Eks-spiker ölkəyə dönə bilər, yalnız dəmir barmaqlıqlar arxasına
ACP "lideri", parlamentin eks-spikeri Rəsul Quliyev yenidən post-seçki ərəfəsində ölkəyə qayıdacağını bəyan etməklə, azsaylı tərəfdarlarının başlarını qatmaqla məşğuldur. Belə ki, o, vaxtilə törətdiyi cinayətkar əməllərinə görə istintaqa cəlb edilmək ərəfəsində olduğunu yəqin etdikdən sonra, müəyyən ajiotaj yaratmaq məqsədilə Azərbaycana dönəcəyini bəyan edib. Ancaq bütün bunlarla yanaşı, sağlam düşüncəli cəmiyyətə də aydındır ki, ACP "lideri" həqiqətən də, ölkəyə qayıtmaq fikrində olsaydı, bunu daha öncəki seçkilər ərəfəsində də reallaşdıra bilərdi. Ancaq R.Quliyevin son anda qorxub kənara çəklilməsi deməyə əsas verir ki, bu fərd Azərbaycana qayıda bilər, yalnız dəmir barmaqlıqlar arxasına.
Rəsul Quliyev müxtəlif cür sərsəm çıxışlara yer verməklə, guya günahsız olduğunu iddia edir
Xatırladaq ki, ACP "lideri" R.Quliyev barəsində 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə açılmış cinayət işi ilə bağlı dindirilə bilər. Bu barədə mətbuatda da yazılmaqdadır. Onu da qeyd edək ki, 2005-ci ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bağlı bir neçə şəxs saxlanılmışdı. Onlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Akif Muradverdiyev, Fikrət Sadıqov və digər şəxslər həbs olunub. Əsas ittiham isə eks-spiker R.Quliyevlə bağlı idi. Onu da qeyd edək ki, sözügedən ittihamlar öz təsdiqini tapmış, onların əməlləri tam sübuta yetirilmiş, eyni zamanda, həmin ittihamlarda adları hallanan şəxslər müvafiq cəzalarını almışlar.
Maraqlıdır ki, bu kimi ciddi ittihamlara görə hələ də ölkəyə qayıtmağa cürət etməyən R.Quliyev müxtəlif cür sərsəm çıxışlara yer verməklə, guya günahsız olduğunu iddia edir. Ancaq bir faktı da unudur ki, istənilən məqamda R.Quliyev gec-tez Azərbaycana gətizdiriləcək. O da bəllidir ki, inkarolunmaz faktlar qarşılığında başını aşağı salıb, cinayətlərini etiraf etmək məcburiyyətində qalacaq. Bax, onda eks-spikerin üzə çıxmayan, hələ də üstüörtülü qalan gizli əməlləri də ifşa olunacaq.
Rəfiqə Hüseynova