Yaxud, vaxtilə onun hazırkı vaxtına dediyi sözlər
Qeyd edək ki, ötən saylarımızın birində sabiq millət vəkili Gültəkin Hacıbəylinin son dövrlərdəki fəaliyyətinə toxunmuşduq. Həmin yazımızda G.Hacıbəylinin "siyasi baxışlarındakı" dəyişmələrin mahiyyətinə bir çox sübutlar səsləndirilmişdi. Bu dəfə isə vaxtilə onun müxalifət barədə dedikləri sözləri və işlətdikləri ifadələri bir daha oxucularımızın ixtiyarına buraxırıq. Çünki dəfələrlə Milli Məclisdə verdiyi açıqlamalarında G.Hacıbəylinin vaxtilə müxalifətə qarşı dediyi sözlər bilavasitə onun hazırkı zamanı ilə üst-üstə düşür. Həmçinin, onun hansı "simaya" malik olmasını kifayət qədər büruzə verir...
Gültəkin Hacıbəylinin 7 aprel 2004-cü ildə mətbuata dediklərindən: "...Düşünürəm ki, Prezident İlham Əliyev andiçmə mərasimində verdiyi vədə əməl edir. Həmin vaxt o demişdi ki, bütün azərbaycanlıların Prezidenti olacaq. İndi əməlləri ilə sübut edir ki, siyasi əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlının Prezidentidir".
31 may 2006-cı ildə mətbuata verdiyi açılamasında isə hazırda "Ziyalılar Forumu"nda Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət quran G.Hacıbəyli deyib: "Hesab edirəm ki, ölkədəki bütün proseslər siyasi dialoq vasitəsilə əldə ediləcək. Əgər siyasi dialoq küçələrdə aparılırsa, xalqın rifahına, dövlətin inkişafına xidmət etmir. Dialoq sivil səviyyədə, parlament çərçivəsində, dəyirmi masalarda aparılmalıdır". "Bəziləri yenidən Azərbaycanda "siyasi məhbus" məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin mən düşünürəm ki, bu gün Azərbaycan-Avropa Şurası münasibətləri daha sağlam zəmin üzərində inkişaf edir. Bunun əsas səbəblərindən biri də "siyasi məhbus" məsələsinin həll edilməsidir. Bu problem demək olar ki, qapanıb. Arada mübahisə doğuran bir sıra xırda məsələlər var. Bu məsələlər də demək olar ki, həll olunmaq üzrədir. Bu baxımdan, düşünmürəm ki, "siyasi məhbus" məsələsi ilə bağlı Azərbaycanla Avropa Şurası arasında hər hansı gərginlik yaşansın. Ümumiyyətlə, AŞ-nin bu məsələni araşdıran Hüquq və İnsan Haqları Komitəsinin "siyasi məhbus" məsələsi ilə bağlı mandatı da bitib. Konkret olaraq "siyasi məhbus" adlandırılan məsələnin əvvəlki gərginliyi ilə gündəmə gəlməsi, ayrıca bir təhqiqat mövzusu kimi gündəliyə salınması ehtimalı yoxdur. Nəzərə alsaq ki, ölkəmizdə seçkilər kifayət qədər demokratik və Avropa standartlarına uyğun şəkildə həyata keçirilib, AŞ PA-nın, digər beynəlxalq təşkilatların müşahidəçiləri müsbət rəylərini açıqlayıblar, "siyasi məhbus" məsələsinin yenidən gündəmə gətirilməsi təbii qarşılanmalıdır. Yəni təkrar seçkilərdə bizi tənqid etmək üçün məqamlar az olduğundan bəziləri tərəfindən vurğunun "siyasi məhbus" məsələsinin üzərinə köçürülməsi cəhdləri müşahidə edilir. Bu da süni olaraq ajiotaj yaratmağa xidmət edir. Yəni artıq təkrar seçkilərdən sonra Azərbaycanı əvvəlki kimi tənqid etmək üçün başqa əsas qalmayıb. Seçkilərin normal keçirilməsi bizim dostlarımız üçün sevindirici amildirsə, bir növ Azərbaycanla bağlı daim tənqidi fikirlər söyləməyə alışmış adamlar üçün bu, belə deyil. Həmin şəxslər yeni situasiyaya uyğunlaşa bilmirlər. "Siyasi məhbus" məsələsi ilə bağlı müəyyən süni gərginlik yaradılması da bundan irəli gəlir...Azərbaycanın reallığına nəzər alsaq, hər şeyin qaydasında olduğunu demək olar. Bu reallıqlar müxalifət liedrlərinə də məlumdur. Hamı etiraf edir ki, hazırda Azərbaycan siyasi müstəvisində Prezident İlham Əliyevə alternativ ola biləcək qüvvə yoxdur. Mənim heç bir şübhəm yoxdur ki, əgər seçki bu gün keçirilərsə, İlham Əliyev hər hansı bir təbliğat kampaniyası aparmadan əhalinin rəğbətini qazana bilər. Bu, Azərbaycan cəmiyyəti tərəfindən də qəbul olunan bir həqiqətdir".
