AXCP israr edir, Müsavat isə "yox" deyir
Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində müxalif qüvvələrin "vahid namizəd"inin kim olması məsələsi destruktiv düşərgədə gündəmi zəbt edən əsas mövzulardandır. Ötən parlament seçkilərində olduğu kimi, bu dəfə də bu mövzunu israrla qabardan, gündəmə gətirən AXCP sədri Əli Kərimlidir. Diqqəti çəkən odur ki, onun digər rəqibi, Müsavat başqanı İsa Qəmbər "vahid namizəd"in müəyyənləşdirilməsini gözləmədən seçkilərdə iştirak edəcəyini dəfələrlə vurğuladığı halda, o, dönə-dönə israr edir.
Primitiv siyasi oyunlar...
Və ya uğursuz praymeriz təcrübəsi
Müxtəlif fikirlərlə, ziddiyyətli arqumentlərlə diqqəti bu mövzuya yönəltməyə çalışır, "vahid namizəd"in praymeriz keçirilərək müəyyənləşdirilməsini təklif edir. Başqa sözlə, bu şəxs əslində, süni şəkildə yaratdığı və qabartdığı bu problemin həllindən ötrü müxalif düşərgəni əhatə edən "erkən seçki" keçirilməsini istəyir. Əvvəlcə müxalif düşərgənin destruktiv qanadının cəmləşdiyi "İctimai Palata" səviyyəsində həyata keçirə bilmədiyi təşəbbüsü indi bütün müxalifət çevrəsində gerçəkləşdirməyə çalışır. Doğrudur, bu düşərgədə "vahid namizəd" xiffəti çəkən yalnız o deyil. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu da "İP"-in bununla bağlı razılığa gələ bilməməsindən məyus və narazı görünür, buna görə İ.Qəmbərlə Ə.Kərimlini ittiham edir.
Əslində, müxalifət düşərgəsində müəyyən vaxtlarda praymeriz keçirmək cəhdləri olub, lakin belə cəhdlər primitiv siyasi oyunlar müqabilində həmişə uğursuzluqla, siyasi rüsvayçılıqla nəticələnib. Məsələn, 2000-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat öz namizədlərinin siyahısını partiyadaxili "erkən seçki"ylə müəyyənləşdirməyə cəhd göstərmişdi. Lakin Müsavatın üzdə olan, ən fəal üzvləri belə nəticələrin saxtalaşdırılmasından, əksər sıravi müsavatçıların rəğbət bəslədikləri şəxslərin adının siyahıdan çıxarılmasından və ya yerlərinin dəyişdirilərək ehtiyat siyahıya salınmasından ciddi şəklidə narazı qalmışdılar. Hətta bu müxalif qurumun əsas təbliğatçısı sayılan Rauf Arifoğlu belə baş verənləri aşkar haqsızlıq kimi dəyərləndirərək, "mənə qarşı əclafcasına davranıblar" söyləmişdi.
Mənfi imicli AXCP sədri...
Əli Kərimlinin dəstəklədiyi istənilən namizəd qazandıqlarını belə itirir
Bu mənada, Ə.Kərimlinin "vahid namizəd" məsələsində belə israrlı görünməsi heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, bütün iddialarına, fərdi-korporativ maraqlarına görə, aşkar sazişçilik nümayiş etdirməsinə rəğmən, bu şəxs heç bir halda müxalifətin "vahid namizəd"i ola bilməyəcək. Digər tərəfdən, 2003-cü ilin prezident seçkilərinə onun o vaxtkı AMİP sədri Etibar Məmmədovu dəstəkləməsi müqabilində sonuncu adıçəkilən şəxs 1998-ci il seçkiləri ilə müqayisədə 4 dəfə az, cəmi 2,7 faiz səs toplaya bilmişdi. Bu, onu göstərir ki, Ə.Kərimlinin imici, əslində, həddən artıq mənfidir, reytingi isə, ən yaxşı halda sıfır həddindədir.
Belə görünür ki, o, əslində, seçkiyə getmək niyyətində deyil. Sadəcə, indiki məqamda "vahid namizəd" mövzusunu qabartmaqla müxalifət təmsilçiləri, xüsusən, vaxtaşırı AXCP-ni Müsavata qatmağa çalışan İ.Qəmbərlə alver etməyə çalışır. Hər necə olsa, onun belə alış-verişdə böyük təcrübəsi, səriştəsi var. Digər tərəfdən, siyasi qurumların palitrasının rəngarəng olduğunu nəzərə alsaq, bu iki şəxsdən heç birini müxalifətin "vahid namizəd"i ola bilməyəcəyi bəlli olur. Doğrudur, Müsavat başqanı az-çox reallığı nəzərə alaraq, "vahid namizəd"dən deyil, müxalifətin əsas namizədinin müəyyənləşdirilməsi zərurətindən danışır. Lakin məntiqi cəhətdən bu fikrin də absurd olduğu, daha çox siyasi ajiotaj yaratmağa hesablandığı aşkar sezilir. Çünki müxalif düşərgədə iddialı partiya sədrlərinin sayı yetərincədir və onların heç biri özünü qeyri-əsas namizəd qismində görmür.
Razılığa gələ bilməyənlər
Təbii ki, "müxalifətin vahid namizədi" deyəndə həm AXCP, həm də Müsavat mənsubları, ilk növbədə, destrutiv müxalif qurumların cəmləşdiyi "İctimai Palata"nın şərti ortaq namizədini nəzərdə tuturlar. İ.Qəmbərin "İP"-də aparılan müzakirələrə baxmayaraq, kiminsə xeyrinə geri çəkilməyəcəyini bəyan etməsi Ə.Kərimlini gerçəkdən mürəkkəb, çıxılmaz duruma salıb. Başqa sözlə, Müsavat başqanı AXCP sədrinə bu dəfə də kələk gəlməyi bacarıb. Yaranan fikir ayrılığı və ziddiyyətlər çərçivəsində "İP" tərəfindən prezidentliyə namizədin kim olacağı, ümumiyyətlə, əslində, antikonstitusion mahiyyət daşıyan bu qurumun özünün mövcudluğu belə sual doğurur.
"İP"-də yaranan bu qütbləşmənin mahiyyəti heç kəsə sirr deyil. Belə ki, müsavatçılar bu qurumun adından İ.Qəmbərin, AXCP-də olanlar isə Ə.Kərimlinin namizədliyinin irəli sürülməsini istəyirlər. "İP" üzvlərinin bir hissəsi isə son olayların təsiri altında, ümumiyyətlə, sözügedən qurumda vahid namizəd məsələsinin gündəmdə olmadığını vurğulayırlar, "İP"-in 2013-cü il seçkiləri üçün yaradılan birlik olmadığı bildirirlər. Digər tərəfdən, namizəd məsələsində İ.Qəmbərin və Ə.Kərimlinin bir-birinə güzəştə getməyəcəyini söyləyənlər də mövcuddur. Buna baxmayaraq, AXCP sədri, hələ ki, güzəştə daha çox meyilli olan şəxs kimi davranır, ən azı, özünü belə göstərməyə çalışır. Bu halda vahid namizədi müəyyən etmək üçün praymeriz keçirilməsi təklifi də verilib. İ.Qəmbərin bu təklifə razı olmamasının səbəblərindən biri də bu praymerizin nəticəsində özünün qutudan çıxmaması ehtimalıdır.
"İP"-də alternativ axtarışı
Nə İsa, nə Əli, üçüncü şəxs
Bu səbəbdən, əllərini həm İ.Qəmbərdən, həm də Ə.Kərimlidən üzən "İP"-in bir qrup üzvü digər şəxslərin, "İP"-dən kənarda olan bir şəxsin vahid namizədliyinin dəstəklənməsi təklifini irəli sürürlər. Bu sırada potensial namizədlərdən biri kimi, Rafiq Əliyevin, "Turan" İA-nın direktoru Mehman Əliyevin, internet sorğusunda digər müxalif partiya sədrlərini qabaqlamış VİP sədri Əli Əliyevin adı çəkilir. Maraqlıdır ki, VİP sədri internet sorğusunda birincilik qazanmasını müxalif düşərdəgə yeni qüvvələr axtarışı, köhnə partiya sədrlərinin getdikcə nüfuzdan düşməsi ilə izah edir. R.Əliyev isə "İP"-i bir qədər intizarda saxlamağa çalışaraq, vahid namizədlik təklifinə nə "hə", nə "yox" cavabı veməyə tələsmir.
Bir müddət öncə, "vahid namizəd" mövzusunda müzakirələrin baş tutmamasına görə, İ.Qəmbəri günahkar sayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu indi tamam fərqli mövqe nümayiş etdirir. O, 2013-cü ildə keçiriləcək prezident seçkilərində İ.Qəmbərin vahid namizəd kimi irəli sürülməsi ehtimalını birmənalı şəkildə rədd edir: "İ.Qəmbər bir neçə dəfə namizəd kimi çıxış edib, amma gözləntiləri doğrultmayıb. Elə düşünürəm ki, bu variant həm də o baxımdan düzgün olmazdı. Müxalifət liderlərinin üzərində durmaqda biz vahid namizəd ideyasını reallaşdıra bilməyəcəyik. Liderlər arasındakı ayrı-seçkiliyi nəzərə alsaq, deyə bilərik ki, siyasi liderlərdən kənarda bir şəxsin namizədliyi irəli sürülməlidir. ".
Məğlubların namizədi məğlubiyyətə düçardır
Göründüyü kimi, müxalifətin "vahid namizəd"inin praymerizlə müəyyənləşdirilməsi təklifi düşərgə daxilində növbəti qalmaqal yaradıb. Bu dəfə tərəflər "vahid namizəd" axtarışını bir kənara qoyub praymeriz davasına başlayıblar. Onların müəyyən qismi bunun tərəfdarı kimi çıxış edir. Müsavatyönlülər isə hələ ki, bimənalı şəkildə buna qarşı olduqlarını bildirirlər. Bununla yanaşı, praymerizin praktik əhəmiyyət kəsb etmədiyini söyləyib bunu məğlubların nəticəni qəbul etməyəcəyi ilə əsaslandıranlar da var. Əslində, bu, hər zaman məğlub olmağa alışmış destruktiv düşərgə mənsubları üçün xarakterik, təbii xüsusiyyətdir.
Odur ki, burada qeyri-adi və təəccüblü heç nə yoxdur. Əgər bu şəxslər öz aralarında yaxınlarına, partiyadaşlarına etibar etmirlərsə, onların saxtakarlıq edəcəyindən ehtiyatlanırlarsa və ya müxalifətin ortaq qutusundan çıxacaqlarına əmin deyillərsə, onda nə üzlə seçkiyə gedirlər və seçkidə az-çox səs toplamağa, müəyyən elektorat qazanmağa necə ümid edə bilərlər?!. Bu, destruktiv düşərgənin təmsilçiləri üçün əlçatmaz xülyadır. Odur ki, "vahid namizədin" müəyyənləşdirilməsindən asılı olmayaraq, məğlubların namizədi istənilən halda məğlubiyyətə düçardır.
NAİB