PDF Oxu

Müxalifət

  • 23

"Normallıqdan" doğan anormallıq

Əli Kərimli-İsa Qəmbər qarşıdurması şiddətlənir

"Normallıqdan" doğan anormallıq

Dağıdıcı düşərgədə cərəyan edən və bir-birinin tez-tez əvəzləyən hadisələr toplusuna daha biri də əlavə olundu. Belə ki, gah əsas namizəd, gah vahid namizəd, gah da digər ziddiyyətli məsələlər azmış kimi, AXCP sədri Əli Kərimli tərəfindən daha bir "ideya" ortaya atılıb. Bu "ideyanın" adı namizədlik namizədidir (?). Əslində, bu kimi seçkiqabağı anormallıqlar, sərsəm bəyanatlar gözlənilən idi. Çünki vaxt daraldıqca ən iddialı "liderlər" bu kimi hallardan yararlanmaqla ən azından, bir-birlərindən yarım addım da olsa irəlidə görünməyə çalışırlar. Amma görünən fakt budur ki, hər şeyə rəğmən, ümumi görünüş dəyişilməmiş qalmaqdadır. Bunu AXCP sədrinin yuxarıda qeyd olunan "ideyasından" da görmək mümkündür.

Əli Kərimli: "İsa Qəmbər prezidentliyə deyil, namizədliyə namizəddir"

"Cəbhə" sədri sözügedən vasitə ilə bir daha öz iddiasını ortaya qoyaraq bildirib ki, onun düşərgədaxili opponenti, Müsavat başqanı İsa Qəmbərin 2013-cü il seçkilərinə namizəd qismində qatılması onun qarşısını kəsə bilməyəcək. Düzdür, Ə.Kərimli, eyni zamanda, "ehtiyatlı" davranmağını da unutmayaraq, qeyri-səmimi şəkildə Müsavat başqanının prezident seçkilərinə qatılmasının "normal" olduğunu desə də, hadisələrin daha da gərginləşməsi nəzərdən qaçmır. Ə. Kərimli " Hesab edirəm ki, indiki məqamda İsa Qəmbər prezidentliyə deyil, namizədliyə namizəddir" deməklə bu amili kifayət qədər təsdiqləyib.

Söz yox ki, AXCP sədrinin bu kimi bəyanatı Müsavat başqanının nəzərindən yayına bilməzdi. Məsələ ondadır ki, Ə.Kərimli sözügedən bəyanatını "İctimai Palata"nın toplantısında jurnalistlərlə söhbəti zamanı səsləndirib. Çünki həmin məqamda İ.Qəmbər də orda olub və demək olar ki, namizədlik iddiası çərçivəsində yaşanan gərginlik canlı şəkildə müşahidə edilib. Ancaq Müsavat başqanı həmin anda deyil, toplantıdan sonra, müxalifətyönlü mediaya çıxaraq, Ə.Kərimlinin bəyanatına dolayısı ilə kəskin cavab verib.

İsa Qəmbər: " Müxtəlif vasitələrdən istifadə etmək olar"

Ə.Kərimlinin bu fikirlərinə münasibət bildirən Müsavat başqanı "Azadlıq" radiosunun verilişində bildirib ki, Ə.Kərimlinin bu mövqeyi "İctimai Palata"nın qərarından irəli gəlir: "İctimai Palata" prezident seçkilərilə bağlı partiyaların namizədlərini irəli sürməsini normal sayıb".

Lakin İ.Qəmbərin də səsləndirdiyi ifadələrdə səmimiliyin görünmədiyi açıq-aşkar sərgilənməkdədir. Çünki daha sonra müsavatçı "liderin" prinsipiallıqdan və müxtəlif vasitələrdən danışmasını Ə.Kərimlinin bəyanatına qarşı təhdid kimi də qiymətləndirmək mümkündür: "Amma qarşıdakı günlərdə hansı prsoseslərin, siyasi hadisələrin olacağını söyləmək çətindir. Bu, siyasətdir. Burada güzəştlər və prinsipiallıqlar ola bilər...Bunun üçün müxtəlif vasitələrdən istifadə etmək olar".

Güzəşt və prinsipiallıq deyərkən, Müsavat başqanı, əslində, Ə.Kərimlinin geriyə addım atmalı olacağına işarə edib. Prinsipiallıq məsələsində isə İ.Qəmbər AXCP sədri qarşısından heç də geriyə çəkilməyəcəyinə eyham vurub. Müxtəlif vasitələrdən istifadəyə gəlincə, burada daha çox hər iki partiya arasında açıq savaşa gediləcəyini başa düşmək elə də çətinlik yaratmır. Çünki son məqamda qeyd edilən bəyanatlardan da nəticə hasil etmək mümkündür. Əgər nəzərə alsaq ki, hazırda həm AXCP-yə, həm də Müsavata yaxın mətbuat orqanlarında, eyni zamanda, sosial şəbəkələrdə ("İstefa", "Xilas" qrupları və s.) Ə.Kərimli-İ.Qəmbər qarşıdurması daha da şiddətli hal almaqdadır, bu zaman yaxın günlərdə həmin şiddətin qarşısıalınmaz olacağını da proqnozlaşdırmaq mümkündür. Hər halda, 2013-cü il seçkilərinin dağıdıcı müxalifət düşərgəsinin "liderləri" üçün nəhs gətirməsi kifayət qədər özünü doğruldub. Baxmayaraq ki, seçkilərə doqquz ay qalıb...

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər