Qondarma qurumun islahatlar və struktur dəyişikliyi etmək barədə qərarı onun parçalanmaq üzrə olmasının ilkin əlamətləridir
Dağıdıcı müxalifət düşərgəsində baş verən davamlı müvəffəqiyyətsizliklər, əlbəttə ki, "İctimai Palata"dan da yan keçməyib. Çünki adıçəkilən qondarma qurum yarandığı vaxtan indiyə qədər heç bir uğur əldə etməyə nail olmamaqla yanaşı, eyni zamanda, iki barışmaz siyasi təşkilatın - AXCP və Müsavat partiyalarının inhisarçılıq obyekyinə çevrilib ki, bu amil ümumiyyətlə, aşırı radikalların siyasi baxışlarının reallaşmasına kifayət qədər keçilməz baryerlər yaradıb.
Əgər nəzərə alsaq ki, "İctimai Palata" son iki il ərzində özünün ən yaxın tərəfdarlarını itirib və Əli Kərimli ilə İsa Qəmbərin ambisiyalarına qurban verilib, bu zaman onu da vurğulamaq mümkündür ki, qurumun tərkibində elə də ciddi fiqur qalmayıb. Çünki həmin fiqurlar gec də olsa anlayıblar ki, nə AXCP-nin, nə də Müsavat rəhbərliyinin avtoritar diktəsi altında heç bir uğur qazanmaq mümkün deyil. Məhz bu səbəbdən də vaxtilə "İctimai Palata"nı müxalifəti birləşdirəcək qurum kimi təqdim edənlərin əksər çoxluğu hazırda ya ayrıca partiya daxilində, ya da siyasətə aid olmayan ictimai işlərdə fəaliyyətlərini davam etdirməkdədirlər.
"Cəbhə" və Müsavat "liderləri" həmin islahatların və kadr dəyişikliklərinin qurbanlarına çevriləcəklər
Söz yox ki, sözügedən faktor indinin özündə də "palata"da cərəyan edir və bu gerçəklik qurumun parçalanma həddini daha da yüksəltməkdədir. Çünki son günlər "İctimai Palata"nın yerdə qalan funksionerləri, daha dəqiq desək, "koordinasiya şurası"nın üzvləri də qurumda islahatların və kadr islahatlarının aparılması zəruriliyindən danışmağa başlayıblar. Artıq onu da ehtimal etmək mümkündür ki, aşırı radikalizm yolunu tutmuş "cəbhə" və Müsavat "liderləri" həmin islahatların və kadr dəyişikliklərinin qurbanlarına çevrilə bilərlər. Çünki 2010-cu ildən bəri düşərgədaşları qarısında verilən vədlərin heç biri reallaşdırılmamış qalıb.
Onu da xatırlatmaq yerinə düşərdi ki, əslində, qurumun bu həddə qədər gəlib çıxmasına əsas səbəblərdən biri də "vahid namizəd" məsələsində ümumi rəyə gəlinməməkdir. Məhz "vahid namizəd" məsələsinin reallaşmaması sonda parçalanma sindromuna təkan verdi ki, hazırda bunu "palata"nın "koordinasiya şurası" da təsdiq edir.
"İP"-in "koordinasiya şurasının" üzvü Köçəri Nağıbəyli: "İctimai Palata"nın "koordinasiya şurası" qurumda aparılacaq islahatlara dair sənədlər paketini təsdiq edib"
Belə ki, qurumun "koordinasiya şurası"nın üzvü Köçəri Nağıbəyli mətbuata verdiyi açıqlamasında bəyan edib ki, "İctimai Palata"da islahatlar struktur dəyişikliyi ilə bağlı olacaq: "İctimai Palata"nın "koordinasiya şurası" qurumda aparılacaq islahatlara dair sənədlər paketini təsdiq edib".
Bu zaman sual oluna bilər - islahatlara dair sənədlər paketi nələrdən ibarət olacaq? İlk öncə belə qənaətə gəlmək mümkündür ki, AXCP və Müsavat "liderlərinin" həmtəsisçilik səlahiyyətlərinin çoxu onların əllərindən alınaraq məhz "koordinasiya şurasının" əlinə veriləcək. Çünki yuxarıda vurğuladığımız kimi, nə AXCP, nə də ki, Müsavat rəhbərliyi heç bir məqsədi reallaşdıra bilmədi. Bu isə dağıdıcılıq amilinin də aradan qaldırılmasını zəruru edir. Seçkilər öncəsi isə dağıdıcılıq yolu ilə məqsədlərin reallaşmaması faktı faktiki olaraq məğlubiyyət anlamını daşıyır.
