Və ya Arif Hacılının "başqan olmağa hazıram" söyləməsi İsa Qəmbərə "davay dosvidaniya" deməyin vaxtının çatdığına işarə edib
Ölkədə prezident seçkiləri yaxınlaşdıqca, siyasi palitradakı qüvvələr arasındakı münasibətlərdə də gərginliklərin yaşanmasına səbəb olur. Azərbaycan ictimaiyyəti bunu vahid namizəd məsələsində bir daha gördü. "İctimai Palata" daxilində birləşmiş radikal müxalifət vahid rəyə gələrək vahid namizəd seçə bilmədiyindən sinirlər daha da darılır. Bu da sonda açıq qarşıdurmalara gətirib çıxarır. Həmin qarşıdurmalar isə özünü "İP"-in buraxılması və ya yeni qurumla əvəzlənməsi kimi açıqlamaların verilməsində göstərir.
Eyni zamanda, qarşıdurma "İP"-dən korporativ maraqları naminə istifadə edən AXCP və Müsavat içərisində də müşahidə olunmaqdadır. Məlumdur ki, bir müddət öncə AXCP rəhbərliyinin siyasətinə etiraz olaraq, bir neçə rayon və şəhər təşkilatları özlərini buraxdılar, hətta üzvlükdən də istefa verənlər oldu. Həmçinin, partiya daxilində rəhbər strukturunda təmsil olunanlar Əli Kərimliyə qarşı kəskin etirazlar edirlər və hətta onun istefa verməsini də tələb edirlər. Məhz bu cür etirazların qarşımını ala bilməyən AXCP sədri mətbuat vasitəsilə özünün timsalında "qəhrəman" obrazı yaratmaqla, siyasi terapiya ilə məşğul olmaqdadır. Elə "Azadlıq" qəzetində Əli Kərimliyə qarşı "sui-qəsdin" edilməsi haqqında materialların dərc edilməsi söylənilən məqsədə xidmət edir.
Eyni vəziyyət Müsavat partiyası daxilində də cərəyan etməkdədir. Lakin AXCP-dən fərqli olaraq, Müsavat daxilində qarşıdurmalar hələ ötən ildən başlanmışdı.
Xatırladaq ki, anti-Azərbaycançı dairələrin göstərişi əsasında icazəsiz aksiyalar keçirən radikal müxalifətin törətdiyi cinayətlər əsasında Arif Hacılı həbs olunsa da, İsa Qəmbər onu müdafiə etməmişdi. Hətta həbsdə olarkən və Prezident İlham Əliyevin Əfv Sərəncamı əsasında azadlığa çıxandan sonra Arif Hacılını ziyarət etməyən İsa Qəmbər ona qarşı olan kinli münasibətini ortaya qoymuşdu. Çünki İsa Qəmbər Arif Hacılıya hər zaman rəqib kimi baxıb və ondan gələ biləcək təhlükələrin qarşısını almaq üçün ehtiyat tədbirləri görüb.
Hətta etibarlı mənbələrin sözlərinə görə, İsa Qəmbərin özü Arif Hacılının həbs olunmasında maraqlı olub. Ona görə ki, nə qədər Arif Hacılı həbsdə olardısa, bir o qədər də İsa Qəmbərin başqanlıq məsələsi açılmamış vəziyyətdə qalardı. Lakin Arif Hacılının həbsdən çıxması İsa Qəmbərin başqanlıq seçimlərinin gecikdirilməsi planlarını alt-üst etdi. İndi də vaxt ötdükcə həm İsa Qəmbərin sözünün üstündə duraraq başqanlıqdan getməsi məsələsinin gecikməsi, həm də Arif Hacılının İsa Qəmbərin kinli münasibətinə cavab verməsi aradakı gərginliyi daha da artırır.
Müsavat partiyasının daxilindəki etibarlı mənbəmizin verdiyi informasiyaya görə, Arif Hacılı artıq qisas vaxtının yaxınlaşdığını söyləyib. Onun sözlərinə görə, İsa Qəmbər başqanlıq seçimlərini prezident seçkilərinə qədər uzatmaq və namizəd kimi əlavə dividendlər əldə etməyə çalışır. Bu səbəbdən də, Arif Hacılı kölgədə qalmamaq üçün qabaqlayıcı addım ataraq, başqan ola biləcəyi haqqında mesaj verdi. Bu fakt da bir daha onu sübut edir ki, Müsavat partiyası daxilində ciddi qarşıdurma və parçalanma var. Vəziyyətin donmuş halda qalması da Müsavat daxilində narazı qüvvələrin açıq "döyüşə" başlamasını labüdləşdirib. Məhz Arif Hacılının da "başqan olmağa hazıram" söyləməsi İsa Qəmbərə "davay dosvidaniya" deməyin vaxtının çatdığına işarə edib.
"Səs" Analitik Qrupu