PDF Oxu

Müxalifət

  • 64

Əkrəm Naibovun ardınca növbə onlarındır

Çünki ortada daha bir amil mövcuddur

Əkrəm Naibovun ardınca növbə onlarındır

Əkrəm Əylislinin (Naibovun) rəzil "Daş yuxular"ının qaranlıq, görünməyən məqamları getdikcə üzə çıxır və bu məqamlar üzə çıxdqıqca məsələnin dağıdıcı müxalifət tərəfindən siyasiləş(diril)məsi özünü daha çox qabardır. İlk öncə bəlli oldu ki, reneqat Eldar Namazovun və dəstəsinin adıçəkilən üzdəniraq romandan hələ xeyli qabaq, yəni "əsər" ictimailəşməmişdən öncə xəbəri olub. Yayılan məlumata görə, bu romanın da yer aldığı "Möhtəşəm tıxac" adlı trilogiya hələ iki il əvvəl Bakıdakı nəşriyyatlardan birində az tirajla dərc olunub və müəllif tərəfindən məhdud sayda (?) seçilmiş oxuculara paylanıb. Düşündürücü məqam isə budur ki, Ə.Naibov nəyə görə "Daş yuxular"ı məhz məhdud sayda insanlara paylayıb? Demək, belə anlaşılır ki, müəllif ilk olaraq yazısını özü kimilərə təqdim etməklə, cəmiyyətin kəskin qınaq hədəfinə tuş gələcəyini yəqin edib. Eyni zamanda, "Daş yuxular" həmin kitabdakı ikinci roman imiş. Kitaba daxil olan birinci roman "Yəmən", üçüncü isə "Möhtəşəm tıxac" adlanır. Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti isə reneqatlar olublar. "Əsər" hətta bu dəstənin formatında müzakirəyə də çıxarılıb. Nəticədə, müzakirələr zamanı kitab bəyənilib. Çünki bəyənilən kitabda yazılanlar başdan -ayağa qədər azərbaycanlıları "qaniçən", erməniləri ilə "məzlum" xalq kimi təqdim edib.

Reneqatlar dəstəsinin iç üzü getdikcə daha açıq müstəvidə ifşa olunmaqdadır

Artıq "Daş yuxular" özünü azərbaycanlı hesab edən şəxslər tərəfindən dəfn edilib. Ancaq bununla yanaşı, Ə.Naibovu az qala "erməni məzlumundan" da artıq "məzlumlaşdıran" reneqatlar dəstəsinin iç üzü getdikcə daha açıq müstəvidə ifşa olunmaqdadır. Çünki ortada daha bir amil mövcuddur - məsələdən yararlanaraq, onu siyasiləşdirmək və siyasi ambisiyaları reallaşdırmaq. Ancaq haraya qədər? Bax, bunu düşünmək reneqatların yadlarından çıxıb.

Belə ki, dəfələrlə bu dəstənin maraq dairəsi barədə mətbuatda kifayət qədər yazılar dərc edilib. Xalqa bəlli oldu ki, nə üçün Eldar Namazovun reneqatlar dəstəsi Ə.Naibovun bu çirkin əməlinə öz mövqeyini bildirməyib. Axı, onlar ölkədə baş verən bütün hadisələrə "ziyalı sözü" adı altında münasibət bildirirdilər, rəy verirdilər? Əgər bunlar bir qramlıq "ziyalılıqlarını" ortaya qoymaq gücündə deyillərsə, demək, ziyalı adı altında Azərbaycan xalqının ayağının altında quyu qazanlardırlar.

Birdən xalqın etiraz səsi erməniləri narahat edər, bunların da siyasi dividend axtarışlarına xələl gələr

Artıq o da bəllidir ki, dağıdıcı müxalifət daxilində siyasi mədəniyyət anlamı olmadığına görə firqə, qrup maraqları ümummilli maraqlardan üstün tutulur. Söz yox ki, burada da şəxsi münasibətlər önə çəkilib. Onsuz da Ə.Naibov bu cür sərsəm romanı və haqqqazandırıcı açıqlamaları ilə üzvü olduğu reneqatlar dəstəsinin daxili çirkablıqlarını ifşa etdi və onsuz da E.Namazovun reneqat dəstəsinə Rüstəm İbrahimbəyovun liderlik etməsi bu dəstə barədə ciddi şübhələr yaratmışdı. Qeyd etdiyimiz kimi, bu qalmaqallı məsələ onların həqiqətdə hansı qüvvələrə işləməklərini üzə çıxardı.

