Uzun müddət düşərgə daxilində tərəfdaş axtarışına çıxmağa səy göstərən ACP "lideri" Rəsul Quliyev son anda vaxtilə ən çox münasibət saxlamağa çalışdığı partiyalardan - Müsavat və AXCP-dən əlini üzüyünü bəyan edib. Xatırladaq ki, hələ "İctimai Palata" yaradılarkən, həmin qurumu inhisarlarında saxlamğa nail olan hər iki partiyanın sədrləri ACP "lider"inin onlarla yaxınlıq etmək səylərini əngəlləmişdilər. Ancaq buna rəğmən, R.Quliyev müəyyən mənada həmin səylərini qüvvədə saxlamağa çalışıdrı. ACP "lideri"nin mətbuata verdiyi müsahibə və açıqlamalarından da görünürdü ki, o, hələ ki, gözləmə mövqeyini tutub və yekun qərarını hadisələrin nəticəsinə hesablayıb.
"İctimai Palata"da baş verənlər, ümumiyyətlə, mənim diqqət mərkəzimdə deyil"
Artıq hadisələrin nəticəsi bəllidir və R.Quliyev AXCP və Müsavat partiyalarının bir yerdə olmayacaqlarını qətiləşdirdikdən sonra siyasi təşkilatların rəhbərliyinə qarşı sərt ittihamlarla çıxış edib. Eks-spiker Müsavat başqanı İ.Qəmbərin "vahid namizəd" məsələsilə bağlı son çıxışına münasibət bildirərkən deyib ki, prezident seçkilərində müxalifət "liderləri"nin ümumiyyətlə, qalib gəlmək potensialları yoxdur. Bu səbəbdən də nə müxalifətdə, nə də "palata"da baş verən hadisələri izləmir. Çünki bütün bunlar onun diqqət mərkəzindən kənardır: "O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya "İctimai Palata"da baş verənlər, ümumiyyətlə, mənim diqqət mərkəzimdə deyil".R.Quliyev AXCP və Müsavat partiyalarını "yeganə tavan altında" toplamaq istədiyini deməklə, əslində, müxalifətdaxili rıçaqları öz əlinə keçirmək arzusunu da gizlətməyib. Daha dəqiq desək, R.Quliyev eyham vurub ki, əgər "İctimai Palata" bir araya gələ bilmirsə, o, müxalifətin yeni "lideri" kimi hadisələrə münasibət bildirə bilər.
"Çünki normal məntiqlə iş görmürlər"
Ancaq eks-spikerin bu planları da baş tutmadığından, o, bütövlükdə, müxalifəti ittiham atəşinə tutmağa başlayıb: "Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından artıq başqa işlərlə məşğul oluram". Sonda ACP "lideri" həm İ.Qəmbəri həm də Ə.Kərimlinin, əslində, hansı məqsədə xidmət etdiklərini də anlamadığını bildirib: "İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz. Çünki normal məntiqlə iş görmürlər".Artıq onu da demək mümkündür ki, müxalifət düşərgəsi 2013-cü il seçkilərinə pərakəndə getməklə yanaşı, eyni zamanda, ciddi çaxnaşmalar və kəskin qarşıdurmalara da əl atacaqlar. Çünki belə vəziyyətdə yerdə qalan müxalifət "liderləri" yekdil rəyə gələ bilməyən partiyaların parçalanmasında maraqlıdırlar. Belə fürsət isə onların əllərinə hər dəfə düşmür. Görünür, ACP "lideri" də həmin fürsətdən maksimum yararlanmağa çalışmaqla, AXCP və Müsavatın parçalanması istiqamətində ilikn addımlarını atmağa başlayıb. Bunu onun okeanın o tərəfindən verdiyi açıqlamalarından elə açıq gözlə də görmək mümkündür.
Rəfiqə HÜESYNOVA