Asəf Quliyev: "Bu adam necə lider ola bilər?"
AXCP və Müsavat arasında baş verən kəskin qarşıdurmalar və həmin qarşıdurmalar fonunda yaşanan hadisələr nəticə etibarı ilə ictimai rəydə yekdil fikir formalaşdırıb. Daha dəqiq desək, ictimai rəydə formalaşan yekdil nəticədən də görünür ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində daha öncələr razılaşdırıldığı kimi, güzəşt məsələsi olmayacaq. Xatırladaq ki, "İctimai Palata"da "vahid namizəd", eləcə də "əsas namizəd" ideyası qüvvədən düşdükdən sonra hər iki partiya arasında yenidən ciddi qarşıdurmalar, ittihamlarla dolu kəskin intriqalar baş qaldırıb. Artıq "cəbhə" sədri Əli Kərimli İsa Qəmbərə güzəştə getməyəcəyini bəyan edib və seçkilərdə ona qarşı rəqib olacağını gizlətməməkdədir.
Onu da qeyd edək ki, Müsavat başqanı dəfələrlə heç kimdən asılı olmadığını bildirərək, seçkilərdə əsas namizəd olacağını iddia etməkdədir. O, şəraitdən asılı olmayaraq, seçkilərə qatılacağını bildirib. Amma sonradan - "Azadlıq" radiosunda verdiyi müsahibəsində güzəştə getmək barədə fikir yürüdən İ.Qəmbər bir daha Ə.Kərimliyə eyham vurub ki, bütün hallarda "cəbhə" sədri güzəştə getmək haqqında düşünməlidir. Buradan da görünür ki,Müsavat başqanının "Lazım gələrsə, güzəşt də olacaq" ifadəsini işlətməsi onun qarşı tərəfə deyil, məhz qarşı tərəfin ona güzəştə getməsi anlamını daşıyır.
Bu baxımdan, onu da demək mümkündür ki, hazırda hər iki partiyanın monopoliya idərəçiliyində olan "İctimai Palata"da da parçalanma və dağılma vəziyyəti son fazaya keçib. Avtoritar partiya sədrlərinin tərəfdarları isə həmin parçalanma prosesində öz rollarını oynamaqdadırlar. Burada daha çox AXCP və Müsvat səlahiyyətlilərinin və adlarıçəkilən siyasi təşkilatları müdafiə edən qruplaşmaların söz savaşaları özünü daha çox büruzə verməkdədir.
"Cəbhəçilər" İsa Qəmbərin "hədiyyəsini" unutmayıblar
Artıq AXCP tərəfi Müsavata güzəştə getməyəcəyini aşkar şəkildə bəyan edir, bununla da vəziyyətin gərginliyi daha da artır. "Cəbhə" sədrinin müavini Asəf Quliyev mətbuata verdiyi açıqlamalarının birində işarə edib ki, İ.Qəmbər 1998-ci il seçkilərində müxalifətin lideri Əbülfəz Elçibəyə güzəştə getməyib və "cəbhəçilər" onun bu "hədiyyəsini" hələ də unutmayıblar. Eyni zamanda, müxalifətin heç vaxt "vahid namizəd" məsələsində razılığa gələ bilməməsi səbəblərinin əsas baiskarı da məhz İ.Qəmbər görülməkdədir: "...Ancaq təsəvvür edin ki, 1998-ci ildə Əbülfəz Elçibəyə namizədlik məsələsində güzəştə gedilmədi. Ondan sonrakı dövrlərdə də müxalifət qüvvələri vahid namizəd məsələsində razılığa gələ bilməyiblər".
A.Quliyevin fikrincə, artıq "vahid namizəd" məsələsinin həlli də inandırıcı deyil: "Çünki Müsavat partiyasının başqanı İsa Qəmbər namizədliyini irəli sürüb və bildirir ki, şəraitdən asılı olmayaraq, seçkiyə qatılacaq. Eləcə də 2010-cu il parlament seçkilərindən sonra "İctimai Palata" yaradıldı. Bu qurumda yeni parlament seçkilərinin keçirilməsi, Milli Məclisin buraxılması istiqamətində addımlar atılırdı. Artıq prezident seçkisi ilinə daxil olmuşuq. "İctimai Palata"da cəmi 4 partiya iştirak edir. Aparıcı partiyalar isə AXCP və Müsavatdır. Bu partiyalar arasında fərqlilik var. AXCP çalışır ki, "vahid namizəd" məsələsini həll etsin".
