Suyu süzülən dəyirmana bənzəyən bu partiya indi də "vahid namizəd"ini tapa bilmir
Azərbaycan Demokrat Partiyası (ADP) yarandığı gündən müxalifətin autsayderi olan kiçik siyasi qruplaşmalardan biri sayılır. Doğrudur, müxtəlif vaxtlarda bu partiya müəyyən vədlər, siyasi bazarlıq yolu ilə sıralarını az da olsa, genişləndirməyi bacarıb. Lakin partiyanın hazırkı rəhbərliyində bazarlıq eşqi kifayət qədər güclü olduğundan, bu qurumu nəinki sonradan gələnlər, hətta bu təşkilatın qurucusu sayılan 29 nəfərin çoxu təşkilatı tərk edib.
Siyasi bazarlıq müstəvisində partiyaya sədrlik etmək müxtəlif vaxtlarda Tofiq Qasımov, Firudin Cəlilov, Pənah Hüseyn, Mətləb Mütəllimov, Qənimət Zahid kimi şəxslərə təklif olunub. Sonda köhnə ADP-çilər bir müddət Ədalət partiyasının sədri İlyas İsmayılovla anlaşa biliblər. Sonradan bir sədrlə kifayətlənmək istəməyən ADP mənsubları həmsədrlik barədə qərar qəbul edərək, eks-spiker Rəsul Quliyevi də "okeanın o tayından" partiyaya sədrlik etməyə razı sala biliblər. Həmsədrlər bir müddət sədrlik statusunu birtəhər paylaşmağa, üzdə səmimi görünməyə çalışsalar da, 2000-ci ilin parlament seçkilərində İlyas İsmayılovun ADP-nin seçki siyahısına daxil edilməməsi partiyanın parçalanmasına rəvac verib. Bu dəfə İ.İsmayılov demokratları tərk edərək, Ədalət partiyasını yenidən bərpa edib. 2005-ci ilin parlament seçkiləri zamanı eks-spikerin Bakı üzərində "uçuş" edib geri qayıtması ADP ilə R.Quliyevin yollarını ayırıb. Eks-spiker "Açıq Cəmiyyət Partiyası"nı yaradaraq, özünə yaın saydıqlarını oraya cəlb etməyə çalışıb. Müxtəlif vaxtlarda ADP-dən Müsavata, AXCP-yə birləşmək təklifləri də eşidilib, bir neçə kiçik partiya ilə fərqli formatlarda birləşmək səyləri də göstərilib. Sonda daha çox merkantil maraqlara söykənən bu səylər birmənalı şəkildə iflasa uğrayıb və ADP-nin digər müxalif partiyaların kölgəsində qalmasına səbəb olub.
Son 6-7 ildə daha çox sükunətə qərq olan, qərargahında kimsənin varlığı, yoxluğu bilinməyən ADP əsasən partiyanın əvvəlki baş katibi, indiki sədri Sərdar Cəlaloğlunun ara-sıra mediaya verdiyi ziddiyyətli açıqlamalar müqabilində epizodik yada düşür. Bununla yanaşı, S.Cəlaloğlu ən müxtəlif məqamlarda müxalif həmkarlarını ittiham edərək, partiyasının mövcudluğunu, varlığını təsdiqləməyə çalışır.
Kiçik bir müqayisə aparıldıqda aydın olur ki, mövcudluğu dövründə bu partiya həmişə digər siyasi təşkilatların rəyindən, davranışından asılı olub, "demokrat" adını seçməsinə baxmayaraq, demokratiyadan, plüralizmdən, fikir müxtəlifliyindən həmişə uzaqda dayanıb, müəyyən qrupun, S.Cəlaloğlunun ətrafında olan 4-5 nəfərin şəxsi-korporativ maraqlarının ifadəçisinə çevrilib. Belə vəziyyətdə ADP-nin başbilənləri partiya təmsilçisindən daha çox müxalif mövqeli siyasi müşahidəçi funksiyasını yerinə yetirirlər. Eyni zamanda, S.Cəlaloğlu və ətrafı müxalif həmkarlarını vaxtaşırı kəskin şəkildə tənqid edir ki, bu da onu ilk növbədə, müxalifətin destruktiv qütbü üçün arzuolunmaz fiqura çevirir.
O, bir tərəfdən, "İctimai Palata" çevrəsində "vahid namizəd" şousunun alınmamasına görə, Müsavat başqanı İsa Qəmbəri ittiham edir, digər tərəfdən, günahın eyni dərəcədə həm AXCP-də, həm də Müsavatda olduğunu vurğulayır, bununla yanaşı, tənqid etdiyi AXCP də daxil olmaqla 8 siyasi qurumun təmsilçisinin iştirakı ilə "alternativ vahid namizəd" axtarır. Göründüyü kimi, özü heç cür iddialı ola bilməyən ADP sədri siyasi varlığını təsdiqləmək üçün bütün hallarda kimlərinsə kölgəsində daldalanmağa üstünlük verir. Məhz bunun nəticəsidir ki, "suyu süzülmüş dəyirman"a çevrilən ADP-də artıq demək olar ki, kimsə qalmayıb. Bunun müqabilində S.Cəlaloğlunun ümidsiz axtarışları hələ ki, davam edir. İ.Qəmbərə, Ə.Kərimliyə "yox" deyən bu şəxs indi tez-tez Rafiq Əliyevin, hərdən Rüstəm İbrahimbəyovun adını çəkir. Ancaq bu şəxsin bütün təriflədiklərini sonradan xoşagəlməz bir tərzdə ittiham, bəzən hətta təhqir etdiyini nəzərə alsaq, onun "Rafiq Əliyev sevdası"nın da uzun sürməyəcəyi aydın görünür.
NAİB