PDF Oxu

Müxalifət

  • 82

Rəsul Quliyevin erməni vurğunluğu

Və ya ACP "liderinin" gülünc inkarları onun maskasının cırılmamış hissəsini də yırtdı

Rəsul Quliyevin erməni vurğunluğu

Müxalifət "liderlərinin" zaman-zaman erməni siyasi dairələri və Qərbin ermənipərəst fərdləri ilə gizli anlaşmalara getmələri zaman-zaman özünü kifayət qədər açığa çıxartmışdır. Buna misal kimi Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin özləri tərəfindən müəyyən edilmiş emissarları vasitəsilə ermənipərəst dairələrdən qarşısında öhdəçilik götürmələrini göstərmək mümkündür. Hətta bəzi hallarda belə xəyanətkar əlaqələrin qurulması aşkar şəkildə ictimailəşdirilmiş, bununla da dağıdıcı müxalifət rəhbərlərinin erməni vurğunluqları bariz şəkildə üzə çıxmışdır.

Rəsul Quliyevin legitim milyonerliyi haradan qaynaqlanıb?

Müxalifətçi partiya "liderlərinin" bu kimi siyasətləri hazırda da davam etməkdədir. Belə ki, bugünlərdə ACP "lideri" Rəsul Quliyevin ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları ilə əlaqələr yaratmasına can atması öz təsdiqini tapmaqla yanaşı, bu olayı erməni siyasətçiləri də etiraf ediblər. Məsələ ondadır ki, Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin "Qarabağ" komitəsinin ilk rəhbəri olan İqor Muradyan ACP-nin hazırda ABŞ-da yaşayan "lideri" R.Quliyevlə görüşərək, bəzi məsələlər ətrafında fikir mübadilələri (?-R.R.) apardığını açıqlayıb. Ermənistanın "Lragir.am" saytına müsahibə vermiş erməni siyasətçi ACP "lideri" ilə görüşünün təfərrüatını belə açıqlayıb ki, o, Azərbaycan müxalifət partiyasının "lideri" olmaqla yanaşı, həm də legitim milyonerdir: "R.Quliyev Azərbaycan parlamentinin eks-spikeri, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir".

İ.Muradyan eyni zamanda R.Quliyevlə görüş məkanının yerini də dəqiq olaraq göstərib və bildirib ki, görüş Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutub, eləcə də və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil edib:"Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi".

Qeyd edək ki, erməni siyasətçi ACP "liderini" legitim milyoner adlandırmaqla bir daha maraqlı faktı ortaya çıxarmış olub. Daha dəqiq desək, R.Quliyevin Azərbaycan iqtisadiyyatını çapıb-talayaraq ölkədən qaçması arxasında onun legitim milyoner olması məsələsi dayanır. Onu da unutmaq lazım deyil ki, xalqa məxsus milyonları mənimsəyən R.Quliyev zamanı çatanda necə legitim milyoner olmasını açıqlamağa məvbur olacaq. Çünki ona heç kim haqq verməyib ki, R.Quliyev xalqın pullarını xalqa və dövlətçiliyə qarşı xərcləsin.

Daha bir məsələyə də aydınlıq gətirmək üçün qeyd etmək yerinə düşərdi ki, R.Quliyev ABŞ-da yaşamasına rəğmən, özünün dediyi kimi, "siyasi mühacir" deyil. O, sadəcə, dövlətin pullarını oğurlayaraq, Azərbaycanı tərk etmiş cinayətkardır. Bu səbəbdən də, onun özünə "siyasi mühacir" statusunu verməsi heç cür qəbul olunası deyil.

Qatığa qara demək bunların köhnə şakərləridir

Ancaq ortada olan fakt və sübutlara rəğmən, R.Quliyev üzə çıxmış məlumatları inkar etməyə çalışır. Maraqlıdır ki, bu gün bir erməni həmkarının dediklərini qəbul etməyən, yaxud yalanlamağa çalışan R.Quliyev daha öncələr də bu kimi tutarlı faktların ona aid olmadığını bəyan etmişdi. Nəzərə alsaq ki, başda R.Quliyev olmaqla, bütün dağıdıcı müxalifət rəhbərləri erməni siyasi dairələri ilə əməkdaşlıqlarını inkar ediblər, onda belə bir nəticəyə gələ bilərik - qatığa qara demək bunların köhnə şakərləridir.

Amma daha bir maraqlı nüanslardan biri də R.Quliyevin öz ifşası ətrafında ucuz manipulyasiyalar etməsi məsələsidir. Məsələn, ACP "lideri" indi də durub deyir ki, guya yayılan bu məlumat arxasında iqtidar dayanıb və erməni siyasətçi hökumət tərəfindən ələ alınıb (?!-R.R.).

Görünən tərəf budur ki, R.Quliyev çıxılmaz vəziyyətdə qaldığı üçün hər zamankı kimi hakimiyyəti günahlandırmağa səy göstərir. Fəqət, onun bu siyasi artistizminə bələd olan sağlam düşüncəli cəmiyyət tam olaraq əmindir ki, ACP "lideri" daim erməni siyasi dairələri ilə sıx əlaqələr qurmaqla, Azərbaycan dövlətçiliyi əleyhinə müxtəlik kampaniyalarda aparıcı rollardan birini oynayıb.

Sübut və faktlar Rəsul Quliyevin susması ilə başa çatdı - ACP "lideri" İ.Muradyanın "Azərbaycan hökümətinin pulla ələ aldığı erməni" olduğunu hardan bilir?

Fakt və sübut budur ki, ACP "lideri" irəli sürülən dəlillərə rəğmən, özünü təmizə çıxarmağa səy göstərir. Çünki o nə qədər çaba göstərsə də internet şəbəkələrinə yayılmış məlumatı (www. lragir.am saytının yazdıqlarını) təkzib edə bilməz. Eyni zamanda, R.Quliyev Azərbaycan hakimiyyəti üçün elə bir əhəmiyyətli şəxs deyil ki, iqtidar bunun üçün kiminləsə anlaşıb, ona qarşı kampaniya aparsın. Çünki bitgin və xəyalpərəst birinin buna yetəcək nüfuzu da yoxdur.

Başqa tərəfdən R.Quliyev əvvəlcə "Azərbaycan hökümətinin pulla ələ alınmış erməniləri var və onlardan istifadə edirlər. Həmin bu İqor da onlardan biridir" iddiası ilə çıxış edir. Sonra isə "həmin adamı axtarıb tapsınlar, əgər varsa" söyləyib şübhəyə düşür. Necə deyərlər, bu, lap ağ oldu. Yəni belə bir sual meydana çıxır ki, tutaq ki, R.Quliyev belə bir adamın olmağından həqiqətən də xəbərsizdisə, ACP "lideri" İ.Muradyanın "Azərbaycan hökümətinin pulla ələ aldığı erməni" olduğunu hardan bilir? Əgər bilirsə, onda, demək, EMTP sədrini tanıyır və onunla əlaqələrini daha öncələrdən qurub. Ona görə də R.Quliyev yaxşı olardı ki, İ.Muradyanla neçə il bundan qabaq və haradan tanış olması barədə açıqlama versin. Vermirsə, belə çıxır ki, bu kimi arqumentlər qarşılığındakı susqunluğu ilə öz ermənipərəstliyini və dövlətə xəyanətini etiraf edir.

Rövşən RƏSULOV

Digər xəbərlər