PDF Oxu

Müxalifət

  • 31

Əli Kərimli köhnə "cəbhəçiləri" maddiyyat müqabilində İsa Qəmbərə qarşı danışdırır

İbrahim Vəliyev: "Əvvəlcədən uduzmağını görürsənsə, seçkiyə niyə gedirsən ki?"

Əli Kərimli köhnə "cəbhəçiləri" maddiyyat müqabilində İsa Qəmbərə qarşı danışdırır

Müsavat başqanı İsa Qəmbərin "nəyin bahasına olursa-olsun, seçkiyə gedəcəyik" bəyanatını verməsi, həmin bəyanatın ardınca partiya strukturlarında - mərkəzi icra aparatında və "divanda" ardıcıl toplantılar keçirməsi AXCP sədri Əli Kərimlini İ.Qəmbərə qarşı daha bir siyasi manevr etməyə məcbur edib. Belə ki, əldə etdiyimiz inanılmış məlumata görə, Ə.Kərimli müxtəlif vədlər qarşılığında vaxtilə ondan üz döndərmiş köhnə "cəbhəçiləri" yenidən öz ətrafında cəmləşdirməyə başlayıb. Xatırladaq ki, köhnə "cəbhəçilərin" əksər çoxluğu hələ keçmiş liderləri Əbülfəz Elçibəyin ölümündən (zəhərlənərək öldürülməsindən - R.R.) sonra AXCP sıralarını tərk etmişdilər. Yerdə qalanlar isə sonrakı illərdə Ə.Kərimlidən imtina edərək, "cəbhədən" uzaqlaşmışdılar. Bu baxımdan, onların yenidən geri qayıtmaları üçün Ə.Kərimli mütləq bir yol tapmalıydı.

Maddiyyat müqabilində özünütəbliğ siyasəti

Eks "cəbhəçiləri" geri qaytararaq siyasi ambisiyaları istiqamətində danışdırmaq istəyən Ə.Kərimli asan yolun maddiyyatdan keçdiyini yaxşı bildiyi üçün bir az "tərləməli" olub. Bu faktoru AXC iqtidarı zamanı Gömrük Komitəsinin sədri vəzifəsini icra etmiş eks "cəbhəçi" İbrahim Vəliyevin anidən Ə.Kərimlinin təbliğatına qoşulmasından da görmək mümkündür. Çünki uzun müddətdir ki, AXCP sıralarında olmayan İ.Vəliyev həm də Ə.Kərimlinin partiyadaxili siyasətinə etiraz əlaməti olaraq siyasi təşkilatın rəyasət heyətində tutduğu postundan da imtina etmişdi. Bu baxımdan, narazı birinin yenidən AXCP sıralarına qayıdaraq Ə.Kərimlinin vahid namizəd kimi təbliğatını aparması özü-özlüyündə müəyyən şübhələr doğurur. Guya AXCP-dən müvəqqəti getdiyini iddia edən İ.Vəliyevin birdən-birə yenidən "əqidəli şəxsə" çevrilərək, Ə.Kərimlinin təbliğatını aparmağa başlaması suallar doğurur. Əgər İ.Vəliyev həqiqətən də, "cəbhəyə" və onun sədrinə "tüpürüb" oranı tərk edibsə, bu zaman onda hansı "əqidə" formalaşa bilər? Və nəyə görə eks-"cəbhəçi" anidən Ə.Kərimlinin tərəfdarı kimi Müsavat başqanını kəskin nişan hədəfinə götürüb?

AXCP sədrinin Müsavat başqanına qarşı psixoloji təsir metodu

Məsələn, İ.Vəliyev deyib ki, əgər vahid namizəd məsələsi ortaya çıxarsa, bu zaman ona daha çox layiq gördüyüm şəxsin adını çəkə bilər: "Əlbəttə, Azərbaycanda xeyli keyfiyyətli insanlar və siyasətçilər var. Amma mənim fikrimcə, Əli Kərimli müxalifətin vahid namizədi ola bilər" (R.R.).

İ.Vəliyev Müsavat başqanı İ.Qəmbərin "nəyin bahasına olursa-olsun, seçkidə iştirak edəcəyik" bəyanatını isə istehza qismində qarşıladığını bildirib: "Əvvəlcədən uduzmağını görürsənsə, seçkiyə niyə gedirsən ki? Mən bu məntiqi başa düşmürəm".

Buradan həm də belə bir nəticəyə gəlmək mümkündür ki, düşərgədə öz vahid namizədliyini təbliğ etməklə yanaşı, Ə.Kərimli İ.Qəmbərin vahid namizəd ola bilməməsi üçün onda inamsızlıq hissi yaratmağa çalışır. Yəni psixoloji təsirlər edir. Belə təsir məhz İ.Vəliyev tərəfindən reallaşdırılıb ki, bu da onun "əvvəlcədən uduzmağını bilmək" iddiası üzərində yürüdülən taktikadır.

Lakin belə bir məqamda Müsavat başqanının da sakit dayanacağını düşünmək sadəlöhvlük olardı. Çünki ötən seçkilərdə olduğu kimi, İ.Qəmbər düşərgədaxili opponentlərinə qarşı son zərbə vura bilməyi bacarıb. Bunu 2000-ci ildən üzü bu tərəfə dəfələrlə tədbiq edən Müsavat rəhbəri hazırda ən əlverişli məqamını gözləyir desək, yanılmarıq. Ancaq bəri başdan demək mümkündür ki, istənilən gedişlər hər iki siyasi partiya rəhbərliyi üçün uğursuz alınacaq. Çünki bütün variantlarda onların qarşılarında güclü iqtidar namizədi və həmin namizədin növbəti qəti qələbəsi amili dayanıb.

R.RƏSULOV

Digər xəbərlər