PDF Oxu

Müxalifət

  • 93

Rusiya şantaj yolu ilə region dövlətlərini təsir altında saxlamaq istəyir

Rusiya şantaj yolu ilə region dövlətlərini təsir altında saxlamaq istəyir

Elşad Mirbəşiroğlu: "Azərbaycanda hər hansı bir çevrilişin olması üçün əsas yoxdur"

Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycana iki günlük səfəri zamanı açıqlamalarının birində iddia edib ki, Rusiya Azərbaycanda inqilab etmək üçün planlar hazırlayır. Bir dövlət başçısının belə bir iddia ilə çıxış etməsi, əlbəttə ki, Azərbaycan ictimaiyyəti üçün diqqətdən kənar qala bilməzdi.

Gürcüstan prezidentinin açıqlamalarının reallığa nə dərəcədə uyğun olub-olmaması məsələsinə gəlincə, siyasi ekspertlər Rusiyanın Gürcüstanla müqayisədə Azərbaycanla daha fərqli münasibətləri olduğunu düşünür.

Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Gürcüstan dövləti ilə Azərbaycan dövlətini hazırkı vəziyyətdə eyniləşdirmək düzgün deyil: "Çünki Gürcüstan prezidenti və Azərbaycan Prezidentinin öz ölkələrindəki, mövqeləri kifayət qədər fərqlidir. Bir sözlə, Gürcüstandan fərqli olaraq, Azərbaycanda dövlət çevrilişinə cəhd etmək üçün heç bir ciddi əsas yoxdur. Hər zaman Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyib və dəstəkləyəcəkdir. Ümumiyyətlə, hər hansı bir ölkədə xoşagəlməz hadisələrin baş verməsi üçün nə isə bir səbəb olmalıdır. Bu baxımdan, Gürcüstanda baş verən olaylar ölkəmizdə baş verə bilməz. Çünki Azərbaycanda hər hansı bir çevrilişin olması üçün əsas yoxdur".

E.Mirbəşiroğlu Azərbaycanın regionun önəmli bir ölkəsi olduğu üçün xarici qüvvələrin diqqət mərkəzində olmasını təbii hesab edir: "Azərbaycan rəhbərliyi xarici qüvvələrlə, xüsusilə də, region ölkələri ilə çox konstruktiv münasibətdədir. Yəni, bu əlaqələr də normal səviyyədə inkişaf etməkdədir".

Mixeil Saakaşvilinin Moskvanın Azərbaycana təzyiq etmək üçün növbəti plan hazırlanması iddialarına da münasibət bildirən politoloq Gürcüstan prezidenti Mixeil Saakaşvilinin bu gün siyasi cəhətdən iflasa uğramaqda olduğunu deyir: "Söyləmək olar ki, Gürcüstanda cərəyan edən proseslər onun maraqlarına tamamilə ziddir. Bu baxımdan, belə bir vəziyyətdə olan bir siyasi xadimin bəyanatlarını çox da ciddi qəbul etmək olmaz. M.Saakaşvili hakimiyyətə gəldiyi gündən atdığı addımlar Gurcustanın Rusiya kimi güclü qonşu dövlətlə münasibətləri tamamilə pozmuşdur. Amma burada Azərbaycan Prezidenti İlham Əliyev bütün region dövlətləri kimi, Rusiya dövləti ilə yaxın münasibətlərin qurulmasına nail olub. Rusiya ilə Azərbaycan dövlətləri arasında qarşılıqlı etimad mövcuddur. Yəni, iki ölkə arasında olan əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycan Rusiya ilə münasibətləri, Gürcüstandan fərqli olaraq, heç vaxt pozmayıb. Prezident İlham Əliyev, Mixeil Saakaşvilidən fərqli olaraq, Rusiyanın hakim elitası haqqında qeyri-ciddi sözlər danışmayıb. Bütün bunları nəzərə alaraq, demək olar ki, M. Saakaşvili vəziyyətə daha real baxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət ölkəmizdə bu kimi halların yaramasına imkan vermir. Çünki Azərbaycan regionda öz sözünü demiş bir ölkədir".

GÜLYANƏ

Digər xəbərlər