PDF Oxu

Müxalifət

  • 66

Reneqatlığın bənzər portretləri

Bu qarışıq portretdə Eldar Namazovun və Lalə Şövkət Hacıyevanın "rəngləri" kifayət qədər üst-üstə düşür

Reneqatlığın bənzər portretləri

RENEQAT - bu ifadəni araşdırdığımız zaman ilk olaraq assosiasiyamızda hansı anlam, yaxud məna yaranır? İlk öncə, cəmiyyətin bu ifadəni yeni eşidən üzvlərinə bildirmək istərdik ki, reneqatçılıq, sadə dillə desək, qınından çıxıb, qınını bəyənməyənlərə aid, məhz həmin fərdlərə aid olan frazadır. Daha dəqiq desək, zamanında hakimiyyətdə müəyyən vəzifə səlahiyyətinə malik olmuş, sonradan müxtəlif səbəblər üzündən, daha çox hakimiyyət daxilində şəxsi mənafelərinin təmin olunmamasına görə istefa vermiş, yaxud buraxdığı nöqsanlardan dolayı vəzifədən uzaqlaşdırılmış şəxsləri reneqat adlandırırlar. Ancaq fakt budur ki, sağlam düşüncəli ictimaiyyət nümayəndələri bu tipli fərqləri ümumiyyətlə qəbul etmir, cəmiyyətə yararlı kimi tanımırlar.

"Əsrin qəhrəmanları", yoxsa əsrin xəyanətkar reneqatları?

Əgər bu gün həmin reneqatların adlarını bir daha xatırlatsaq onların içində Rüstəm İbrahimbəyovun, Rafiq Əliyevin, Gültəkin Hacıbəylinin ismlərini xüsuslə çəkə bilərik. Çünki onların hər biri zamanında hakimiyyətin yürütdüyü siyasəti dəstəklədiklərini dəfələrlə bəyan edərək müxalifətin fəaliyyətini tənqid atəşinə tuturdular. Yazlnız şəxsi mənfəətləri, biznes maraqları təmin olunmadığına görə, xalqın dəstəklədiyi iqtidardan üz çevirmələri ilə onlara heç də gözlədikləri baş ucalığını gətirmədi. Əksinə, onlar cəmiyyət içində daha da gözdən düşməyə başladılar. Belə ki, reneqatçılıq həm də ikiüzlülüyün, xəyanətin açıq göstəricisidir.

Ancaq məsələ yalnız yuxarıda adları çəkilən reneqatlarla sona çatmır. Çünki onların içlərində ən "əsas" və "gözəgəlimliləri" Eldar Namazov və Lalə Şövkət Hacıyevadır. Məhz bu iki fərdin portretlərini tutuşdurarkən, onlar arasındakı bənzərliyi, "rənglərin" necə üst-üstə düşdüyünün şahidinə çevrilirik. Bəs nədir bu bənzərliyin arxasında dayanan oxşar cəhətlər? Axı bəzi məqamlarda müxalifət mediası, xüsusilə "Azadlıq" və "Yeni Müsavat" qəzetləri, "Azadlıq" radiosu, müxalifətin informasiya saytları onları az qala "əsrin qəhrəmanı" kimi qələmə verməklə mövcud uğursuzluqlarını qondarma "uğurlarla" əvəzləməyə cəhd göstərirlər. Yəni belə hesab edirlər ki, cəmiyyəti, ictimai rəyi aldatmaqla onlar haqqında müəyyən "müsbət rəy" formalaşdırmağa nail ola bilərlər. Ancaq bunun nə qədər real olub-olmamasını məhz E.Namazov-L.Şövkət portretlərinin bəznərliklərini təhlil etməklə üzə çıxara bilərik.

1. Eldar Namazovun reneqatçılıq "rəngi"

Az qala hər çıxışında hakimiyyətdə olduğu dövrlərdə nə qədər "potensiala" malik olduğunu, hətta bir az da irəliyə gedərək guya hakimiyyətin idarə olunmasında "lokomotiv" rolu oynadığını iddia edən E.Namazov bütün mənalarda bir sual qarşısında cavabsız və aciz qalır. Bu sual isə təxminən belədir: E.Namazov, sizi E.Namazov edən kim oldu? Əlbəttə ki, hazırda da xalqın dəstəklədiyi hakimiyyət. Məhz iqtidarın sayəsində komanda üzvü olan E.Namazov xalq arasında tanınmağa başladı. Ancaq sən demə, onun niyyəti tamamilə başqa imiş. Yəni R.Namazov baş verən uğurlardan gicəllənərək, özünü hamıdan "ağıllı" və "kamallı" hiss etməyə başladı. Yəni sözügedən mövzuya digər tərəfdən yanaşsaq, deyə bilərik ki, Heydər Əliyev kimi dahi siyasi xadimin yanında, komandasında çalışmaq xoşbəxtliyi E.Namazov tərəfindən düzgün dəyərləndirilmədi. Çünki o, bu vasitə ilə dayaz, ağılsız və hadisələri real qiymətləndirə bilməyən fərd olaraq bu gerçəkliyi qavraya bilmədi.

Məsələn, o zamanlar Prezident Administrasiyasında fəaliyyət göstərən bəzi şəxslər deyirdilər ki, E.Namazovun vəzifəsi Heydər Əliyevin qovluqlarını daşımaq olub. Görünür, bu səbəbdən E.Namazov həmin qovluqları daşımaqla özünü xarici diplomat siyasətçisi kimi sırımata başlayıb və get-gedə iddiaları da artıb.Lakin həmin iddiaları reallaşmadığı üçün o, anidən dömüb olub reneqat E.Namazov. Hansı ki, onun daha çox potensial qazana bilmək şansı mövcud idi. Yəqin ki, E.Namazov Heydər Əliyevin göstərişlərinə uyğun olaraq daşıdığı papakalarını digər müvafiq qurumlara ötürməsini "xarici siyasət məsələlərinin ona həvalə edilməsi" kimi qavrayırmış. Və bununla da onun xəyalında daha böyük iddialar yaranmağa başladı ki, həmin iddialar ona heç də səmərə vermədi. Nəticədə...

Nəticədə, reneqatçılığa başladığı andan etibarən E.Namazov özünü "dahi" kimi göstərərək, hətta müxalifətə qarşı da müəyyən iddialarda bulunmağa başladı. Məsələn, hələ 2003-cü il prezident seçkiləri ərəfəsində E.Namazov nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşmüşərkən deyirdi ki, onun iqtidardan getməsi "milli mənafenin qorunması" ilə əlaqədardır. Müxalifətə gəldikdə isə, E.Namazov radikal düşərgə "liderlərini" keçmişin qalıqları olduğunu, onların bir dəfə hakimiyyətdə olduqlarını, lakin xlaq tərəfindən uzaqlaşdırıldıqlarını deyib. Beləliklə, o, "yeni qüvvələrin" - yəni özünün siyasi meydana gəlməsinin zərurəti barədə balladalar danışaraq özünün təbliğatı ilə məşğul olub. Bütövlükdə isə E.Namazovun reneqatçılıq portreti məhz bu kimi "rənglərlə" bəzədilib.

2. Lalə Şövkət Hacıyevanın reneqatçılıq "rəngi"

Bu gün müxaifət partiyasının "lideri" olaraq siyasi arenada heç bir uğur qazana bilməyən Lalə Şövkət Hacıyeva da E.Namazov qədər olmasa da müəyyən reneqatçılıq təcrübəsinə malikdir. Düzdür, o, hazırda "Ziyalılar Forumu"nda təmsil olunmasa da hakimiyyətə, yəni xalqın dəstəklədiyi iqtidara qarşı müxtəlif zamanlarda radikal davranmışdır. Hansı ki, zamanında dövlət katibi postunu tutarkən, daim iqtidarın dəstəkvericisi, müxalifətin isə barışmaz rəqibi təsirini bağışlayırdı. Hətta o zamanlarda AXC-nin mərhum lideri Əbülfəz Elçibəy ona Azərbaycanın Marqaret Tetçeri ləqəbini qoymuşdu - yəni "dəmir ledi". Ancaq sonradan bu dəmir də paslandı. Hətta elə paslandı ki, onun tör-töküntülərini indi də yığıb-yığışdıra bilmir. Müxalifətin gah bir, gah da digər qanadında özünə çıxış yolu axtaran L.Şövkət hələ də həmin axtarış yolundadır.

Bu baxımdan, onun da portret rəngləri heç də E.Namazovun rənglərindən qətiyyən fərqlənmir. Hətta onların hər birinə həmrəng reneqatlar adını versək belə, daha düzgün nəticə çıxarmış olarıq. Çünki istənilən halda nə E.Namazov, nə də L.Şövkət Hacıyeva hakimiyyətdə olduqları dövrlərdəki mənafelərini reallaşdırmağa nail ola bilmədilər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər