PDF Oxu

Müxalifət

  • 87

Rüstəm İbrahimbəyov qorxuya düşüb

Reneqat kinossenarist öz ətrafında "dissidentlik" ssenarisi yazmağa cəhd edir

Rüstəm İbrahimbəyov qorxuya düşüb

"Ziyalılar Forumu"nun həmtəsisçisi Rüstəm İbrahimbəyovun Azərbaycana geri dönməyəcəyi ilə bağlı yayılan xəbərlər və həmin xəbərlər ətrafında aparılan təhlillər bir neçə qənaətə gəlməyə əsas yaradır. Gəlinən qənaətlərdən biri budur ki, bildiyimiz kimi, R.İbrahimbəyov hələ Rusiyada fəaliyyət göstərərkən, bu ölkənin bəzi siyasi dairələri, eləcə də, həmin dairələrlə sıx əlaqədə olan digər şəxslərlə yaxın əlaqələrdə olmuş, öz fəaliyyətini də məhz sözügedən kontekstlər üzrənidə qurmuşdur. Məsələn, onun "Milyarderlər İttifaqı"nın sabiq təsisçisi, hazırda Rusiyada partiya sədri olan Söyün Sadıqov vasitəsilə Azərbaycan əleyhinə aparılan kampaniyada müstəsna rol oynaması, eyni zamanda, həmin ölkədə formalaşmış erməni lobbisi ilə sıx təmaslar qurması nəticə etibarilə R.İbrahimbəyovun sözügedən qüvvələr tərəfindən "verbovka" olunmasından xəbər verir.

Rüstəm İbrahimbəyov Azərbaycana geri dönməyəcəyi ilə bağlı bəyanatlar verməklə vurğulanan ittihamları dolayısı ilə qəbul etmiş olur

Bunun ardınca, onun Azərbaycana dönüb "Ziyalılar Forumu" adlı reneqatlar birliyini yaratması, adıçəkilən "forum"un vasitəçiliyi ilə siyasi proseslərdə dağıdıcılıq yolu tutmuş müxalifət "liderlərini" özünə tərəfdar seçməsini də təsadüf hesab etmək olmaz. Çünki qeyd edilən hər bir halda müəyyən bağlılıqlar və qaranlıq məqamların mövcudluğu sonradan atılan addımların davamında əks olunmuşdur. Məsələn, onun ANİF prezidenti Eldar Namazov "kartından" məharətlə istifadə edib müxalifət mətbuatının gündəmində "ulduza" çevrilməsi, ardınca isə "EL" hərəkarının təsisi ilə bağlı müxtəlif səpgili bəyanatlarla çıxış etməsi tandemini də unutmaq lazım deyil.

Söz yox ki, R.İbrahimbəyovun Bakıda keçirilən kino festivalında erməni həmkarlarını (Daşnaksütyun partiyasının üzvləri və qatı millətçiləri) ən yüksək səviyyədə qonaqlamasını da buraya əlavə etsək, fikrimizdə yanılmarıq. Sonradan isə bəlli oldu ki, Bakıya təşrif buyurmuş erməni qonaqlarına istədikləri komfortu yaşatmaqdan ötrü R.İbrahimbəyov dövlətin ona ayırdığı pulları havaya sovurub və festivalın daxili xərclərinə sərf etməyib. Vergilərdən yayınma və digər dələduzluq, vətəndaşlara məxsus ərazilərin qanunsuz zəbtetmə hallarını da R.İbrahimbəyovun "vicdadına" yazsaq, onda bir daha ehtimal etmək olar ki, reneqat kinossenarist əldə etdiyi qeyri-qanuni gəlirləri şəxsi maraqları ilə yanaşı, həm də siyasi maraqlarına xərcləyib. Məhz bütün bunların nəticəsidir ki, hazırda öz yaxın reneqatları vasitəsilə ətrafında süni ajiotaj yaratmağa çalışan R.İbrahimbəyov guya Azərbaycana bir daha geri dönməyəcəyi ilə bağlı bəyanatlar verməklə vurğulanan ittihamları dolayısı ilə qəbul etmiş olur. Daha dəqiq desək, reneqat kinossenarist indi də öz ətrafında "dissidentlik" şousu yaratmağa cəhd edir. Ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində R.İbrahimbəyovun tez-tez xarici ölkələrə səfərlər etməsi arxasında da Azərbaycanda qarışıqlıq yaratmaq, xidmət göstərdiyi siyasi dairələrin tapşırıqlarını həyata keçirmək cəhdlərinin dayandığını söyləmək mümkündür. Belə ki, onun ABŞ-da yaşayan eks-spiker, ACP "lideri" Rəsul Quliyevlə mütəmadi olaraq telefon əlaqələri saxlaması, görüşmək üçün vaxt müəyyənləşdirməsi də Azərbaycan əleyhinə işləyən qüvvələrin planları çərçivəsindədir.

Lakin məsələ həm də ondan ibarətdir ki, R.İbrahimbəyov guya həbs olunacağı ilə bağlı yayılan uydurma xəbərlərə reaksiya verməklə, yuxarıda qeyd etdiyimiz kimi, qanuna zidd əməllərini etiraf etmiş olur: "Məlumat var ki, vətənə qayıdacağım halda məni çağırıb sorğu-sual etmək istəyirlər..."

Göründüyü kimi, rəsmi heç bir məlumat olmasa da, yayılan dezinformasiyaları reallıq kimi səsləndirən R.İbrahimbəyov ən xırda nüansdan belə, öz xeyri üçün istifadə etməyə cəhd edir, məsələni siyasi pozisiyaya yönəltməyə çalışır.

Ancaq rəsmi orqanlar R.İbrahimbəyovun həmin iddialarının doğru olmadığını vurğulayır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mediaya verdiyi açıqlamasında deyib ki, sözügedən cinayət işi üzrə istintaqın yekunlaşması və cinayət işinin Baş Prokurorluğa təqdim olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Eynulla Fətullayev: "Təəssüf ki, Rüstəm İbrahimbəyov Rusiyanın oyununda vasitəçiyə çevrildi"

Qeyd edək ki, R.İbrahimbəyovun cəmiyyətə göstərdiyi siyasi "dissidentlik" şousu bir sıra tanınmış hüquq müdafiəçiləri tərəfindən də normal qəbul olunmur. Belə ki, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin fikrincə, R.İbrahimbəyovun Azərbaycana dönməməsi haqqında qərarını açıqlaması onun gözləntilərini doğruldub: "Rüstəm İbrahimbəyov istedadlı yazıçıdır. Onun yaradıcılıq qabiliyyəti və sənətkarlığı ilə bağlı heç kəsin heç bir şübhəsi ola bilməz. Ancaq onun bir siyasətçi kimi Azərbaycanın siyasi meydanına daxil olmaq cəhdləri şəxsən məndə hər zaman ironik hisslər yaradıb. Onun müsahibələrində, çıxışlarında da açıq-aşkar görünürdü ki, onun siyasi təfəkkürü yoxdur. Nə ölkədə, nə regionda, təbii ki, dünyada gedən siyasi prosesləri təhlil edə bilmir, onları dərk etməkdə çətinlik çəkir. Bir məsələni də qətiyyən unutmaq olmaz - onun bu "mübarizəsinin" başlanğıcında şəxsi motiv var".

R.İbrahimbəyovu çıxışlarında özünü Çexiyanın, Polşanın dissidentləri ilə müqayisə etdiyini deyən E.Fətullayev bunu belə izah edib: "Birincisi, Rüstəm İbrahimbəyov Azərbaycanın ən zəngin insanlarındandır. Zəngin insan isə heç zaman dissident ola bilməz. Mən bunu hər zaman bildirmişəm - 3 hektar üzüm plantasiyası, fabrikləri, bahalı malikanələri olan şəxs heç zaman dissident sayıla bilməz. Siz Havelin, ya Zanussinin 3 hektar tortağının olmasını təsəvvür edirsinizmi? Bütün bu var-dövləti, əmlakı Rüstəm İbrahimbəyov məhz ona xoş münasibət bəsləyən Heydər Əliyevə görə qazanmışdı, dolayısı ilə indiki hakimiyyətə görə əldə eləmişdi".

"Mən demişdim ki, nə onun, nə də "Ziyalılar Forumu"nun Azərbaycanda ciddi siyasi fəaliyyət göstərəcəyinə, hədəflərinə çatacaqlarına inanmıram"

Bu gün Azərbaycanda siyasi-ictimai mühitin normal olduğunu bildirən hüquq müdafiəçisi R.İbrahimbəyovun durumu "dözülməz" saydığını və siyasi proseslərə müdaxilə etmək istədiyini belə izah edib ki, onun birdən-birə belə bir addım atmasında həm şəxsi motiv var idi, həm də o, siyasi savadsızlığından və səbatsızlığından çox təhlükəli bir siyasi oyuna düşüb: "...Bu, mənim üçün gözlənilən idi - onun siyasətə qatıldığı ilk günlərdə bunu açıqca bildirmişdim. Mən demişdim ki, nə onun, nə də "Ziyalılar Forumu"nun Azərbaycanda ciddi siyasi fəaliyyət göstərəcəyinə, hədəflərinə çatacaqlarına inanmıram".

Göründüyü kimi, reneqat R.İbrahimbəyov məhz iqtidarın diqqəti və qayğısı sayəsində vaxtilə qazandığı nüfuzunu heçə endirməklə özü-özünə dərin və çıxılmaz quyu qamış olub. İndi isə həmin quyudan çıxa bilmədiyinə görə, öz günahlarını başqalarının, xüsusilə də, hakimiyyətin üzərinə atmağa cəhd edir. Lakin həmin cəhdlərin ona heç bir səmərə verməyəcəyini də yaxşı anlayan R.İbrahimbəyov öz ətrafında "dissident" ssenarisini yazmaqla hələ də bəyaz səhrada al günəşin "doğmasını" gözləyir. Hansı ki, belə təxəyyüllər yalnız kinolarda olur...

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər