Cəmiyyətdə mövqe sahibi ola bilməyən dağıdıcı müxalifət liderləri rəhbərlik etdikləri partiyalar daxilində də nüfuz qazana bilmirlər. Bu da onların siyasi yetkili kimi qəbul olunmamasıdır. Digər amil isə, həmin boşluqda qalan partiya sədrlərinin milli və dövlətçilik maraqlarından kənar fəaliyyət yolu tutmalarıdır. O mənada ki, hansısa antimilli qüvvələrlə iş birliyinə gedərək, özlərinin maddi durumlarını yaxşılaşdırmağa səy göstərirlər. Hətta maddi imkanlar qazanmaq naminə partiya sədrləri qəbul etdikləri ideya və məfkurələrinə də xəyanat etməkdən çəkinmirlər. Bunu AXCP sədri Əli Kərimlinin timsalında açıq şəkildə görmək olar. Bəllidir ki, bu şəxs siyasi fəaliyyəti dönəmində dostlarına, əqidə yoldaşlarına xəyanət edib. Məhz buna görə də, 1989-cu ildən birgə olduqları Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Fazil Qəzənfəroğlu, Mirmahmud Mirəlioğlu, Asim Mollazadə və digərləri sonradan ondan üz döndərmişlər. Səbəb isə, ondan ibarət olmuşdur ki, Ə.Kərimli xaricdən qrant formasında aldığı maliyyə yardımını onlarla bölməkdən imtina etmişdir. Bu, azmış kimi, sözügedən şəxsləri təsir altında saxladığı qəzetlərdə şantaj edib, onların ünvanına böhtan xarakterli məqalələr dərc etmişdir. Təbii ki, bu tip məqalələr dərc olunan zaman Ə.Kərimli əsil simasını gizlədərək, "dostları"nı müdafiə etməyə çalışmışdır. Amma "cidanı çuvalda gizlətmək mümkün olmadığı" kimi Ə.Kərimlini də "dostları"na sədaqətinin hansı səviyyədə olduğu üzə çıxmışdır.
2000-ci il 18 avqust - AXCP-nin parçalanması
Uzun illər yığılıb qalan problemlər sonradan ciddi fəsadlar yaradır. AXCP daxilində də Əli Kərimlinin qurduğu planlar sonradan ifşa edildiyindən, nəhayət, AXCP-nin parçalanmasına gətirib çıxardı. 2000-ci il avqustun 18-də AXCP-nin parçalanması ilə "klassiklər" və "islahatçılar"ın qrupları yaradıldı. Söz yox ki, Ə.Kərimli bu parçalanmanı gözləsə də, kiçik qrupla qalacağını düşünməmişdir. Amma buna baxmayaraq, parçalanma Ə.Kərimlinin maddi imkanlarını yüksəltdi. O mənada ki, təqdim olunan sənədlərə görə, parçalanma zamanı texniki avadanlıqların mənimsənilməsi, eləcə də, müxtəlif AXCP-yə yaxın QHT-lərin hesablarında olan, ümumilikdə, 2 milyon dolların mənimsənilməsi Ə.Kərimli tərəfindən həyata keçirildi. Eyni zamanda, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin mətbuata verdiyi məlumata görə, Ə.Kərimli Türkiyədən Ə.Elçibəyə göndərilən 100 min dolları da mənimsəyib. "Azadlıq" qəzetinin keçmiş yazarı Mirzə Sakitin açıqlamasında Ə.Kərimlinin ona çatmalı olan 15 min dolları da özününküləşdirib.
Bir sözlə, Ə.Kərimli siyasətə gəlir mənbəyi kimi baxdığından, bu yolda dostları, əqidə yoldaşları onun üçün əhəmiyyətsiz görünür. Analitiklərin gəldiyi qənaətə görə, Ə.Kərimli bu təfəkkürlə uzağa gedə bilməyəcək. Ehtimal ki, 2013-cü il onun üçün son il olsun. Nəzərə almaq lazımdır ki, AXCP-də əsas söz sahiblərindən olmuş keçmiş sədr müavini Fuad Mustafayev xarici donorlarla əməkdaşlığın daha çox vətəndaş cəmiyyəti institutları ilə cəlbedici olduğunu və bu ideyasını Ə.Kərimlinin nəzərinə çatdırdığını bildirmişdir. Bu, nöqteyi-nəzərdən demək olar ki, Ə.Kərimli bir qədər əvvəl qəbul etmədiyi ideyanı bu ilin sentyabr ayına qədər gerçəkləşdirə bilər. Hər halda, proseslərin inkişafı və baş verən hadisələr bunu deməyə əsas verir.
İ.ƏLİYEV