Cinayətkar "rektorun" Mahir Abdullayevin "itkin düşməsi" ətrafında müxtəlif siyasi manipulyasiyalar etməsi bir çox sirlərin açılmasına şərait yaradır
Fəaliyyəti dayandırılmış ABU-nun cinayətkar rektoru Elşad Abdullayevin müxtəlif qatı cinayət hadisələrinin təşkilatçısı və iştirakçısı olması faktları özünü doğrultmaqdadır. Artıq o da bəllidir ki, cinayətkar fərdin şəxsi keyfiyyətləri yalnız dələduzluq və şantajçılıq istiqamətində inkişaf edib. Bu səbəbdən, bir daha vurğulamaq mümkündür ki, əslində, onun qardaşı Mahir Abdullayevin "itkin düşməsi" ətrafında müxtəlif siyasi manipulyasiyalar etməsi bir çox sirlərin açılmasına şərait yaradır. Məsələn, tanınmış hüquq ekspertləri tərəfindən iddia edilir ki, əslində, E.Abdullayev M.Abdullayevin öldürülməsində maraqlı olub və bu prosesin baş tutması üçün müəyyən cinayətkar dəstələrlə iş birliyi qurub. Çünki onun özü də yaxşı bilirdi ki, vaxtilə işlədiyi cinayətləri məhz M.Abdullayevin "itkin düşməsi" pərdəsi arxasında ört-basdır edə bilər. Ancaq onun bu kimi blefləri, məsələni qərəz ətrafında siyasiləşdirməsi E.Abdullayevin oynadığı bütün kartları açıq edir.
E.Abdulayev Fransada kef edir və "sui-qəsd" haqqında ballada danışır
Məsələn, E.Abdullayevin bir neçə gün əvvəl "Azadlıq" radiosuna açıqlama verərək, guya onun öldürülməsinə cəhd edilməsi - "sui-qəsd" barədə balladalar danışmağa başlayıb. Ancaq bu iddianın nə qədər real təsir bağışlayacağını cəmiyyət qiymətləndirir. Çünki cinayətkar "rektor" hazırda Fransada dəbdəbəli həyat sürməklə yanaşı, Azərbaycandan, aldatdığı insanlardan oğurladığı pullar hesabına gündə bir kef məclisi düzəldir və deyilənlərə görə həmin kef məclislərində erməni dostları, pozğun qadınları ilə birgə söylənilməyəcək qədər ifrat ədəbsizliklərə yol verir. Artıq onu da bildirmişdik ki, E.Abdullayev lüt erməni fahişələrinin bədənlərinə Azərbaycan bayrağı sarıyaraq (?!-R.N.) onların qarşısında diz çökür və bayrağı təhqir edir. Sual oluna bilər, əgər E.Abdullayev həqiqətən də öz həyatı haqqında bu qədər əndişələnirsə, narahat olursa, onda nəyə görə səhər naharını Parisdə, günorta yeməyini Tuluzada, axşam şamını isə Strasburqda edir?
E.Abdullayev bu kimi qondarma iddiaları ilə özü-özünün sözlərini yalanlayır
14 fevral 2013-cü ildə "Azadlıq" radiosunun canlı efirində çıxış edən cinayətkar ünsür demişdir ki, guya o, 2010-cu ilin 21 sentyabrında Bakını tərk edəndən sonra Almaniyaya getmişdir və tanışları tərəfindən qarşılanıb Almaniyanın Şturqart şəhərində adını çəkmək istəmədiyi bir mehmanxanada yerləşdirilmişdir... Sonra həmin tanışlar onu evlərinə "qonaq aparmış" və böyük yeyib-içmək məclisi qurulmuşdur. Bu zaman E.Abdullayevi spirtli içki içməyə təhrik etmişlər, ardınca isə onun "öldürülməsi" planının həyata keçirilməsinə cəhd edilmişdir. Lakin evin xanımının bu hərəkətə qəti