Struktur dəyişikliyi məsələsinin də həmin paketlərdə yer alması deməyə əsas yaradır ki, hazırkı dövrə qədər AXCP və Müsavat rəhbəriyinin ətrafında olanlar müəyyən mənada "palata"dan uzaqlaşdırılaraq, onların yerlərinə başqa funksionerlər seçilə bilər. Ancaq bu, o demək deyil ki, nəzərdə tutulan islahatlar hansı tərəfdənsə "İP"-in parçalanmasının qarşısını ala bilər. Çünki istənilən tərəfdən baxsaq, proqnozlaşdıra bilərik ki, Ə.Kərimli-İ.Qəmbər cütlüyünün imtiyazları əllərindən alınarsa, onlar bu qurumu kökündən parçalamaq üçün radikal addımlar atmağa başlayacaqlar. Çünki həm AXCP-nin, həm də Müsavatın "İctimai Palata"dan başqa heç bir siyasi dividend gətirəcək rezervləri yoxdur. Belə ki, onların partiya daxilində də kifayət qədər problemləri mövcuddur. Həmin problemləri isə məhz "İP" vasitəsilə ört-basdır etmək mümkündür.
İslahatlar başa çatdıqdan sonra prezident seçkiləri ilə bağlı məsələlərə aydınlıq gələcək?
"İslahatlar başa çatdıqdan sonra prezident seçkiləri ilə bağlı məsələlərə aydınlıq gələcək" deyə bildirən K.Nağıbəyli bunu izah edərkən, daha bir maraqlı nüans özünü kifayət qədər qabardır. Belə ki, prosesin tez bir zamanda yekunlaşmasının vacibliyini başa düşdüyünü deyən "koordinasiya şurasının" üzvü prezident seçkilərində "vahid namizəd" məsələsinin reallaşmayacağını dolayısı ilə etiraf edib. Yəni nə Ə.Kərimlinin, nə də İ.Qəmbərin "vahid namizəd" olmayacaqları indidən müəyyənləşdirilib: " Ona görə də işlərin sürətlə həllini istəyirik. İslahatlar struktur dəyişikliyi və yeni strukturların yaradılması ilə bağlı olacaq. Təkliflərdən biri "İctimai Palata"nın "icra aparatı"nın yaradılmasıdır. Yekun qərar mətbuata açıqlanacaq".
Mətbuata açıqlanacaq fikirləri isə belə təxmin etmək olar. "İcra aparatı" yaradılır və orada partiya funksionerləri deyil, siyasiləşmiş QHT rəhbərləri, eyni zmanda, "hüquq müdafiəçiləri" yer alacaqlar. Beləliklə, mətbuata məlumat veriləcək ki, "İctimai Palata"da islahatlar aparıldı və struktur dəyişikliyində AXCP və Müsavatdan heç kim təmsil olunmur.
Digər tərəfdən, "İP" rəsmisinin AXCP və Müsavat "liderləri"ndən fərqli olaraq, "ReAl" və "El" hərəkatlarına isti münasibət göstərməsi, məhz İlqar Məmmədovla Eldar Namazov amili üzərində dayanması həqiqətən də qurumda yeni çaxnaşmaların olacağından xəbər verir. K.Nağıbəylinin nə Ə.Kərimlini, nə də İ.Qəmbəri "şanslı namizəd" kimi görməməsi, onların əksinə olaraq, İ.Məmmədova və E.Namazova eyham vurması da deyilənləri kifayət qədər təsdiq edir: "Sonda isə daha şanslı namizədə dəstək vermək mümkün olar".
Seçkilərə isə az vaxt qalır. Vaxt daraldıqca, "İctimai Palata"nın da siyasi addımlar atmaq şansları tükənir. Tükənmək isə məğlubiyyət və parçalanma anlamını daha da reallaşdırır ki, bunu "İP"-də baş verəcək islahatlardan və sözügedən kadr dəyişikliklərindən də görmək mümkündür.
Rövşən RƏSULOV