Bu il baş tutacaq prezident seçkilərində "üçüncü qüvvə" kimi ortaya çıxıb xalqdan dəstək almaq niyyətində olan reneqatlar dəstəsi öz mənfur əməli ilə xalqın daha çox hiddətini və nifrətini qazandı. Artıq ölkə ictimaiyyətinə bəlli oldu ki, bu dəstənin üzvlərinin dağıdıcı müxalifətdən heç bir fərqi yoxdur. AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də Ə.Naibovu müdafiə edənlər sırasındadırlar. Bu iki şəxs hesab edir ki, Naibovun yazdığı roman Azərbaycanın maraqlarına nə qədər ziddirsə, ona qarşı aparılan kampaniya və bunun dünyada doğurduğu əks-səda da bir o qədər Azərbaycanın milli maraqlarına ziddir (?!). Çox məntiqsiz və insana baş ucalığı gətirməyən "baxışdır".

Guya dünyada bu əsərdən xəbəri olmayanlar da onunla maraqlanır. Sən demə, Ə.Naibovun buna görə təqib olunması isterik əhval-ruhiyyə yaradır və bu, antidemokratik bir yanaşma tərzidir.

Demək belə anlaşılır ki, Azərbaycan xalqının soy-kökünü, milli ruhunu, heysiyyatını təhqir etmiş, tarixini saxtalaşdırmış bir sərsəm, erməniçiliyi mədh edən "əsərə" qarşı ölkə ictimaiyyətinin haqlı narahatçılığı, haqlı etirazı "antidemokratik" yanaşmadır və həmin "əsərdən" xəbəri olmayan ermənilərin duyuq düşməməsi üçün xalq səsini, hətta cınqırını belə, çıxarmamalı imiş. Çünki birdən xalqın səsi erməniləri narahat edər, bunların da siyasi dividend axtarışlarına xələl gələr. Məsələ də məhz bu konteksti əhatə edir.

Bunlardan soruşmaq lazımdır ki!

Başqa tərəfdən isə, "Daş yyuxular"dan xəbəri olanlar isə Azərbaycan xalqının Ə.Naibovun yazdığı ağ yalanlarla razılaşdığını və erməni "həqiqətləri" ilə barışdığını güman etməli idilər. Bu şəxslər unudurlar ki, ümummilli məsələlərdə daim həmrəy olan Azərbaycan xalqı bu prosesdə də susqun qala bilməzdi. Sən demə, millətin haqlı etirazı siyasi karyeraları boyu şəxsi ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olan insanları narahat edib. Bunlardan soruşmaq lazımdır ki, ötən il Xocalı soyqırımının 20-ci ildönümündə ümumxalq yürüşündə siz harda idiniz? Niyə həmin vaxt özünüzü xalqdan təcrid edib ayrıca şəkildə "ziyarət" oyunbazlığı sərgilədiniz? Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Ə.Naibovun müdafiəsini təşkil etmək ötən ilki "ziyarətinizin" həqiqətən də oyunbazlıq olduğunu təsdiq etmirmi?

Təbii ki, bu xalqa bəllidir ki, Ə.Naibovu söz, fikir və yaradıcılıq azadlığı adı altında müdafiə edən oyunbaz fərdlər bunu yalnız özlərinin qaranlıq fəaliyyətini pərdələmək, siyasi ambisiyalarını reallaşdırmaq üçün, eləcə də, zamanda yalnız iqtidara, onun yürütdüyü siyasətə olan mənfi münasibətlərində əlavə bir rıçaq kimi istifadə etmək üçün istifadə edirlər. Və bu gün Ə.Naibovun Azərbaycan xalqının maraqlarına zidd əsərini ifadə və yaradıcılıq azadlığının məhsulu kimi qəbul etməli olduğumuzu söyləyənlər Azərbaycan vətəndaşının bu əsər haqqındakı fikirlərini də qəbul etməlidirlər. Etmək istəmirlərsə, onda bu yoldan çəkilsinlər və əsil aydınlara, ziyalılara və xalqı-milləti uğrunda ölməyə hazır olanlara mane olmasınlar. Yoxsa Ə.Naibovun ardınca, növbə onlara da çatar.

Mübariz QULİYEV

Digər xəbərlər