Mais Səfərli: "Müsavat başqanı İsa Qəmbər müxalifətin "vahid namizədi" ola bilməyəcək"
Müxalifətdaxili qarşıdurmalar fonunda "vahid namizəd" məsələsinin müzakirə edilməsi qaranlıq otaqda qara birə axtarmağa bənzəyir. Təbii ki, axtarılan tapılmadığı kimi, müxalifətin də "vahid namizəd" məsələsində ortaq məxrəcə gələ biləcəyi inandırıcı deyil. "Yurddaş" partiyasının sədri Mais Səfərli də bildirdi ki, müxalifətin bir araya gələ bilməməsinin səbəbi partiya sədrlərinin boylarından böyük iddialarla çıxış etmələridir: "AXCP və Müsavat partiyaları arasında heç zaman dostluq münasibəti olmayıb. Həmişə hər iki partiya arasında dərin ziddiyyətlər mövcud olub. Sadəcə olaraq, hansısa bir tədbirdə AXCP və Müsavat sədrləri birlikdə iştirak edirlər. Bu, onu deməyə əsas vermir ki, sözügedən partiyalar arasında sıx və səmimi münasibət var. Ümumiyyətlə, AXCP və Müsavat partiyaları bir-birinə qarşı düşmənçilik edən siyasi qüvvələrdir. Ona görə də, ölkədə hər hansı bir seçki keçirilən zaman müxalifət qüvvələri vahid bir blok yarada bilməyiblər".
M.Səfərli onu da bildirdi ki, ölkədə fəaliyyət göstərən partiyalar üçün əsas fəaliyyət seçkidir. Əgər müxalifət partiyaları ölkədə keçirilən hər hansı bir seçkilərdə əməkdaşlıq edə bilmirlərsə və vahid mövqedən çıxış edərək, seçki bloku yarada bilmirlərsə, bu, bir daha onu sübut edir ki, adı çəkilən partiyalar heç də mehriban partiyalar deyillər. Bu da müxalifət partiyalarına rəhbərlik edən liderlərin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Demək olar ki, müxalifət liderlərinin şəxsi ambisiyaları onların partiya maraqlarından da irəli gəlir. Müxalifət qüvvələri heç vaxt bir-birinə qarşı güzəştə getməyib və getməyəcək də.
M.Səfərli onu da bildirdi ki, Müsavat başqanı İsa Qəmbər müxalifətin "vahid namizədi" ola bilməyəcək. Bu baxımdan, İsa Qəmbər olsa-olsa rəhbərlik etdiyi partiyasının namizədi ola bilər. Yəni, heç vaxt Müsavat başqanı İ.Qəmbər müxalifətin "vahid namizədi" olmayıb və olmayacaq da. Ümumiyyətlə, bu günə qədər müxalifət qüvvələri ölkədə keçirilən heç bir seçkilərdə uğur qazanmayıb və qazanmayacaq da. Çünki müxalifət qüvvələrinin xalq tərəfindən siyasi dəstəyi yoxdur. Eyni zamanda, müxalifət düşərgəsini təmsil edən qüvvələr arasında da birlik yoxdur.
GÜLYANƏ