Destruktiv müxalifətin xalqdan etimad gözləməsi əbəsdir
Son zamanlar müxalifət düşərgəsində maraqlı, müəyyən mənda etiraf xarakteri daşıyan açıqlamalar səsləndirilir. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu özlərini "radikal" adlandıranda səmimiyyətdən və radikallıqdan əsər-əlamət olmadığını bildirir. VİP sədri Əli Əliyev isə düşərgədə ümumi maraqlardan daha çox firqə mənafelərinin önə çəkildiyini bildirir. Müsavat başqanı İsa Qəmbər isə, nəhayət, özü də bilmədən həqiqəti etiraf edib xalqın müxalifətə inamının qalmadığını söyləyir.
Əslində, bütün bunlar müxalif düşərgədə yaşanan nihilizmdən, ruh düşgünlüyündən, siyasi aqoniyadan xəbər verir. Fakitiki olaraq, bu düşərgə əksərən məğlublar yığınından ibarətdir. Digər tərəfdən, destruktiv müxalifət düşərgəsinin reallıqdan uzaq iddiaları ilə mövcud siyasi gerçəkliklər arasında, əslində, böyük uçurum, kəskin ziddiyyətlər var. Ən böyük uçurum, maneə isə sadə insanların, xalqın müxalifətə illər uzunu formalaşıb bərkiyən, dərinləşən inamsızlığıdır. Xalq artıq siyasi möhtəkirliyi özlərinə peşə seçənlərə, aldadıcı vədlərlə insanları qarşıdurmaya, təxribata sürükləyənlərə qətiyyən inanmır.
Əslində, destruktiv müxalifətin uğursuzluğunun əsas səbəbi onların siyasətdə səmimi olmamaları, siyasi manipulyasiyalara aludə olmaları ilə bağlıdır. Müxalif düşərgənin destruktiv qütbündə təmsil olunanlar nəinki xalqa münasibətdə, hətta öz aralarında belə bir-birilərinə qarşı səmimi, sağlam münasibətdə deyillər. Hər zaman seçki öncəsi müxtəlif birlik modelləri təklif edən müxalif partiya sədrləri seçkidən sonra, bir qayda olaraq, bir-birilərini ən sərt ifadələrlə ittiham edirlər. Onlar müxalif həmkarlarına qarşı elə kəskin ittihamlar irəli sürürlər ki, artıq bunu qeyri-sivil mübarizə vasitəsi kimi deyil, ən yaxşı halda siyasi mədəniyyətsizlik kimi dəyərləndirmək olar. Bu mənada, xalqın müxalifəti qəbul etməməsi, bu və ya digər müxalif partiyaya münasibətdə formalaşan inamsızlıq heç də təsadüfi deyil. Müxaliflər aldadıcı, qeyri-real tələbləri ilə, müxtəlif vaxtlarda insanları qarşıdurmaya təhrik etməklə konstruktivlikdən uzaq olduqlarını əyani şəkildə sübut ediblər və nəticə də göz qarşısındadır. İndi müxaliflər özlərini nə qədər "mələk", "xilaskar" obrazında təqdim etməyə çalışsalar da, heç bir məna və əhəmiyyət kəsb etməyən dumanlı vədlər versələr də, alınmır. Onlar kiməsə təsir edə, cüzi də olsa elektorat toplaya, kimlərisə müxalifət çevrəsinə cəlb edə bilmirlər.
Bu səbəbdən, İ.Qəmbər nə qədər "Xalq bizə inanmır, xalqın inamını qaytarmaq lazımdır" söyləsə də, illər öncə itirilən bu inamın bir də geri qayıtmayacağını çox yaxşı bilir. Bu mənada, destruktiv müxalifətin vaxtaşırı dəyişən əməkdaşlıq formulları hər hansı effekt vermir. Əksinə, düşərgə çevrəsində yaranan qeyri-müəyyənliyi, natamamlığı üzə çıxarır. Natamamlıq, qeyri-müəyyənlik, barışmaz ziddiyyətlər fonunda isə heç cür birləşmək, konstruktiv mövqeyə yaxınlaşmaq, az-çox nisbi uğur əldə etmək mümkün deyil. Diqqəti çəkən odur ki, müxalifət düşərgəsində vaxtaşırı yeniləşmə zərurəti barədə danışılır, lakin həlledici məqamda isə əksər müxalif partiya sədrləri, eləcə də, üzdə olan fnuksionerlər geri çəkilməkdən, yerlərini və mövqelərini əldən verməkdən imtina edirlər.
Bu, dəfələrlə Müsavata sədrlikdən gedəcəyini bəyan edən, lakin vədinə xilaf çıxan İ.Qəmbərə, yenidən AMİP sədri olmaq istəyən Etibar Məmmədova, AXCP-də sədrlik postunu heç cür əldən vermək istəməyən Əli Kərimliyə, eləcə də, bir sıra digər müxalif partiya sədrlərinə aiddir. Bütün bunlar müxalifət münasibətdə etimadsızlığın dərniləşməsinə, inamsızlığın artmasına səbəb olur. Başlıca amil odur ki, onlar son 19 ildə ölkədə keçirilən bütün seçkilərdə (dörd prezident, dörd parlament və üç bələdiyyə seçkisi) məğlubiyyətə uğramışlar. Məğlub olan partiyalar isə ya yeniləşməlidir, ya da tarixin arxivinə atılmalıdır. Lakin bizdə nə müxalifətin yeniləşməsi prosesi baş verir, nə də onlar siyasi səhnədən çəkilmək, yeni nəslə yol açmaq mədəniyyətini göstərirlər.
Bütün bunların fonunda destruktiv düşərgəyə qarşı yaranan ictimai rəydə yaranan etimadsızlıq mühiti hökm sürür. Eyni zamanda, dağıdıcı müxalifətə münasibət artıq çoxdan mövcud olan inamsızlıq getdikcə dərinləşməkdədir. Odur ki, siyasi məğlubların xalqdan inam, etimad gözləməsi əbəsdir.
NAİB