Mais Səfərli: "İcazəsiz aksiyalar keçirməklə müsbətə doğru heç bir nəticəyə nail olmaq mümkün deyil"
Hər dəfə dağıdıcı müxalifət icazəsiz aksiyalar keçirməklə cəmiyyəti özünə bir daha güldürür. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur ki, onların keçirdikləri aksiyalara müsbət yanaşsınlar. Səmərəsiz fəaliyyət göstərən müxalifət düşərgəsini təmsil edən qüvvələr yenidən icazəsiz aksiyalar keçirmək istəyinə düşüblər.
Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirdi ki, ölkədə aksiya keçirmək hər bir partiyanın, təşkilatın və vətəndaşın hüququdur. Amma burada söhbət icazəli aksiyaların keçirilməsindən gedir. Müxalifət qüvvələri bu cür icazəsiz aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyirlər: "Əgər ölkədə normal şəkildə icazəli aksiyalar keçirmək istəyən hər hansı qüvvələr varsa, onda həmin qüvvələr Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etməlidirlər. Bakı şəhəri İcra Hakimiyyətinin də ayırdığı yerlərdə həmin qüvvələr aksiyalarını keçirə bilərlər. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən müxalifət təmsilçiləri belə icazəsiz aksiyalar keçirməklə müsbətə doğru heç bir nəticəyə nail ola bilməzlər. Çünki müxalifətin böyük sayda dəstəkləyən şəxslər yoxdur ki, onlar icazəsiz aksiyalardan gözlədikləri nəticəni ala bilsinlər. Ona görə də, müxalifətin yetərli qüvvəsi və gücü olmadığı üçün onlar çalışırlar ki, şəhərin gür yerində, yəni əhalinin sıx olduğu yerlərdə özlərinin 10-15 nəfərdən ibarət olan qüvvələri ilə icazəsiz aksiyalarını keçirsinlər. Bununla da müxalifətçilər aksiyalar keçirdiyini zənn edirlər". Partiya sədri tövsiyyə xarakterli bildirdi ki, müxalifətçilər başa düşməlidirlər ki, ölkədə icazəsiz aksiyaların keçirilməsi şəhər sakinlərini həm narahatlığını pozur, həm də ciddi şəkildə narahat edir. Müxalifət özlərinin partiya maraqlarına görə, ölkə vətəndaşlarının narahatlığını poza bilməz. Ona görə də, müxalifət icazəsiz aksiyalar keçirməkdən əl çəkməlidir.
"Müxalifət təmsilçiləri ölkəmizdə xarici qüvvələrin tapşırıqlarını həyata keçirdiyini demək olarmı" sualına aydınlıq gətirən M.Səfərli bildirdi ki, bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr çoxluq təşkil edir. Müxalifət qüvvələri tərəfindən bu cür icazəsiz aksiyaların keçirilməsi xarici qüvvələrin maraqında irəli gəlir. Özünü müxalifət lideri hesab edən şəxslər düşünməlidirlər ki, onlar tərəfindən keçirilən icazəsiz aksiyalar yaxşı bir hal deyil. Ölkədə hər hansı bir xoşagəlməz vəziyyət yaranarsa bu xarici qüvvələrin dərmanına su tökmək deməkdir.
GÜLYANƏ