PDF Oxu

Müxalifət

  • 31

Eldar Namazovun planı işinə yaradı

AXCP və Müsavat rəhbərliyi kənara sıxışdırılır

Eldar Namazovun planı işinə yaradı

"İctimai Palata"da vahid namizəd problemi çözülməmiş, müxalifət "liderlərinin" qarşılarına çıxmış daha bir sədd bu onların bu yolda aparılan işlərinə ciddi baryer rolunu oynamağa başlayıb. Eyni zamanda, onu da demək mümkündür ki, qurumu inhisarlarında saxlayan AXCP və Müsavat rəhbərliyi, əslində, son ana qədər vahid namizədliyin başqa fərd üzərində dayanacağına elə də ciddi baxmırdılar. Məhz ona görə də hər iki partiya sədri demokratiya pərdəsi altında "palata"nın keçirdiyi toplantılarında vahid namizəd kimi başqa şəxslərin də olacağı ehtimalını vurğulayırdılar. Baxmayaraq ki, ötən günlərdə hər iki "lider" vahid, ya da əsas namizəd kimi özlərindən başqa heç kimi görmədiklərini də iddia edirdilər. Daha dəqiq desək, vahid namizədin "Ziyalılar Forumu"ndan, eləcə də, digər siyasiləşmiş ictimai birıliklərdən seçilə biləcəyini mətbuat vasitəsilə yaxın ətraflarına dedizdirən AXCP və Müsavat rəhbərliyi başqa tərəfdən, öz iddiaları üzərində gizli işlər aparmaqda davam edirdilər. Amma sözügedən məsələnin reallaşması, yəni həmin namizədin həqiqətən də kənardan seçilə bilməsi ehtimalının yüksəlməsi hər iki "lideri" - Əli Kərimlini və İsa Qəmbəri kənara sıxışdırmaqdadır.

"Ziyalılar Forumu"nun məlum bəyanatı qurumun ambisioz siyasi iddiaları ilə bağlıdır

Belə ki, hazırda müxalifətyönlü mətbuatda Eldar Namazov amilinin daha qabarıq fonda təbliğ olunması onsuz da post-seçki qabağı yaxşı təsir bağışlamayan düşərgənin vəziyyətini daha qəliz duruma sürükləməkdədir. Cəmiyyətdə reneqatlar toplumu kimi də tanınan "Ziyalılar Forumu"nun üzvü, eyni zamanda, "Azərbaycan Naiminə İctimai Forum"unun ("ANİF") prezidenti kimi fəaliyyət göstərən E.Namazovun birdən-birə vahid namizəd mövzusunda hər iki "lideri" üstələməsi də, deməyə əsas verir ki, əslində, cərəyan edən hadisələr planlı şəkildə, daha öncədən müəyyənləşdirilib.

Artıq o da bəllidir ki, E.Namazov seçkilərdə öz namizədliyini irəli sürmək iddiasını ortaya qoyub. Və bu yerdə sual yaranır ki, nəyə gösrə məhz E.Namazov? Axı onunla yanaşı "Ziyalılar Forumu"nda adları tez-tez hallandırılan digər reneqatlar - Rüstəm İbrahimbəyov, Rafiq Əliyev kimi adamların da vahid namizəd ola bilmək ehtimalları haqqında müxtəlif fikirlər irəli sürülürdü. Həmin suala cavab axtarmaq üçün isə elə də uzağa getmək lazım deyil.

Məsələ ondadır ki, Rusiyada yaradılmış "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" ("RATİ") də ən çox R.İbrahimbəyovun üzərində dayanırdı. Ancaq adıçəkilən quruma daxil olan bəzi şəxslərin E.Namazovu müdafiə edəcəyi gözlənilir. Ancaq onu da qeyd edək ki, "Ziyalılar Forumu" siyasi proseslərə qatılmadığını iddia etsə də, qurumun yaydığı sonuncu bəyanat siyasi xarakterli olub. Yəni "forum" 2013-cü il prezident seçkiləri haqqında siyasi motiv qatıla biləcək "tezislərlə" çıxış edib. Hətta həmin bəyanatı AXCP və Müsavat partiyalarının rəhbərlikləri də dəstəkləmişdi. Ancaq sonradan bəlli oldu ki, məlum bəyanat ümummüxalifəti dəstəkləmək anlamında deyil, məhz qurumun ambisioz siyasi iddiaları ilə əlaqəlidir. Əldə etdiyimiz informasiyaya görə, artıq adıçəkilən qurum 2013-cü il prezident seçkilərinə hazırlaşmağa başlayıb. Bununla bağlı daha bir bəyanat hazırlanır və həmin bəyanatda açıq şəkildə bildiriləcək ki, müxalif siyasi düşərgədə ən ciddi qurum "Ziyalılar Forumu"dur və ondan kənarda olan siyasi təşkilatların proseslərə təsir imkanı əhəmiyyətli dərəcədə məhduddur. Məlumatda o da bildirilir ki, guya R.İbrahimbəyovun 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürüləcəyi haqda yayılan xəbərlər heç bir reallığı əks etdirmir və qurumun namizədi "ANİF"-in prezidenti E.Namazov olacaq.

Yaranmış ciddi fikir ayrılığı Eldar Namazov üçün problem yaratmır

Qurumun bu qədər iddialı tonda bəyanatlar səsləndirməsinin arxasında, əlbəttə ki, maliyyə təminatının da dayanmasını qeyd etmək mümkündür. Yuxarıda bildirdiyimiz kimi, E.Namazovun "RATİ" tərəfindən dəstəklənməsi ənənəvi müxalifətdə ciddi fikir ayrılığının olmasına kifayət qədər dəlalət edir. Bu xüsusda AXCP və Müsavat rəhbərliyinin yenidən üzü Qərbə tərəf baxmalarını da vurğulamaq lazımdır. Belə ki, İ.Qəmbərin və A.Hacılının Avropa və Qərb siyasi dairələrinə bel bağlamaları, edilən mütəmadi səfərlər, Ə.Kərilmilnin xarici səfirliklərin diplomatik korpus nümayəndələri ilə mütəmadi görüşləri də deməyə əsas verir ki, artıq, onların "RATİ"-dən əlləri tamamilə üzülüb. Bu faktı partiyalara yaxın mətbuat səhifələrindən də görmək mümkündür. "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin "RATİ"-də gedən parçalanma haqqında müxtəlif səpgili fikirlərə yer ayırmaları və başqa bu kimi amillər ənənəvi müxalifət düşərgəsinin "liderləri" ilə "Ziyalılar Forumu" arasında dərin uçurumun olmasından xəbər verir. Bir sözlə, hazırda müxalif baxışlı siyasi dairələr arasında yaşanan parçalanmanın növbəti mərhələsi də start götürüb ki, bu fürsətdən yararlanmağa nail olmuş E.Namazov hələ ki, burada "lider" olaraq görünməkdədir. Kənara sıxışdırılmış Ə.Kərimli və İ.Qəmbər isə onun önünə keçməkdən ötrü yeni planlar qurmaq fikrindədirlər. Və əgər vaxt qıtlığına da nəzər salsaq, nəticə çıxara bilərik ki, E.Namazovun üzə çıxmış gizli planları, ənənəvi müxalifət "liderlərinin" ilinici plana keçmələri, hələ ki, onun yoluna yaşıl işıq yandırıb. Ona görə də yaranmış ciddi fikir ayrılıqları onun üçün heç bir problem yaratmır. Əlbəttə ki, maliyyə tərəfdən...

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər