Gültəkin Hacıbəyli ilə Rüstəm İbrahimbəyovun oxşar cəhətləri nədən ibarətdir?
Bu gün "Ziyalılar Forumu"nda cəmləşən reneqatların hər birində müəyyən bənzərliklər mövcuddur desək, yəqin ki, yanılmarıq. Çünki onların hər birinin arxasında müəyyən qisasçılıq və "iddialarında olduqları növbəti arzulara çatmama" faktorları dayanıb.
Belə bir məqamda keçmiş millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin eks-təmsilçisi Gültəkin Hacıbəylinin adının hallanması da təsadüfi sayılmamalıdır. Çünki bir zamanlar Azərbaycanda iqtidarın yürütdüyü uğurlu siyasəti dəstəkləyən, hətta bu siyasəti təbliğ edən G.Hacıbəylinin birdən-birə nəyə görəsə üzünü dəyişməsi fövqündə başqa nə isə düşünmək də olmur. Daha dəqiq desək, eks-millət vəkilinin hazırda "Ziyalılar Forumu"nda təmsil olunması ilə yanaşı, onun ölkədəki ictimai-siyasi hadisələrə müxalifətyönlü baxış sərgiləməsi arxasında bəlli məqamlar dayanıb.
Reneqat G.Hacıbəyli bu gün onun torpaq sahələrinin, daş karxanalarının olmamasını, çoxsaylı evlərinin, mülklərinin qeyri-mövcudluğunu nə qədər təkzib etsə də, onun təkzibləri əsl gerçəkliyi əks etdirmir. Söz yox ki, G.Hacıbəyli burada da böyük yalan danışır. Çünki G.Hacıbəyli çoxsaylı mülklərini, villalarını, bağ sahələrini, biznes üçün istifadə etdiyi torpaq mülkiyyətlərini qohumlarının adına rəsmiləşdirərək elə sanır ki, ictimaiyyətin onun əməllərindən xəbəri yoxdur. Bir sözlə, G.Hacıbəyli qorxur ki, birdən qulluq etdiyi müxalifət dairələri onun varından-karından istifadə etmək məqsədi ilə onun qarşısında hansısa tələblə çıxış edə bilərlər. Ona görə də malik olduğu varidatını ciddi-cəhdlə gizlətməyə çalışır. Amma gizlətdikcə də hər şey ifşa olunur. Necə deyərlər, G.Hacıbəylinin davranışları, əslində, "qarğa, məndə qoz var" anlamını verir. Hətta aparılan araşdırmalar zamanı o da bəlli olub ki, reneqat xanımın əliuzunluğu sayəsində onun yaxın qohumlarının da kifayət qədər zənginləşməyə macal tapıblar. Yəqin G.Hacıbəyli iki dəfə millət vəkili seçilərkən, göstərdiyi "aktiv fəaliyyəti" ilə şəxsi işlərini və biznesini ört-basdır etməyə müəyyən mənada nail ola bilib.
Ancaq indiki məqamda bir dəfə də olsun deputatlıq dönəmində gördüyü qaranlıq əməllərindən kəlmə belə kəsmir G.Hacıyeva. Çünki hazırda bu amil ona sərf etmir və çünki bu qədər varı-dövləti bir deputatın maaşı ilə almaq mümkün deyil. Bir neçə gün əvvəl onun malik olduğu mülkiyyət siyahılarından da deyilənləri təsdiq etmək mümkündür. Xatırladaq ki, G.Hacıbəylinin atası Yunis Hacıyevin adına Bakının Nəsimi rayonunda bir mənzil, Mehdiabad qəsəbəsində torpaq ərazisi var. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində sahibkarlıq üçün verilmiş və hərəsi bir neçə hektar olan iki torpaq sahəsi də ona məxsusdur. Eks-deputatın atası Y.Hacıyevin adına həmin rayonun Nərimankənd kəndində 5 hektarlıq daha bir torpaq sahəsinin olduğu bildirilir. Həmçinin, G.Hacıbəyli Goranboyun Cinli-Boluslu kəndində, Goranboy şəhərinin 58-ci kvartalında da iki torpaq sahəsini atasının adına rəsmiləşdirib. Əgər G.Hacıbəyli mənəviyyatca, vicdanca heç bir yanlışlığa yol verməyən insan təsirini bağışlamaq fikrindədirsə, onda öz adına olan var-dövləti necə, hansı imkanla əldə etdiyindən danışsın. Yox, əgər danışa bilmirsə, bu zaman "Ziyalılar Forumun"nda cəmləşən digərləri kimi dilini boğaza qoymadan cəfəngiyyatlar danışaraq, ictimaiyyəti çaşqınlığa tərəf sürükləməyə səy göstərməsin.
Maraqlı məqamlardan biri də odur ki, G.Hacıbəyli kimi "Ziyalılar Forumu"nda başqa təmsilçilər də mövcuddur. Özü də onların heç biri şəxsi həyatlarında bir qarm olsa belə, maddi çətinliklə üzləşməyənlərdir. Məsələn, R.İbrahimbəyovun Bakıda bir neçə mənzili olmaqla yanaşı, onun ABŞ-da da şəxsi evi var. R.İbrahimbəyov paytaxtda olan bütöv bir binanın mənzillərini (hansı ki, bu bina vaxtilə Kinematoqrafçılar İttifaqında tikilmiş və sənət adamlarına paylanmalı idi) müxtəlif adamlara kirayə vermiş, "İbrius" Teatrını isə şəxsi biznesinin mərkəzi ofisi kimi istifadə etmişdir.
Başqa tərəfdən, R.İbrahimbəyov Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilmiş "Şəhidlər Xiyabanı" ətrafında restoran və əyləncə kompleksi tikməkdən ötrü milli-mənəvi dəyərlərimizə sığmayan mərkəz yaratmaq planını reallaşdırmağa cəhd göstərib. Reneqat R.İbrahimbəyov, eyni zamanda, bir çox insanları aldadaraq, onların torpaq mülkiyyətlərini mənimsəyib, eləcə də, SOGAR-a məxsus ərazilərdə qeyri-qanuni torpaq alveri ilə məşğul olub. Dələduzluğu ilə yanaşı, qondarma "ziyalı" vergilərdən yayınaraq, həmin pulları bank vasitəsi ilə xarici hesablarına yatırıb.
Bir sözlə, G.Hacıbəyli ilə R.İbrahimbəyov arasında olan bənzərliklər yalnız sözügedən motivlərlə yekunlaşmır. Çünki onların neçə-neçə qaranlıq əməlləri mövcuddur ki, zamanı çatanda digər əməllərinin də üstü açılacaq. Sadəcə, hər şeyin vaxtı və zamanı var.
MÜBARİZ QULİYEV