etirazından sonra guya E.Abdullayev ayaqqabısını götürüb oradan qaçmışdır... Dərhal telefonunu götürdüyü taksiyə zəng etmişdir, taksi gəlmiş və o, oradan qaçmışdır, birbaşa yerləşdiyi mehmanxanaya gəlmişdir. E.Abdullayevi "öldürməyə" cəhd edən adamlar isə onun ardınca, hətta mehmanxanaya gəlmişlər, lakin E.Abdullayev onları buradan qovmuşdur. Sonra E.Abdullayev məcburiyyət qarşısında qalaraq Şturqart polisinə məlumat vermiş, tərcüməçi dəvət etmiş,(gecənin bir aləmində tərcüməçinin haradan gəlməsi də məlum deyil - R.N.) tərcüməçi vasitəsi ilə polisə baş verənlər barədə məlumat vermişdir. Polis həmin şəxsləri yaxalamış, bu günə kimi də həmin şəxslərin barəsində Şturqart polisində istintaq aparılmaqdadır. Hansı ki, daha sonra deyilir ki, E.Abdullayevi "öldürmək" istəyənlər deportasiya ediliblər. Belə ki, E.Abdullayev, "Azadlıq" radiosuna verdiyi açıqlamasında (bundan xeyli əvvəllər isə ölkənin bəzi müxalifət KİV-lərinə - xüsusilə "Azadlıq" qəzetinə də eyni məzmunlu açıqlamalar bildirmişdir) demişdir ki, Fransanın Strasburq şəhərində adlarını aşpaz qoymuş və onu izləyərək öldürmək üçün Azərbaycandan ezam olunmuş bəzi şəxslər barədə də Fransa polisinə məlumat vermiş, polis həmin şəxsləri yaxalayaraq 80 min avro cərimə edərək onları Fransadan deportasiya etmişdir. Buradan da görünür ki,E.Abdullayev bu kimi qondarma iddiaları ilə özü-özünün sözlərini yalanlayır.Bu zaman daha bir sual ortaya çıxır E.Abdullayevin bu məlumatları nə dərəcədə həqiqətə uyğundur? Əgər Faransa polisi həqiqətən də E.Abdullayevi "öldürmək" istəyən "aşpaz(lar)ı" üzə çıxarıbsa, nəyə görə onları həbs etməyib, sadəcə, ölkədən deportasiya edib?
Almaniya və Fransa hüquq-mühafizə orqanlarına sorğu göndərilib
Həmin suallara cavab olaraq belə qənaətə gəlmək mümkündür ki, əslində, onun bundan əvvəl verdiyi məlum açıqlamalarındakı saysız-hesabsız böhtanların, verdiyi yalan məlumatlarının sayı-hesabı yoxdur. Söz yox ki, bu da onlardan biridir.Onu da qeyd edək ki, E.Abdullayev cinatətlərinin araşdırmaçısı kimi müəyyən yalanları ifşa etmiş hüquqşünas Ramiz Zeynalov da maraqlı məqamlar irəli sürmüşdür. Məsələn, o, cinayətkar rektorun sonuncu böhtanını araşdırmaqdan ötrü Almaniyanın Xarici İşlər Nazirliyinə, Almaniyanın Şturqart polisinə və digər müvafiq orqanlarına, həmçinin, Fransanın XİN-nə elektron poçt vasitəsi ilə rəsmi sorğu göndərdiyini açıqlayıb: "Sorğuda E.Abdullayevin "Azadlıq" radiosuna verdiyi açıqlamasında qeyd olunan hadisələrlə bağlı hər iki ölkənin polis orqanında hansısa bir cinayət işinin açılıb istintaqının aparılıb-aparılmaması barədə məlumat istənilir. Bundan əlavə, sorğuda xahiş edirəm ki, əgər belə bir hadisə baş veribsə, saxlanılan şəxslər barədə mənə vəkil olaraq rəsmi məlumat verilsin... Güman edirəm ki, tezliklə bu məsələyə də hüquqi aydınlıq gətiriləcək..."
Hüquq-mühafizə orqanları E.Abdullayev cinayətlərinin gizlədilməsində maraqlı tərəf olan "Azadlıq" qəzeti rəhbərliyini, eləcə də, AXCP sədri Əli Kərimlinin fəaliyyətini araşdırmalıdır
Yuxarıda vurğulandığı kimi, E.Abdullayev M.Abdullayevin "itkin düşməsi" haqqında fərziyyələrini siyasiləşdirərək, bunu müxalifət KİV-ləri vasitəsilə reallaşdırmağa cəhd göstərir. Əgər Azərbaycan dövlətçiliyinə qarşı daim xəyanətkar rolunu oynayan, hər zaman erməni mətbuatına tezis ötürən "Azadlıq" qəzetinin burada başlıca rol oynadığını nəzərə alsaq, onda bu mətbu orqanın E.Abdullayev cinayətlərinin bir parçası olduğunu iddia edə bilərik. Daha dəqiq desək, "Azadlıq" qəzeti bilavasitə AXCP sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq, E.Abdullayev cinayətlərinin gizlədilməsinə səy göstərir. Əlbəttə ki, müəyyən sifarişlər və əldə edilən rüşvət və korrupsiyalar vasitəsilə. Hər halda, 2010-cü ilə qədər E.Abdullayevi az qala hər gün manşetlərinə cinayətkar, korrupsioner kimi çıxaran "Azadlıq" qəzetinin bu mövqeyini dəyişərək, ondan "əzabkeş qəhrəman" düzəltməsi bu ittihamı deməyə kifayət qədər əsas yaradır. Xüsusilə, prezident seçkiləri ilində AXCP-yə məxsus qəzetin bu qədər canfəşanlıq etməsi arxasında bu kimi bir çox qaranlıq nüansların dayanması şübhəsizdir. Hər halda, hüquq-mühafizə orqanları E.Abdullayev cinayətlərinin gizlədilməsində maraqlı tərəf olan "Azadlıq" qəzeti rəhbərliyini, eləcə də, AXCP sədri Əli Kərimlinin fəaliyyətini araşdırmalıdır.
E.Abdullayev "Azadlıq" qəzetinin gizli hesablarından birinə rüşvət məqsədilə 135 min avro köçürüb!
Bunu belə də müəyyən etmək mümkündür. Məsələn, E.Abdullayev Ağ Evin veb-səhifəsində aşağıdakı məzmunda petisiya yerləşdirib: "Mahir Abdullayevin oğurlanması ilə əlaqəli olan şəxslərin dərhal cəzalandırılmasını istəyirik. Obama administirasiyasını ABU-nun sabiq rektoru E.Abdullayevin qardaşı MTN-in əməkdaşı M.Abdullayevin oğurlanmasında iştirak edən şəxslərin tapılması və cəzalandırılması üçün Azərbaycan hökumətinə təzyiq etməyə çağırırıq".
Maraqlıdır, "Azadlıq" qəzeti hansı əsasa söykənərək, E.Abdullayevin müdafiəçisinə çevrilib? AXCP sədri Ə.Kərimlinin bilavasitə nəzrətində olan "Azadlıq" qəzeti E.Abdullayevdən aldığı nə qədər rüşvət vəsaiti hesabına onun Ağ Evin veb-saytına yerləşdirdiyi müraciəti dərc edib?
E.Abdullayevin "məsumluğu" haqqında "imza toplama" oyununu oynayan "Azadlıq" qəzeti Ə.Kərimlinin tapşırığına əsasən ayrıca olaraq nə qədər pul alıb? Çünki adıçəkilən dağıdıcı müxalifət mətbu orqanının burada daha bir məqsədi aşkar görünməkdərir. E.Abdullayevin nüfuzlu şəxslərə, ictimai-siyasi xadimlərə, elm adamlarına qarşı murdar şantajlarını ictimailəşdirərək, Ə.Kərimlinin siyasi ambisiyalarını reallaşdırmaq və s.Daha bir maraqlı faktı da oxucularımızla bölüşdürmək istəyərdik. Adının açıqlanmasını istəməyən, həm "cəbhədə", həm də "Azadlıq" qəzetində fəliyyət göstərən mənbədən aldığımız məlumata görə, E.Abdullayev onun təbliğatını aparan qəzetin gizli hesablarından birinə rüşvət vermək məqsədilə 135 min avro pul köçürüb. Bu barədə aparacağımız araşdırmalardan sonra növbəti saylarımızın birində daha təfsilatlı yazacağıq. Ancaq söz yox ki, zamanı gəldikcə, E.Abdullayev, Ə.Kərimli başda olmaqla, ölkədə dağıdıcı müxalifətin də əli olduğu bir çox müəmmalar ortaya çıxacaq və hər kəs sərt qanun qarşısında layiq olduğu cəzasını alacaq. Buna isə heç kimin şübhəsi olmasın.
RÖVŞƏN NURƏDDİNOĞLU