Yaxud Ə.Elçibəyin adını təbliğat üçün sui-istifadə edən fürsətcillər
Müsavat üzvü, hazırda mühacirətdə yaşayan yazar Əli Əkbər bir neçə gün öncə, "kultura.az" saytında "Sinizmin azərbaycancası və elçibəysevərlərin həzin susqunluğu" başlıqlı yazısında müxalifətin mərhum lideri Əbülfəz Elçibəyə qarşı kəskin xarakterli ittihamlar səsləndirərək onu təhqir edib. Belə ki, o, Elçibəyi "həyatı və fəaliyyəti xəyanətlərlə dolu olan turançı şizofrenik" adlandırmaqla yanaşı, onu "siyasi alkaşların banisi" kimi gördüyünü yazıb. Xatırladaq ki, müsavatçı Ə.Əkrbərdən öncə, bu partiyayanın digər üzvü blogger Emin Milli də Ə.Elçibəy barədə təhqiramiz yazılar dərc etmişdi. Ancaq maraqlıdır ki, bu gün Müsavatın guya "Elçibəy-Rəsulzadə" yolunun davamçısı olduğunu iddia edən partiya başqanı İsa Qəmbər həmin hadisələrə münasibət bildirməyib. Hətta sözügedən məsələyə etinasız yanaşaraq, susub.
Eyni zamanda, AXCP sədri Əli Kərimli də bu barədə heç bir münasibət sərgiləməyib.Bu amil isə belə deməyə əsas yaradır ki, həm İ.Qəmbər, həm də Ə.Kərimli, həqiqətən də, Elçibəyin qatı düşmənləri olublar və liderlərinin təhqir edilməsi onları qətiyyən hiddətləndirmir. Əksinə, İ.Qəmbər-Ə.Kərimli cütlüyü bu hadisədən necə deyərlər, feyz alır.
Onlara sərf etməyən məsələ, siyasi dividend gətirməyən hər bir hadisə maraqlarına cavab vermir
Digər tərəfdən düşünmək olar ki, Elçibəyin, eləcə də, M.Ə.Rəsulzadənin adı Müsavat başqanı və AXCP sədri üçün sadəcə təbliğat üçün lazımdır. Məhz bu səbəbdən də məsələyə heç bir kəskin, ya da yumşaq münasibət bildirilmir. Çünki onlara sərf etməyən məsələ, siyasi dividend gətirməyən hər bir hadisə onların maraqlarına cavab vermir.
Başqa tərəfdən, partiya sədləri olaraq, öz daxillərindəki çirkinlikləri, murdarlıqları görməzlikdən gələn hazırkı "liderlər" Elçibəyin təhqir olunması məsələsini buraxıblar öz müavinlərinin üzərlərinə. Yəni münasibət onlar deyil, funksionerlər tərəfindən bildirilməkdədir. Ancaq maraqlı nüanslardan biri də budur ki, Müsavat funksionerləri lider adlandırdıqları Elçibəyin təhqir olunmasını da "demokratiya" əlaməti kimi sırıyırlar.
Təhqiri həzm etmək "demokratiyamış"
Məsələn, İ.Qəmbərin müşaviri Mustafa Hacıbəyli deyib ki, yazıda öz əksini tapan fikirlər Ə.Əkbərin şəxsi mövqeyini ifadə edir, Müsavat partiyasının fikri deyil. Maraqlısı da odur ki, əgər Ə.Əkbər Elçibəy barədə deyil, hakimiyyət haqqında nə isə yazsaydı, onun yazdıqları dərhal Müsavatın mühacirətdə yaşayan üzvünün bəyanatı kimi təqdim olunardı. Amma nədənsə Elçibəyin təhqir olunması Ə.Əkbərin müsavatçılığı ilə əlaqələndirilmir. Ə.Əkbərə qarşı hər hansı ölçü götürülməsinə gəlincə, M.Hacıbəyli deyib ki, Müsavat partiyası "demokratik" partiyadır və istənilən fikrə görə kiminsə partiyadan çıxarılması nəzərdə tutulmayıb (?!-M.Q.).
Demək belə çıxır ki, əgər müəyyən siyasi hadisələr dövründə Elçibəyin portretini başları üzərində asaraq, onun adından siyasi dividentlərini artıraraq, sui-istifadə edən Müsavat və AXCP rəhbərliyi sabah Ə.Əkbər, E.Milli, ya da istənilən şəxs tərəfindən təhqirlərə məruz qalsalar bu zaman susacaqlar. Çünki onların üz-gözləri belə təhqirlərə alışıb. Həm də onlar eşidəcəkləri təhqirlərə rəğmən "demokratikliklərini" sərgiləyib həmin söyüşlərə qarşı "dözümlük" nümayiş etdirəcəklər. Elə isə hazır olsunlar...
MÜBARİZ QULİYEV