"İctimai Palata"dakılar özləri-özləri ilə vuruşurlar
Müxalifətin dağıdıcı qanadının iki siyasi partiyasına - AXCP və Müsavata qarşı düşərgənin digər qütbləri tərəfindən irəli sürülən ittihamlar davamlı və kəskin xarakter almağa başlayıb. Belə ki, həmin ittihamlar çərçivəsində hədəfə alınan Əli Kərimli və İsa Qəmbər müxalifəti parçalamaqda, biləşəməyə mane olmaqda və inhisarçılıqda günahlandırılır. Lakin Ə.Kərimlinin Müsavatı parçalamaq missiyası bununla da bitmir. Belə ki, o, başqan İsa Qəmbərin və Müsavatın vuran əli hesab olunan Arif Hacılını da nüfuzdan salmaq siyasəti aparır. Sosial şəbəkə və mətbuatda İ.Qəmbərlə A.Hacılı AXCP sədri Ə.Kərimli və müavinlərinin tənqidlərinə, eləcə də təhqirlərinə məruz qalırlar.
İddialıların nüfuz davası
İ.Qəmbərin namizədliyini rəsmən təsdiq etdiyi vaxt AXCP-nın Müsavata açıq şəkildə düşmən mövqeyinə keçməsinin əsil səbəbi partiya başqanı İ.Qəmbəri nüfuzdan salaraq Ə.Kərimlini müxalifətin vahid namizədi kimi seçkilərə göndərmək istəyir. Digər tərəfdən AXCP müxalifətdə İ.Qəmbəri dəstəkləyən partiyaları da öz tərəfinə çəkmək niyyəti güdür. Müsavatdan sızan başqa xəbərə görə, Ə.Kərimli Müsavat üzvlərinə şirnikləndirici vədlər verir. Həmçinin, AXCP-ın bölgə təşkilatları rayonlarda Müsavat əleyhinə təbliğat aparırlar. Ən maraqlısı da ondan ibarətdir ki, AXCP bəzi müsavatyönlü politoloqları öz tərəflərinə çəkərək mətbuatda Müsavat əleyhinə açıqlamalar verməsini xahiş edirlər. Son zamanlarda İ.Qəmbərin müxalifətdaxili nüfuzunun aşağı salınmasının da səbəbi budur. Bu faktor isə iki partiya arasında uzun zamandır davam edən "soyuq müharibə"ni daha da qızışdırır.
Sərdar Cəlaloğlu: "İctimai Palata" nə qurumdur ki, Azərbaycanın siyasi həyatına da təsir etsin"
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iddia edir ki, "İctimai Palata" nə qurumdur ki, Azərbaycanın siyasi həyatına da təsir etsin: "Bu əndrəbadi qurumun ölkənin siyasi situasiyalarında nə heç bir rolu, nə də izi yoxdur. Belə ki, "İctimai Palata"nı inhisarlarında saxlayan hər iki partiya qapalı dairədirlər və özləri-özləri ilə vuruşur, mübarizə aparır, yəni özləri-özləri ilə məşğuldurlar. Bu baxımdan, seçkilər ərəfəsində həm partiyalararsı, həm də qurumlar daxili intriqaların daha da çoxalmasını proqnozlaşdırmaq mümkündür. Çünki ittihamedici tərəf əllərinə düşən fürsətlərdən maksimum yararlanmağa çalışırlar".
Əhməd Oruc: "20 ildir Əli Kərimli və İsa Qəmbər eyni biabırçı oyunu çıxarır, gərək adamda..."
"Azadlıq" partiyasının sədri Əhməd Oruc hadisələrə münasibətini açıqlayarkən bildirib ki, AXCP və Müsavat partiyalarının monopoliyası ilə yaradılan, eyni zamanda, hər iki partiya rəhbərinin şəxsi ambisiylarına xidmət edən "İctimai Palata" qarşısına qoyduğu məqsədlərdən uzaqlaşıb və qeyri-müəyyən bir quruma çevrilib: "İctimai Palata ilk öncə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədi ilə yaradılmışdı, sonradan QHT-lər, sosial tələblər ortaya çıxdı və s."
Eləcə də, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı "palata"da gedən proseslərə münasibət bildirən Ə.Oruc qeyd edib ki, orada təmsil olunan partiyaların hər birinin indiki şərtlər daxilində seçkilərdə uğur qazanması mümkünsüz görünür: "Açığı, mən "İctimai Palata"da seçkilərdə iştirak etmək əhval-ruhiyyəsi hiss etmirəm, sadəcə olaraq, oradakı ayrı-ayrı partiyalar bu prosesdən sonra müxalifət daxilindəki öz mövqelərini qoruyub önə çıxmaq uğrunda mübarizə aparırlar. 20 ildir Əli Kərimli və İsa Qəmbər eyni biabırçı oyunu çıxarır, gərək adamda...".
Rəfiqə