"Cəbhə" İsa Qəmbərə qarşı ultimatum irəli sürdü
AXCP və Müsavat partiyalarının mövqelərini müdafiə edən, eləcə də, sosial şəbəkələrdə ayrı-ayrılıqda fəaliyyət göstərən "Xilas" və "İstefa" qrupları arasında aparılan savaş şiddətlənməkdə davam edir. Belə ki, "cəbhə" sədrinə yaxın şəxsin Müsavat baqşanı İsa Qəmbəri və ətrafını xəyanətdə ittiham etməsi, bunun ardınca ictimaiyyətə açıqlanmayacaq dərəcədə təhqirlər səsləndirməsi Müsavat mətkəzi icra aparatının rəhbəri Arif Hacılının nəzərindən yayınmayıb və o, öz müqabilində AXCP sədrini daha kəskin şəkildə ittiham edib. A.Hacılı "Əli Kərimli mənim getdiyim yolu gedə bilməz" statusu ilə bir daha sübut edib ki, hər iki partiya arasında yaşanan mövcud vəziyyət dağıdıcı müxalifətin 2013-cü seçki ilinə pərakəndə gedəcəyini yəqinləşdirib.
Lakin məsələ bubunla bitməyib və hazırda qarşıdurmalar açıqlama, yaxud münasibət formatından çıxaraq, ultimatum həddinə qədər yetişib. Bunu AXCP tərəfindən çıxış edənlərin fikirlərindən də ayrıd etmək çətinlik yaratmır. Bu baxımdan, "cəbhə" sədrinin müavini Asəf Quliyevin Müsavat başqanına istehza olaraq, "İsa Qəmbərin namizədliyini zorən irəli sürürlər" kimi münasibət sərgiləməsi də sözügedən məsələnin nə qədər çərçivədən çıxmasını təsdiq edir. Çünki bu tipli istehzalı açıqlaması ilə A.Quliyev, eyni zamanda, Müsavat başqanının guya hakimiyyətlə hər hansı bir razılığa gəlməsini iddia edir: "Sanki ona təsir göstərilir ki, namizədliyini versin".
Göründüyü kimi, artıq ox öz yayından çıxıb və uzun müddətdir ki, seçkilərə "vahid namizədlə" gedəcəklərini bəyan edən AXCP və Müsavat rəhbərliyi bir-birlərini xəyanətdə suçlamağa başlayıblar.
Asəf Quliyev: "Bizimlə Müsavat arasında fikir müxtəlifliyi var"
Eyni zamanda, AXCP-nin Müsavatla fikir müxtəlifliyinin də olmasını istisna etməyən "cəbhə" sədrinin müavini bildirib ki, Müsavat bu başdan namizədini irəli sürüb mübarizə aparmaq xəttini müdafiə edir: "Namizədin irəli sürülməsi Müsavat partiyasının öz işidir. Hər bir partiya namizədliyini irəli sürə bilər. Ancaq bizimlə Müsavat arasında fikir müxtəlifliyi var. Məsələ ondadır ki, Müsavat bu başdan namizədini irəli sürüb mübarizə aparmaq xəttini müdafiə edir. Biz isə Azərbaycandakı partiyaların hamısının bir araya gələrək vahid namizədin müəyyən edilməsini və seçkiyə vahid namizədlə qatılmağı məqsədəuyğun sayırıq".
"Qəfildən bir şəxsin ortaya çıxaraq "mən bütün hallarda seçkidə iştirak edəcəyəm" bəyanatını verməsi düz gəlmir"
AXCP rəsmisinin sözlərinə görə, İ.Qəmbər əldə edilən bütün razılaşmaları pozub və onun istənilən halda seçkilərdə iştirak etməsi həmin razılaşmanı pozur. Belə ki, A.Quliyev əslində, burada daha bir etirafı etməyə məcbur olub ki, cəmiyyət bu kimi prosesləri müşahidə edərkən, müxalifətin bir araya gəlmək şansının olmadığını açıq gözlə görür: "Amma qəfildən bir şəxsin ortaya çıxaraq "mən bütün hallarda seçkidə iştirak edəcəyəm" bəyanatını verməsi düz gəlmir. Bu, həm də digər partiyalarda narahatlıq yaradır. Çünki bu, bir partiyanın məsələsi deyil. Bu cür qərarların qəbul edilməsi həm siyasi partiyalara təsir edir, həm də mənfi enerji yaradır. Sosial şəbəkələrdə gedən müzakirələr göstərir ki, belə qərarların verilməsi cəmiyyətin müxalifət partiyalarına qarşı əks reaksiyalarına səbəb olur".
Artiq tam əminliklə demək mümkündür ki, Müsavat və AXCP arasında davam edən pərdəarxası savaş açıq müstəviyə keçməklə, əslində, ultimativ xarakter almağa başlayıb. Bu kimi ultimativ ittihamların səsləndirilməsi isə, təbii ki, dağıdıcı müxalifət üçün heç də yaxşı sonluqlar vəd etmir.
RÖVŞƏN