatlarında bildirirlər ki, 1920-ci ildə siyasi fəaliyyətini dayandırmağa məcbur olmuş tarixi Müsavat partiyasının bugünkü "müsavatçılarla" heç bir əlaqəsi yoxdur. Maraqlı məqamlardan biri də odur ki, həmin iddia məhz AXCP daxilində fəaliyyət göstərən ictimai birlik tərəfindən irəli sürülüb. Məsələ ondadır ki, sözügedən ideyanı AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən "Qərbi Azərbaycana Qayıdış Birliyi"nin sədri İxtiyar Abdal tərəfindən irəli sürülüb. O, müraciət edərək bildirib ki, Müsavat partiyasının davamı olaraq, "Birlik-Bərabərlik Partiyası"nın yaradılmasına ehtiyac var: "Çox vətəndaşlarımız var ki, ataları-babaları tarixi Müsavat partiyasının qurulmasında, müstəqilliyimizin yaranması yolunda canlarından keçiblər, ata-babalarının yolunu fəxrlə davam etdirmək istəsələr də, hal-hazırda Müsavat adından çıxış edənlərin yanında olmaq istəmirlər".
Onun sözlərinə görə, Müsavat partiyası yenilənməli, təkmilləşdirilməlidir: Bu gün Müsavat partiyasının adından danışanlar xalqımızın birliyinə nail ola bilmədilər və layiq olduğu zirvəyə qaldırmadılar. Səbəblərdən biri də budur ki, rəqib gördükləri insanları müxtəlif bəhanələrlə, böhtanlar atmaqla kənarlaşdıraraq birliyə mane oldular. Bu səbəbdən, hesab edirəm ki, Müsavat partiyası yenilənməlidir, təkmilləşdirilməlidir".
Bütün bunlar onu deməyə əsas verir ki, 2013-cü il seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifət partiyaları arasında, xüsusilə, Əli Kərimli ilə İsa Qəmbər arasında baş verən qarşıdurmalar bu cür hadisələrin yaranmasına şərait yaradacaq. Bir tərəfdən, "İctimai Palata"da inhisarçılıq mövqeyinin daha çox əldə saxlanılması istiqamətində aparılan qarşılıqlı barışmaz savaşlar, digər tərəfdən, post seçki mübarizəsi onsuz da normal dayaqları olmayan dağıdıcı müxalifətin daha da sarsılmasına kifayət qədər şərait yaradır. Bu baxımdan, Müsavat partiyasına qarşı etimadsızlıq məsələsinin anidən qaldırılması, xüsusilə, AXCP tərəfindən həmin addımın atılması arxasında məhz bu kimi amillərin dayanmasını görə bilərik. Bu amili AXCP-nin mətbuat orqanının yazarı Xaliq Bahadırın da dediklərindən sezmək mümkündür. Məsələ ilə bağlı "Azadlıq" qəzetinin yazarı X.Bahadır münasibətini açıqlayarkən, deyib ki, İ.Qəmbərin Müsavatı M.Ə.Rəsulzadənin Müsavatı deyil: "Bugünkü Müsavat o Müsavat deyil, bunu hamı biryolluq başa düşməli, 20 ildən bəri Müsavat adıyla xalqla alver eləyənləri tanımalıdır".
R.Hüseynova