PDF Oxu

Müxalifət

  • 42

2013- DAĞIDICI MÜXALİFƏTİN NƏHS İLİ

Və ya Azərbaycanda "Ərəb baharı" gözləyən "liderlərin" düşərgədaxili üsyanları şiddət mərhələsində

2013- DAĞIDICI MÜXALİFƏTİN NƏHS İLİ

2010-cu ilin parlament seçkilərindən sonra cəmiyyətə, xüsusilə, azsaylı elektorat bazaları qarşısında fəallıq nümayiş etdirdiklərini sübut etməyə çalışan dağıdıcı müxalifət "liderləri" ilk zamanlarda az-çox siyasi dividend qazanmağa nail olsalar da, bunun keçici proses olması hələ o vaxtlardan bəlli idi. Çünki müxalifətdə olduqları ötən 20 ilə ərzində siyasi uğur əldə edərək, hakimiyyətə yiyələnə bilməyən partiya "liderlərinin" şəxsi dividend artırmaq müstəvisində irəli sürdükləri ambisiyaları son anda, bütövlükdə, müxalifət düşərgəsinin iflasına təkan verirdi. Blok və birliklərdə doğan qrup maraqları, vahid liderlik arzuları isə həmin prosesi daha da sürətləndirirdi. Dağıdıcı düşərgədə yaranmış situasiyanın məhz bu gün də ötən 20 ildəkindən fərqlənməməsi belə qənaətə gəlməyə əsas verir ki, "liderlərarası" ambisiyalar onların iflas sindromlarından yayına bilmədiklərini kifayət qədər təsdiq edir. Bu baxımdan, söyləmək mümkündür ki, 2013-cü il dağıdıcı düşərgənin həm də nəhs ili kimi tarxiə düşəcək.

Partiyalararsı inqilabın baş qaldırması proqnozları reallaşır

Dağıdıcı düşərgənin ənənəvi siyasi təşkilatları kimi təqdim olunan AXCP və Müsavat partiyaları, əslində, öz daxillərində baş qaldırmış narazılıqları həll etmək əvəzinə, bir-birlərinə qarşı barışmaz mövqedə dayanmaqla aşkar sifətlərini ortaya çıxarmış olurlar. Əbəs yerə deyil ki, məhz bu il - 2013-cü seçki ilində "cəbhə" sədri Əli Kərimli ilə müsavatçıların başqanı İsa Qəmbər arasında gedən daxili savaş şiddətlənməkdədir. Artıq vəziyyət elə bir həddə çatıb ki, "İctimai Palata"da inhisarçılıq və avtoritar üsul- idarəçilikləri onların xidmətlərində dayanan azsaylı sıraviləri də təngə gətirib. Partiyalarda etiraz əlaməti olaraq baş verən qopmalar, parçalanmalar, qruplarası münasibətlərin korlanması isə bu arada daha da sürətlənib. Belə ki, AXCP-də Ə.Kərimlinin yürütdüyü siyasətə etiraz əlaməti olaraq bir sıra "cəbhəçinin" rayon təşkilatlarından verdikləri istefaları, Müsavat daxilində də eyni halın təkrarlanması deyilənlərin bariz sübutudur. Məhz builki post-seçki dövründə "ənənəvi liderlərin" ötən illərdəki seçkilərdə (1998, 2000, 2003, 2005, 2008 və 2010-cu illər) gedilməyən qarşılıqlı güzəştlərini yenidən qabartmaları sözügedən hadisələrə rəhg qatır.

Söz yox ki, düşərgədə təmsil olunan digər qurumlarda da eyni hal yaşanmaqdadır. Amma maraqlı məqam daha bir nüansın üzərində dayanıb. Bu nüans məhz yaradılan yeni müxaifətyönlü qurumların siyasi mövqelərinin möhkəmləndirilməsi prosesində əmələ gələn qarşıdurmaları ehtiva edir. Məsələn, "Ziyalılar Forumu"nun "üçüncü qüvvə" kimi ortaya çıxması, eləcə də, "vahid namizəd" məsələsində yekdil rəyə gələ bilməyən Ə.Kərimli-İ.Qəmbər barışmaz cütlüyünün "üçüncü qüvvəyə" qarşı öz güclərini ortaya qoya bilməməsi bu kontekstdəndir. Belə nəticəyə gəlmək mümkündür ki, "İctimai Palata"da təmsil olunan hər iki partiya sədri "Ziyalılar Forumu"nun namizədi kimi təbliğ edilən Eldar Namazov qarşısında hələ ki, tab gətirə bilmirlər. Bu amili isə düşərgədə yeni və bu dəfə daha kəskin qarşıdurmaların, hətta üsyanların yaranmasına gətirib çıxara bilər.

Xatırladaq ki, ən radikal yollara əl atmaqla belə, siyasi iqtidara gəlməkdə aciz qalan dağıdıcı müxalifət partiyalarında zaman-zaman bu kimi hadisələr kifayət qədər yaşanıb. Yüzlərlə partiya sıraviləri təmsil olunduqları siyasi müxalifət təşkilatlarından istefalara getməklə əsas günahkar kimi öz "liderlərini" gördüklərini istefa ərizələrində xüsusilə qeyd ediblər. Ancaq hər şeyə rəğmən, 2013-cü ilin sonlarına doğru sözügedən siyasət arenasında daha ciddi olayların, üsyanların baş verməsi proqnozunun işartıları indidən görünməkdədir. Hətta demək mümkündür ki, onların Azərbaycana arzuladıqları "Ərəb baharı"nın qığılcımları öz üzərlərinə düşüb və məhz özlərini də yandırmaq ərəfəsindədir.

Süni ajiotajlar, sabotajçı davranışlar nəticəsində "liderlik" faktorunu reallaşdırmaq müasir siyasət elmi ilə ziddiyyət təşkil edir

Bu gün radikal müxalifət düşərgəsində AXCP və Müsavat partiyalarına yaxın olan "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin ən kiçik məsələlər ətrafında süni ajiotajlar yaratmaq cəhdləri, məişət problemləri üzərində sabotaj xarakterli davranışlar sərgiləmələri arxasında dağıdıcılıq faktorunun dayanması danılmaz həqiqətdir. Ölkədə sabitliyin, inkişafın çoxşaxəli tərəqqinin əldə olunmasından hiddətlənən, uğurları həzm edə bilmək gücündə olmayan müxalifət mətbuatının bu və ya digər şəkildə hadisələrə siyasi don geyindirmələri arxasında da hakimiyyət hərisliyinin acı həqiqətləri dayanıb.

Liviyada, Misirdə və başqa ərəb ölkələrində də xalq belə naşı siyasətin qurbanına çevrilib. Çünki bu ölkələrdə baş verən üsyanlardan, yeni üsyanlar doğmaqdadır. Yəni süni ajiotajlar, sabotajçı davranışlar nəticəsində "liderlik" faktorunu reallaşdırmaq, bu vasitələrlə hakimiyyətə yiylənmək müasir siyasət elmi ilə ziddiyyət təşkil edir. Hazırda ərəb ölkələrində hakimiyyətə yiyələnmiş müxalifət qüvvələri xalqı düşünməməklə yanaşı, öz aralarındakı hakimiyyət bölüşdürmələrində də yeni-yeni savaşlara yol verirlər. Demək olar ki, bu faktoru hər gün dünyanın müxtəlif informasiya bülletenlərində görmək olar.

Gözləntilər əbəsdir

Azərbaycanda isə belə deyil və olmayacaq. Çünki istənilən məqamda normal düşüncəli ictimaiyyət belə hallara real gözlə baxmır. Çünki bəllidir ki, hər hansı bu kimi siyasi maxinasiyalar arxasında 20 ildir hakimiyyət arzusu ilə alışıb-yanan, hətta bunun üçün şeytanla da əməkdaşlığa gedəcəklərini danmayan, eyni zamanda, bu bəyanatı açıq söyləməyə üzləri gələn dağıdıcı "liderlər" dayanıb. Bunu sübut etməyə isə ehtiyac yoxdur. Məhz dağıdıcı müxalifət partiyalarına məxsus media orqanlarında dərc edilən şişirdilmiş məqalələrdə, "həyacanlı", "təlaşlı" xəbər başlıqlarında bütün bunları görmək mümkündür. Təbii ki, belə halları onlar arzulayırlar və arzuladıqlarını gerçək həyatda reallaşdırmadıqlarına görə, sadəcə, yazmaq vasitəsilə təskinlik tapırlar. Ancaq yuxarıda qeyd edildiyi kimi, bu gün Azərbaycanda "Ərəb baharı" görmək istəyən daxili və xarici qüvvələr əksinə olaraq, həmin üsyan və unqilabları öz üzərlərində yaşamağa məcbur olacaqlar. Çünki istənilən məqamda Azərbaycan xalqı son və qəti sözünü demək gücündədir. Azərbaycan xalqı isə ölkədə "Ərəb baharı" arzulayanlarla deyil, əksinə, "Ərəb baharı" yaratmaq istəyən qüvvələrə lazımi cavab vermək gücündə və iqtidarında olan, Azərbaycan dövlətçiliyinin qarantı olan sarsılmaz qüvvənin yanındadır.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər