PDF Oxu

Müxalifət

  • 89

Geriyə baxmağın vaxtıdır

"Azadlıq" qəzetinin bir zamanlar törətdikləri heç kimin yadından çıxmayıb

Geriyə baxmağın vaxtıdır

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra radikal müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq yerinə bəzi maraqlı Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Bu partiyalar öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla, dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.

Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Ancaq dağıdıcı müxalifət rəhbərləri yaxşı bilir ki, xalq onların üstlərindən artıq 1993-cü ildən yekə bir qara xətt çəkərək arxivə atıb.

"Azadlıq"dan çıxan "əxlaqlılara" suallar

Əli Kərimli "Azadlıq" qəzetində ötənləri unutsa da biz ona o "tarixi anları" bir daha xatırlatmaq istərdik. Çünki bu ölkəyə "əxlaq dərsi" keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimli mətbu "ruporu" Azər Əhmədovun sosial şəbəkələrdə yayımlanan videokadrlarını, görəsən, düşərgə təmsilçiləri necə, unutmayıblar ki? Adi insani əxlaqın pozulduğu yerdə hansı siyasi əxlaqa iddia edirlər? Hələ bir neçə il öncə Qənimət Zahidin "3 Palma" sərgüzəştlərini "qurama" adlandıran, Xocalı faciəsini bu cür "dərdlə" qeyd edən A.Əhmədov nə üçün çıxıb açıqlama vermədi və bunu montaj adlandırmadı? Budurmu Əli Kərimlinin ətrafı?

Və ya elə A.Əhmədovu "3 Palma" restoranında tək qoymağa ürək etməyən baş redaktor Q.Zahid, görəsən, yaddan çıxarıbmı o əhvalatı? Xocalı soyqırımını "özünəməxsus" şəkildə qeyd edən baş redaktor ətrafına çevrildiyi "liderinə" hansı "dividendi" bəxş etdiyi, yəqin ki, bir tək özünə bəllidir...

Sözsüz ki, bu arada Ruslan Bəşirlini də yaddan çıxarmaq olmaz. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə "konyak içib şokolad yeməsindən" və güman ki, pul bölüşdürməsindən də xəbərsiz olmazdı "lideri". Çünki sonradan qəzetlərə müsahibə verən Mirzə Sakit və digərləri istər AXCP-yə, istərsə də "Azadlıq" qəzetinə gələn pulların qəpiyinə qədər Ə.Kərimli tərəfindən mənimsənildiyini deyirdilər. O ki qaldı, Ə.Kərimlinin bir zamanlar dəmir barmaqlıqlar arasında oğurluqda günahlandırılan müşavirinə... Həqiqətən də, AXCP sədrinin müşaviri oğurluqda günahlandırıldı. Başqasının malına göz dikən, qanunu pozan və ən əsası cinayət törədən Qabil Məmmədrzayev kimin ətrafıdır? Əlbəttə ki, belələri Ə.Kərimlinin ətrafında olar. Bəlkə elə deyil?

"Azadlıq" qəzeti ölkədəki reallıqların deyil, Əli Kərimlinin arzularının ifadəçisidir "

Mövzu ilə bağlı mətbuata açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev qeyd edib ki, "Azadlıq" qəzetinin belə antimilli, dövlətçiliyə qarşı düşmənçilik davranışları, əsilində, çox acınacaqlı hal olmaqla yanaşı, həm də yerdə qalan mətbuata pis örnək göstərməkdədir: "Gerçəkdən acınacaqlı bir durumdur. Bu ölkədə fəaliyyət göstərən bir sıra mətbuat təmsilçilərinin timsalında sanki informasiyanın, təbliğatın, qəzetçiliyin, jurnalist etikasının fabulası itib, görkəmi dəyişib və heç şübhəsiz, bu ənənənin, presidentin başında "Azadlıq" qəzeti durur. O qəzet ki, hər nə qədər inkar etmiş olsa da, AXCP adlı uğursuz bir siyasi qurumun faktiki mətbuat orqanıdır. Ölkədəki reallıqların deyil, Əli Kərimlinin arzularının ifadəçisidir. Təhrif olunmuş, iftira dolu məlumatların, ifrat qərəzin, kinin cövlan etdiyi bir meydandır!"

Göründüyü kimi, sizin ətrafınız öz seçdiyinə, yəni, sizlərə layiqlərdir. Bu siyahını uzatmaq da olar. Ancaq dəvəquşunun misalındakı kimi, elə bilməsinlər ki, heç kim onların etdiklərini görmür...

R.Hüseynova

Digər xəbərlər