21 oktyabr 2008-ci il - G.Hacıyeva müxalifəti yıxıb-sürüyür: "Azərbaycan xalqı çox böyük mütəşəkkilliklə prezident seçkilərində iştirak etməklə boykotçu müxalifətin özünü boykot etmiş oldu. Həmçinin, seçkilərin nəticəsi boykot ideyasının cəmiyyətdə müsbət qarşılanmadığı, məqbul sayılmadığı, dəstəklənmədiyini bir daha sübut etdi. Bu nəticə bir də onu sübut etdi ki, Azərbaycan cəmiyyəti yekdildir. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti öz liderini tanıyır, sevir və ona öz etimadını, öz etibarını göstərir. Demək istəyirəm ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev dövlət başçısı kimi az sayda olan, müxalifyönümlü qüvvələri dəstəkləyən, hətta seçkiləri boykot edən cüzi bir təbəqənin təmsilçiləri olan insanların da maraqlarının təmsilçisidir. İlham Əliyevin 5 illik fəaliyyətinin xalq tərəfindən çox yüksək qiymətləndirilməsinin bir səbəbi də Onun sözün həqiqi mənasında siyasi mənsubiyyətindən, siyasi spektrin hansı rəngini təmsil etməsindən asılı olmayaraq, bütün azərbaycanlıların maraqlarını təmsil etməsindən qaynaqlanır...Qərbin az qala Azərbaycan hakimiyyətinin çox güclü opponenti kimi təqdim etdiyi, İlham Əliyev iqtidarının ciddi rəqibi kimi göstərməyə çalışdığı boykotçu müxalifət ideyası, fəlsəfəsi özü iflasa uğradı və bu tərəf artıq indiki hakimiyyətlə bərabər səviyyədə dəyirmi masa arxasında əyləşə bilməz. Yəni söhbət cəmiyyətin çox cüzi hissəsinin dəstəklədiyi müxalifət qüvvələrindən gedir. Ona görə Qərbin qəbul etdiyi formatda bu qüvvələrlə iqtidar-müxalifət dialoqundan söhbət gedə bilməz".
Göründüyü kimi, əziz oxucular, bütün bunlar yuxu deyil, sabiq millət vəkili, hazırda isə ziyalılar klubunda oturub öz keçmişini qamçılayan, öz-özünə opponentlik edən G.Hacıbəylinin fikirlərdir. Təəssüf ki, reneqatçılıq və riyakarlıq burulğanında hələ də hansı əqidəyə malik olduğunu tapa bilməyən G.Hacıbəyli bu millətin vəkilliyini edib. Ona görə təəssüf ki, həmin zamanlarda deputat mandatından istifadə edərək, özünə münbit şərait yaradan G.Hacıbəyli bu gün deputat seçilmədiyinə görə hakimiyyətə, dövlətə və xalqa qarşı aparılan çirkin kampaniyanın iştirakçısına çevrilib.
Ancaq ən maraqlısı isə budur ki, G.Hacıbəyli, əslində, öz yerini tapa bilib. Çünki "Ziyalılar Forumu" adlı qondarma qurumda oturanların əksər çoxluğu bu dövlətin çörəyini yeyərək, həmin çörəyə təpik atan fərdlər yığılıb. Bu "xanım" isə onların bir tayına çevrilib. Hazırda reneqatçılıq edərək, haram çörək qazanmağa çalışan G.Hacıbəylinin ətrafında hərlənən Rüstəm İbrahimbəyovlar, Eldar Namazovlar və digərləri də ondan qətiyyən fərqlənmirlər. Hər halda kor-kor, gör-gör dünyasıdır. Xalq bu dünyada nəyin necə və kimin-kim olduğunu yaxşı bilir...
Rəfiqə HÜSEYNOVA