Mahir Aslanov: "Azərbaycanın dövlət büdcəsinin son 10 ildə ardıcıl olaraq 20-25 faiz civarında artması ölkədə iqtisadi inkişafın nə dərəcədə böyük olduğunu aydın şəkildə göstərir"
Azərbaycanda son illər reallaşdırılan nəhəng iqtisadi islahatlar, gerçəkləşdirilən layihələr ölkənin daha da güclənməsi ilə yanaşı, əhalinin sosial həyatının, rifah halının yaxılaşdırılmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, bütün bu kimi önəmli faktorlar ölkə büdcəsinin artımı sayəsində həqiqətə çevrilməkdədir. Məhz büdcənin sosial xərclərə yönəldilməsi də qeyd edilən faktorları kifayət qədər təsdiqləyir. Belə ki, ötən illərin büdcələrində olduğu kimi, gələn ilin büdcəsi də əsas olaraq, sosial xərclərə sərf ediləcək. Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü, millət vəkili Mahir Aslanov da "Səs" qəzetinə verdiyi açıqlamasında vurğulayıb ki, bütövlükdə, dövlət büdcəsinin 30 faizini məhz sosial xərclər təşkil edir. Ümumilikdə isə, növbəti ilin büdcəsi sosialyönümlü, investisiya tutumlu və ehtiyatlı büdcədir: "Əlbəttə ki, burada büdcənin ehtiyatlı olması da önəmlidir. Çünki bəzən elə proqramlar nəzərdə tutulur ki, onlar bu gün üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın dövlət büdcəsi son illərdə ardıcıl olaraq 20-25 faiz civarında artıb, onda inkişafın nə dərəcədə böyük olduğunu aydın şəkildə görürük. Bu gün 25 milyard dollarlıq büdcə ilə 30 faizlik vəsaitin nə demək olduğu hər birimizə aydındır. Bütövlükdə isə, hesab edirəm ki, dövlət büdcəsinin baş məqsədi insanlara xidmət etməkdir".
M.Aslanov dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılmasının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından atılan uğurlu addım kimi dəyərləndirib: "Bu, uzunmüddətli sosial təminat baxımından da müsbət addım kimi qiymətləndirilməlidir. Çünki növbəti aylardan etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanlar artırılan əməkhaqlarını alacaqlar. Bu, öz növbəsində, sosial addım kimi tədqirəlayiq və əhəmiyyətli haldır. Ümumiyyətlə, son ayda artırılan əmək haqlarını respublika baxımından qiymətləndirmək lazımdır. Çünki paytaxtla yanaşı, regionlarda çalışan şəxslərin də əmək haqları artırılıb ki, bu, həm sosial müdafiə baxımından, həm də regionların inkişafı baxımından müsbət haldır. Gələn ilin büdcəsindən 800 milyon manatın yalnız əməkhaqlarının artırılmasına yönəldilib. 2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 faiz çox vəsait ayrılması proqnozlaşdırılıb. 2013-cü ildə təhsil xərcləri üçün 1 milyard 530 milyon 400 min manat proqnozlaşdırılıb. Bu, 2012-ci illə müqayisədə 18,8 milyon manat və ya 1,2 faiz çoxdur. Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5 faiz çoxdur".
"Bir zamanlar regionlara investisiya yatırmaq çətin idi, ancaq son illər ərzində regionlarımıza investisiya qoyuluşu artmaqdadır"
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi məsələsinə toxunan millət vəkili, xüsusilə vurğuladı ki, bu proqramların icrası vacib məsələlərdən hesab olunur. Ona görə ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində kifayət qədər inkişaf edib. Son illər ölkəmizin dövlət büdcəsində gəlirlər 10 dəfələrlə artırılıb ki, bu da Azərbaycan dövlət büdcəsinin gəlirlərinin Ermənistan və Gürcüstanın ümumi dövlət büdcəsindən dəfələrlə çox olduğunu təsdiqləyir: "Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlayanda, paytaxtla regionlar arasında bir fərq hiss olunurdu. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsində əsas məqsədlərdən biri də bu idi ki, Bakı ilə bölgələr arasında olan bu fərq aradan qalxsın. Bütövlükdə, qeyd olunan dövlət proqramlarını qiymətləndirərək, qeyd etmək lazımdır ki, regionlarda sosial-iqtisadi vəziyyət müsbət dərəcədə dəyişib. Yəni bölgələrimizdə son illər ərzində 100 minlərlə yeni iş yerləri yaradılıb. Bir zamanlar regionlara investisiya yatırmaq çətin idi, ancaq son illər ərzində regionlarımıza investisiya qoyuluşu artmaqdadır".
"Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənməlidir"
Bu gün xarici şirkətlərin də regionlarda işləməyə maraq göstərdiyini deyən millət vəkili qeyd edib ki, rayonlarımızda infrasturukturla bağlı problemlər həllini tapıb və sahibkarlıq mühitini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Bu səbəbdən də, xarici şirkətlər artıq bölgələrə də yatırımlar etməyə çalışırlar: "Hesab edirəm ki, regionların inkişafı ilə bağlı hələ də görüləsi işlər var və yaxın gələcəkdə bu məsələlər də həllini tapacaq. Regionların sosial-iqtisadi inkişafı həm də əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərən amillərdəndir".
Son illər ərzində dövlət aqrar sektorun inkişafına diqqətin daha da artırıldığını deyən Aqrar Siyasət Komitəsinin üzvü bu diqqət və qayğının kənd təsərrüfatının inkişafına da müsbət təsir etdiyini bildirdi. O, bunu aqrar sektorun Azərbaycanın prioritet sahələrindən biri kimi dəyərləndirib: "Bu sektorun inkişafı ölkə üçün vacib olan məslələrdəndir. Adıçəkilən sektora dövlət tərəfindən subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafına təsir göstərən amillərdəndir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənməlidir. Bu baxımdan, aqrar sektor piriotet sektor hesab olunur".
RƏFİQƏ HÜSEYNOVA