Müsvat başqanına qarşı ictimai ittiham çağırışı
Amma göründüyü kimi, "vahid namizəd" məsələsi qalsın bir yana, ümumiyyətlə, hər hansı ideya ətrafında da yekdil razılığa gələ bilməyən partiya "liderləri" bir-birlərini dağıdıcılıqda günahlandırmadadırlar. Müsavat tərəfi AXCP-ni, AXCP tərəfi isə Müsavat rəhbərliyini müxalifəti parçalanmaqda ittiham edir. Məsələn, "cəbhə" sədrinin müavini ətraflarında olan insanları İ.Qəmbəri qınaq atəşinə tutmağa səsləyir. Bildirir ki, "vahid namizəd" ideyasının qarşısını alan tərəf Ə.Kərimli deyil, məhz İ.Qəmbərdir. Ona görə də Müsvavat başqanı ittiham olunmalıdır: "Fikrimcə, ciddi ictimai qınaq olmalıdır. Məncə, "vahid namizəd" ideyasının qarşısını alan, müxalifətdə dağıdıcı fəaliyyətə qarşı kəskin ictimai etiraz, qınaq olmalıdır".
"Mən bilmirəm ki, Pənah "bəy" bunu hansı cihazla ölçüb"
AXCP sədrinin müavini yalnız Müsavat başqanını deyil, eyni zamanda, ona yaxın olan qrupları da hədəfinə götürüb. Məsələn, bu yaxınlarda yenidən AXP-nin sədri vəzifəsinə yiyələnmiş və Müsavata yaxınlığı ilə seçilən Pənah Hüseyni ittiham edən A.Quliyev bildirib ki, onun mövqeyində kifayət qədər ədalətsizlik mövcuddur. O, P.Hüseynin " Müxalifətin ən şanslı namizədi İsa Qəmbərdir" bəyanatına iradlarla yanaşaraq, deyib ki, siyasətdə olan şəxslər bu kimi ucuz təxəyyüllərə malik olmamalıdırlar: "Mən bilmirəm ki, Pənah "bəy" bunu hansı cihazla ölçüb. Siyasətdə olan şəxsin belə bəyanatına təəssüf edirəm. Çünki məsələlərə ədalətli yanaşmaq lazımdır. Yəni bu zaman "kim kimə yaxındır" prinsipindən çıxış eləmək doğru deyil. Əgər kimsə liderdirsə, cəmiyyətdə nüfuzu varsa, özünə inanırsa, müxalifət daxilində ilkin seçkiyə gedərək sübut etməlidir ki, doğrudan da, elədir. Yox, əgər biz ilkin seçkidən, rəy sorğusundan imtina ediriksə, onda bu adam necə lider ola bilər? Məncə, bu məsələlər ciddi şəkildə aydınlaşdırılmalıdır".
"Biz özümüzü, insanları aldadırıq, vətəndaşların, onların övladlarının taleyi ilə oynayırıq"
Lakin ən maraqlı məqam isə ondan ibarətdir ki, A.Quliyev İ.Qəmbərə güzəştə getməyəcəklərini bildirməklə yanaşı, "cəbhə" sədrinin də fəaliyyətini tənqid atəşinə tutub. 20 ildir ki, müxalifətin seçkilərdə iştirak etdiyini, ancaq bununla xalqı və özlərini aldatdıqlarını etiraf edən AXCP yetkilisi bildirib ki, populist çıxışlarla xalqı aldatmaq dorğu deyil: "Biz özümüzü, insanları aldadırıq, vətəndaşların, onların övladlarının taleyi ilə oynayırıq. Artıq dərk eləmək lazımdır ki, bu insanların taleyi ilə oynamaq olmaz. Mən populist çıxışlarla seçkiyə gedib xalqı aldatmağı doğru hesab etmirəm".
Göründüyü kimi, artıq partiyalararası kəskin münasibətlər fonunda yaşanan olaylar partiyadaxili proseslərə qədər sirayət etməkdədir. Çünki bir partiya sədrinin müavininin həm qarşı tərəfi, həm də təmsil etdiyi düşərgəni və siyasi qurumu hədəfə alması, bu günə qədər yalnız populizmlər sayəsində arenada qalmalarını etiraf etməsi deyilənləri təsdiq edir. Sözsüz ki, bu təsdiq özünü 2013-cü il seçkilərində canlı olaraq sübuta yetirəcək. Proseslər bu faktoru kifayət qədər göstərir.
RÖVŞƏN RƏSULOV