PDF Oxu

Müxalifət

  • 26

Müsavat başqanının namizədlik umacağı

İsa Qəmbər Əli Kərimli qarşısında namizədliyini müdafiə etməkdən ötrü "cırtdan" partiyalardan yararlanmağı da özünə qazanc hesab edir

Müsavat başqanının namizədlik umacağı

Müxalifət düşərgəsində olan kiçik, yaxud parçalanmış təşkilatların "fəallıq" göstərmələri özündə daha bir neçə maraqlı məqamları sərgiləməkdədir. Əslində, ölkədə hər post-seçki dövrü bu kimi halların baş verməsi də ictimaiyyətə təəccüblü görünməməkdədir. Belə ki, seçkilər öncəsi özlərini "ana müxalifət" partiyaları kimi cəmiyyətə sırıyan, eləcə də, müxalifət düşərgəsində avtoritar rejim üsul-idarəçiliyi ilə əldə saxlanılan partiyaların, son məqamda düşərgədaxili "rıçaqları" mühafizə etməkdən ötrü bu kimi addımları arxasında "cırtdan" partiyalardan öz xeyirlərinə yararlanmaq məqsədləri dayanıb. Məsələyə daha dəqiq yanaşsaq, deyə bilərik ki, kiçik partiyaların yenidən "fəallaşması" bilavasitə "ana müxalifət" partiyalarının planlarının tərkib hissəsidir. Çünki ətraflarında olan azsaylı elektoratın, sosial bazanın tükənməsi, növbəti siyasi məğlubiyyətin üfüqdə görünməsi onları yenidən "cırtdan" partiyalarla iş birliyinə getməyə məcbur edir. Buna misal kimi, "İctimai Palata"da "vahid namizəd" ideyasını tamamlaya bilməyərək, əzəli düşmənçiliklərini davam etdirən AXCP və Müsavat partiyalarının sözügedən manevrlərdən istifadə etmələrini göstərmək mümkündür. Bəri başdan onu da qeyd edək ki, "İctimai Palata" daxilində fəaliyyət göstərən bir neçə "cırtdan" partiyaların və siyasiləşmiş QHT-lərin də parçalanmaları arxasında məhz AXCP-Müsavat barışmaz cütlüyü dayanıb ki, onların sözügedən münevrləri sadəcə "İctimai Palata" ilə məhdidlaşmır.

İsa Qəmbər prezidentliyi niyə "xırda məsələ" kimi "görür"?

Müxalifət partiya sədrləri arasında görüşlər keçiriblər. "Asiman" restoranında keçirilən görüş zamanı kifayət qədər anti-qəmbərçi çıxışları ilə yadda qalan "klassik cəbhəçilərin" sədri M.Mirəlioğlunun və "Azadlıq" sədri Ə.Orucun İ.Qəmbərin lehinə münasibətlər bildirmələri müxalifət düşərgəsinin hansı "qətiyyətə" malik olduğunu bir daha nümayiş etdirməkdədir. Bu baxımdan, demək mümkündür ki, müxalifət düşərgəsində fəaliyyət göstərən heç bir partiya daxilində və rəhbərliyində, ümumiyyətlə, səmimi fikir mövcudluğu yoxdur. Amma bu məsələ haqqında daha sonra fikir bildirmək məqsədilə keçək daha əsas mətləbə.Məsələ ondadır ki, Müsavat başqanı sözügedən görüşdə, hər dəfə olduğu kimi, populist nitq söyləyərək, dividend axtarışında olduğunu görüş iştirakçılarından gizlətməyib. Hər dəfə olduğu kimi, bu dəfə də ətrafında olan müxalifət partiya sədrlərinə dırnaqarası təriflər yağdıran Müsavat başqanı son məqamda namizədliyinin müdafiəsi üçün onlardan yekun qərara gəlmələrini istəyib. O, populzm xarakterli çıxışında deyib ki, prezidentliyi "xırda məsələ" kimi görür (?-R.R.).Necə ola bilər ki, Müsavat başqanı prezidentılik uğrunda istənilən xəyanətkarlıqlara gedir, müxalifətdəki tərəfdarlarını son məqamda darda qoyur, hətta iqtidara gəlməkdən ötrü nəinki erməni lobbisi ilə, hətta şeytanla da olsa əməkdaşlığa gedəcəyini bəyan edir, amma sonradan da bildirir ki, prezidentlik onun üçün "xırda məsələdir"? Eyni zamanda, sual oluna bilər ki, əgər sən, Müsavat partiyasının başqanı olaraq, qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüsənsə, qarşına qoyduğun məqsəd nəyə görə sənin üçün bu qədər "xırda" görünür? Bu kimi "təfəkkürə" malik olmağın, bu kimi ifadələr səsləndirməyin özü xalq məfhumuna barmaqarası baxmaq deyilmi? Onda bu qədər həngamələr, bu dərəcədə dağıdıcı və aşırı radikalizm çıxışları kimə lazım idi? Əlbəttə ki, Azərbaycanı sevməyən, xalqın, ölkənin yüksəlişini inkişaf və tərəqqisini istəməyən qüvvələrdən başqa heç kimə! Çünki həmin qüvvələrin buyruq quluna çevrilmiş İ.Qəmbər iqtidara gəlmək adı altında xalqın, dövlətçiliyin, ölkənin heysiyyatı ilə ləyaqətsiz şəkildə davranıb.

Müsavat başqanının xalqı necə "sevdiyini" zaman göstərib

Belə bir məqamda guya xalqını "sevdiyini" iddia edən Müsavat başqanı daha sonra bildirib ki, "Prezident olmaq kimi xırda bir məsələ xalqını sevən insanlar üçün problem olmamalıdır. Önəmli olan xalqın iradəsinin ortaya çıxmasıdır" (?-R.R.). Ancaq bu mənada İ.Qəmbərin xalqı necə "sevdiyini" görmək üçün elə də uzağa getmək lazım deyil. Bu gün bu kimi sərsəm ifadələrlə gündəmdə reklam olunan Müsavat başqanı hələ AXC hakimiyyəti dövründə iqtidar içində iqtidar yaradaraq, Müsavat partiyasını mənimsəmişdi. İkipartiyalı sistemlə (AXC-Müsavat cütlüyü - R.R.) idarə olunan ölkə xaos və anarxiya burulğanında məhvə doğru sürüklənirdi. Məhz həmin dövrlərdə İ.Qəmbər digər dövləti cinayətlər törətməklə yanaşı, bir neçə gəncin ölüm hökmünün icrası üçün güllələnmə vərəqəsinə imzasını qoymuşdu. Bu həmin İ.Qəmbərdir ki, Xocalı soyqırımının baş verməsini hakimiyyətə gəlmək üçün uğurlu vasitə, uğurlu şans kimi dəyərləndirmişdi. Yəni zaman bu fərdin xalqını necə "sevdiyini" kifayət qədər göstərib.Bu gün ətrafına beş-on nəfər "cırtdan" partiyaları yığaraq prezident olacağı haqqında sərsəm mülahizələrlə çıxış edən İ.Qəmbər unutmamalıdır ki, Azərbaycan xalqı öz iradəsini hələ 1993-cü ilin iyununda ortaya qoyub və həmin iradə bu gün də öz qətiyyəti ilə qorunub-saxlanılmaqdadır. Ona görə də Müsvat başqanı heç də xalqın iradəsindən narahat olmasın. Çünki xalq iradəsinin bu fərdə heç bir aidiyyatı yoxdur.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər