PDF Oxu

Müxalifət

  • 40

KXCP seçki gündəminə ittihamlarla gəldi

Mirmahmud Mirəlioğlu: "2000 və 2003-cü illərdə, birmənalı olaraq, Müsavatla birgə olmuşuq, 2005-ci ildə isə onlar "Yurd"la bir blokda fəaliyyət göstərmişlər"

KXCP seçki gündəminə ittihamlarla gəldi

Müxalifət düşərgəsində "liderlərarası" namizədlik iddiaları uğrunda aparılan savaş şiddətləndikcə, qarşılıqlı ittihamların da sayı artmaqda davam edir. Qeyd etdiyimiz kimi, artıq "cəbhə", Müsavat, "Ziyalılar Forumu", eləcə də, "Məşvərət Məclisi" ilə yanaşı, "klassiklər" də barışmaz rəqabətə qatılıblar. Artıq KXCP rəsmən 2013-cü il seçkilərində içtirakı ilə bağlı bəyanat yayımlayıb. Belə ki, Mirmahmud Mirəlioğlunun müavini Xəzər Teyyublu mətbuata açıqlamasında "klassiklər"in öz namizədləri ilə seçkilərdə iştirak edəcəyini bildirib.

"Namizədliyimizin irəli sürülməsi haqqımızdır"

Bu arada M.Mirəlioğlu da müavininin dediklərini təsdiqləyərək, müxalifətdaxili rəqiblərinə qarşı bir çox ittihamlar səsləndirib. KXCP sədri bildirib ki, onun rəhbərlik etdiyi siyasi təşkilat həmişə seçkilərdə iştirak edib. Lakin ad davası - yəni "cəbhə"nin parçalanaraq "islahartçılar"a, "klassiklər"ə və digər qanadlara bölünməsi partiya olaraq seçkilərdə iştirak etmələrinə bir müddət məhdudiyyətlər yaradıb: "Açığı, partiyanın Ali Məclisinin əvvəlki sessiyalarında da namizədliyimin irəli sürülməsi ilə bağlı təkliflər olub. Amma bu məsələnin zamanında açıqlanmasını və müzakirələrə başlanmasını istəyirdik. Bir də ki, namizədliyimizin irəli sürülməsi haqqımızdır".

Göründüyü kimi, hər zaman AXCP və digər müxalifət partiyaları tərəfindən sıxışdırıldığını iddia edən M.Mirəlioğlu bu dəfə seçkilərdə iştirak edəcəyini qət edərək, bildirib ki, iştirak onun haqqıdır. Eyni zmanda, belə anlaşılır ki, M.Mirəlioğlunun bu haqqı, tələb kimi ortaya qoyması, burada həm AXCP, həm də Müsavat "liderləri"nə qarşı barışmaz mövqedə dayanacağına olan işarəsidir.

"Arzularımız başqadır, qabiliyyətimiz isə bir başqadır"

M.Mirəlioğlunun düşərgə "liderləri"nin hakimiyyətə yiyələnmək, arzuları ilə siyasi qabiliyyətlərinin üst-üstə düşməməsinə münasibəti də maraq doğurmaqdadır. Belə ki, hakimiyyətə gəlmək üçün müxtəlif qurum və birliklər yaradaraq, ictimaiyyət arasında müəyyən siyasi dividend axtarışına çıxan "liderlər" son anda bir-birlərinə qarşı amansız mübarizələrə start verirlər. Bu baxımdan, KXCP sədri düşərgə "liderləri"ni özü ilə bərabər siyasi qabiliyyətsizlikdə günahlandırır: "Hər kəs öz baxışı və qabiliyyəti səviyyəsində məsələyə yanaşır... Dəyərləndirməyə gəldikdə, onu deyim ki, arzularımız başqadır, qabiliyyətimiz isə bir başqadır".

"Müxalifət yalnız bir dəfə - 1992-ci ildə bir yerdə ola bilib..."

Müxalifətin bir daha birləşə bilməyəcəyini iddia edən M.Mirəlioğlu daha bir amilə toxunaraq, qeyd edib ki, düşərgə yalnız bir dəfə, yəni hakimiyyəti ələ aldığı zamanlar bir yerdə oldub. Bunu müxalifətin vahid lideri, mərhum Əbülfəz Elçibəy ilə əlaqələndirən KXCP sədri hazırda həmin liderin olmaması ilə əlaqələndirib: "...Müxalifət yalnız bir dəfə - 1992-ci ildə bir yerdə ola bilib. Hətta müxalifətin güclü vaxtında - 1998-ci ildə birgə ola bilməmişik. 1998-ci ildə bütün siyasi vəziyyətin bir rəhbəri vardı, o da Əbülfəz Elçibəy idi... 1998-ci ildə keçirilən prezident seçkilərində isə müxalifət seçkiləri əsasən boykot etdi. Bu da məhz Əbülfəz Elçibəyə görə edildi. Hətta həmin zamanlarda belə biz bir yerdə ola bilmədik. Əbülfəz Elçibəyin istəyinin əleyhinə olaraq da bu məsələ baş tutmadı."

Həmin dövrdə Elçibəyin prezidentliyə namizədliyinin dəstəklənməsinə qarşı çıxanların adlarının məhz Əli Kərimli və Əbülfəz Elçibəy olduğunu dolayısı ilə açıqlayan M.Mirəlioğlu bunun üçün xüsusi addıma ehtitac olmadığını deyib: "Ataların məşhur sözü var: "görünən dağa nə bələdçi". Bunun üçün xüsusi bir addım atmağa ehtiyac yoxdur. Həmin vaxtlar yeniyetmə deyildik və bütün proses də göz önündə idi."

KXCP sədri həmin dövrlərdə Elçibəyin liderliyinin qəbul olunmadığını da bildirib. Partiya sədri deyib ki, bu adamlar (Ə.Kərimli və İ.Qəmbər - R.R.) indi də ortadadır: "Bunun üzərində dayansaq, onda belə qənaətə gələcəklər ki, sanki mən hələ 1998-ci il hadisələrinə görə öz namizədliyimi irəli sürmüşəm. Yəni dediklərimə bu cür səthi yanaşıb qiymətləndirənlər ola bilər".

"İctimai Palata iki partiyanın nüfuz dairəsindədir"

KXCP sədri vaxtilə "İctimai Palata"nın təsisçilərindən olduğunu inkar etməyərək, hazırda bu qurumla əməkdaşlıq etmədiyini və bununla bağlı hər hansı planının olmadığını da deyərək, bilavasitə adıçəkilən "birliyi" inhisarçılıqda və avtoritar idarəçilikdə suçlandırıb. O, bununla demək istəyib ki, həm AXCP, həm də Müsavat "İP"-i özəlləşdiriblər: "Əslində, "İctimai Palata" iki partiyanın nüfuz dairəsindədir... Bu qurum yaradılanda, tərtib olunan əsasnamə artıq tarixin yaddaşına göndərilib. Qarşısına qoyduğuna çatıb-çatmamasının təhlili bir ayrı məsələdir. Obyektiv təhlil etsəm, tənqid etməli olacağam.Tənqidçi də olmaq istəmirəm."

Buradan da görünür ki, əslində, həm Ə.Kərimli, həm də İ.Qəmbər tərəfindən növbəti hücum hədəfi olmamaqdan ötrü, M.Mirəlioğlu burada bilavasitə deyil, dolayı ittihamlarla çıxış edir. Ancaq nəticədə, bir daha bəlli olur ki, KXCP sədri son anda barışmaz savaşın növbəti siyasi qurbanlarından birinə çevriləcək.

Əslində, heç kimin əleyhində olmadığını deyən partiya sədri bunu belə əlaqələndirib ki, o, düşərgədaxili hadisələrə obyektiv yanaşmağın tərəfdarıdır: "Mən heç kimin əleyhinə olmamışam. Sadəcə, məsələlərə qiymət verərkən, çalışmışam ki, obyektiv, ədalətli yanaşma olsun. 2000-ci, 2003-cü illərdə bir yerdə olmuşuq. Məsələn, 2000-ci ildə AXCP olaraq bizim çağırışımızla bütün şöbələrimiz Müsavat Partiyasının namizədlərinə səs verib... 2005-ci ildə isə onlar bizimlə birgə olmayıblar və "Yurd"la bir blokda fəaliyyət göstəriblər. Yəni belə məsələlər olub."

"Bu birlik alınmadığı təqdirdə, hazırkı məqamı daha uyğun hesab edirəm"

Bu günə qədər müxalifətin faliyyətində birlik yaratmaq uğurnda mübarizə apardığını deyən M.Mirəlioğlu bu faktorun alınmadığını etiraf edib. Məhz bu səbəbdən də, ayrıca namizəd kimi seçkilərə qatılacağını bildirib. Bu isə, o deməkdir ki, düşərgənin onsuz da normal olmayan vəziyyəti daha da pisləşəcək. Çünki bu və ya digər baxımlardan təhlil etsək, görərik ki, namizədlərin çoxluğu "liderlərin" qarşılıqlı savaşlarını şiddətləndirəcək: "Bu günə qədər müxalifətin birliyi istiqamətində də bir sıra fəaliyyətimiz olub. Lakin bu birlik alınmayıb. Bu birlik alınmadığı təqdirdə, hazırkı məqamı daha uyğun hesab edirəm."

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər