Ölkəyə qayıtdığı halda guya həbs olunacağını iddia edən reneqat dolayısı ilə cinayət əməlləri törətdiyini etiraf edir
"Ziyalılar Forumu"nun üzvü və reneqat Rüstəm İbrahimbəyov mətbuata verdiyi son müsahibəsində bir daha sübut etdi ki, onun Azərbaycan əleyhinə apardığı fəaliyyəti Qərb və müəyyən ermənipərəst siyasi dairələr tərəfindən idarə olunmaqdadır. Eyni zamanda, belə nəticəyə gəlmək mümkündür ki, R.İbrahimbəyovun Azərbaycana geri dönməyində tərəddüd etməsi onun vaxtilə törətdiyi qanunsuz hərəkətlərini (vergidən yayınmasını, dələduzluq hallarını, qeyri-qanuni yollarla ərazi və torpaq sahələrini zəbt etdiyini, insanları aldatdığını və s.) bilavasitə sübuta yetirir. Əgər o, həqiqətən də, günahsız olduğunu iddia edirsə, əslində, ölkəyə qayıtmasında heç bir problem görməməlidir.
Rüstəm İbrahimbəyov "insanlarla görüş" deyərkən, məhz sövdələşdiyi dairələri nəzərdə tutur
Məsələyə bu istiqamətdən yanaşdıqda da demək olar ki, R.İbrahimbəyov guya həbs olunacağını bəyan etməklə, səfər etdiyi Fransada, ABŞ-da və Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan meyilli təşkilatlardan növbəti sifarişlərini almaqla məşğuldur. Maraqlıdır ki, sözügedən dairələrlə görüşlər keçirdiyini onun özü də müsahibəsində sübuta yetirir: "Səfər etdiyim ölkələrdə ictimai-siyasi məsələləri müzakirə etmək üçün rəsmi şəxslərlə görüşlər keçirməmişəm. Lakin insanlarla görüşəndə istər-istəməz Azərbaycandakı vəziyyətdən də danışırıq".
Göründüyü kimi, R.İbrahimbəyov "insanlarla görüş" deyərkən, məhz sövdələşdiyi dairələri nəzərdə tutur. Məhz bu səbəbdən, ölkədə aparılan uğurlu siyasəti və demokratik dəyərlərin inkişafını arxa plana keçirərək, erməni lobbisinin xoşuna gedə biləcək bəyanatlar səsləndirir. Çünki burada onun və ermənipərəst siyasi dairələrinin ortaq maraqları - Azərbaycan əleyhinə kampaniya aparmaq prinsipi mövcuddur. Ona görə də bu xəyanətkar Azərbaycan dövlətçiliyinin əksinə olan zidd fikirlər danışır.
Hətta onun Əkrəm Naibov xəyanətini müdafiə etməsi də cəmiyyətin marağında deyil
Lakin R.İbrahimbəyov ifrat xəyanətkarlıq və satqınçılıq fəaliyyəti müqabilində pul kisəsini artırarkən unudur ki, əgər iddia etdiyi kimi, Azərbaycanda ictimai-siyasi fəaliyyət ilə məşğul olanlar həbsə atılsaydı, təqib halları mövcud olsaydı, bu zaman ölkədə bir nəfər də olsun adam qalmazdı. Və bu gün beynəlxalq aləmdə fəaliyyət göstərən nüfuzlu təşkilatlar, onların rəhbərləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanda sırf ictimai-siyasi məqsədlərə xidmət edən müxtəlif təbəqəli insanlar azad, heç bir məhdudiyyət olmadan fəaliyyət göstərirlər və öz sözlərini deyirlər.
R.İbrahimbəyov satıldığı siyasi dairələr qarşısında özünü məzlum, yaxud mələk kimi göstərərkən nəyə görə demir ki, Azərbaycanda dərc edilən çoxsaylı müxalifət qəzetləri, media orqanları, partiya sədrləri aşırı və ifrat dərəcədə tənqidlər və təhqirlər səsləndirsələr də, onların bu kimi mövqeləri hakimiyyət tərəfindən təqib edilmir? Məsələyə məhz bu mənada xüsusilə, qeyd etmək lazımdır ki, R.İbrahimbəyova da sırf ictimai-siyasi fəaliyyəti ilə bağlı irad tutan yoxdur. Hətta onun Əkrəm Naibov xəyanətini müdafiə etməsi də cəmiyyətin marağında deyil. Baxmayaraq ki, Ə.Naibov Azərbaycan xalqına və dövlətçiliyinə qarşı olmazın xəyanət əməli törədib.
Onun, həmçinin, digər xəyanətkar insanları, vaxtilə Azərbaycan xalqına və dövlətçiliyinə qarşı kifayət qədər cinayət əməlləri törətmiş Rəsul Quliyevi Vaqif Hüseynovu, Əli İnsanovu, Fərhad Əliyevi "qaymaq" adlandırıb müdafiə etməsi, həmin sözlərinin azad mətbuatda dərc olunması demokratiya və söz azadlığı deyilmi?! Nəyə görə R.İbrahimbəyov bu etirafları etmək əvəzinə, məhz Azərbaycan əleyhinə ünvanlanmış qondarma bəyanatlarla çıxış edir?! Bu suala cavabı sualın özündə tapmaq elə də çətin məsələ deyil.
AFƏT TAHİRQIZI