PDF Oxu

Müxalifət

  • 96

AXCP yetkilisi müxalifət "liderlərinə" və "EL" hərəkatına "atəş açdı"

AXCP yetkilisi müxalifət "liderlərinə" və "EL" hərəkatına "atəş açdı"

Xaliq Bahadır: "Prezidentliyə namizəd olacaq şəxslərin böyük əksəriyyəti seçkidən sonra hakim partiyanın namizədini təbrik etməli olacaq"

Dağıdıcı düşərgədə yaşanan pərakəndəlik və seçki eyforiyası getdikcə daha da qızğın hal almaqdadır. Belə ki, ard-arda yaranan "hərəkatlar" və "cıtrdan" partiyaların belə, siyasi proseslərə uğursuz müdaxilələri artıq sözügedən düşərgədə təmsil olunan partiya yetkililərinin də kəskin qınaqları ilə qarşı-qarşıya qalmaqdadır. İstər mətbuat səhifələrində, istərsə də sosial şəbəkələrdə ittiham xarakterli yazılar və bəyanatlarla çıxış edən və "liderlərdən" narazı müxalifətçilər imkan düşən kimi öz rəhbərliklərinə tərəf açdıqları "atəşləri" intensivləşdirməkdədirlər.

Bu çərçivədə özünü daha çox qabardan partiya funksionerlərindən biri də AXCP rəyasət heyətinin üzvü, həmçinin, "Azadlıq" qəzetinin yazarı Xaliq Bahadırdır. X.Bahadır bu dəfə sosial şəbəkədəki səhifəsində kəskin ittihamlarla çıxış edərək yazıb ki, prezidentliyə namizəd olacaq şəxslərin böyük əksəriyyəti seçkidən sonra hakim partiyanın namizədini təbrik etməli olacaqlar: "Bu gün seçkilərdə prezidentliyə namizədliklərini irəli sürənlərin çoxu seçkilərdən sonra hakim partiyanın namizədini təbrik edəcəklər".

"Bizdə iki adam bir araya gəlməklə ortaya bir siyasi partiya çıxır, üç adam bir araya gəlirsə, hərəkat yaranır..."

Onu da xatırladaq ki, daha öncələr, dəqiq desək, ötən ilin sonlarında sosial şəbəkədəki səhifəsində fikir bildirən AXCP yetkilisi dağıdıcı müxalifət "liderlərinin" perspektivsizliklərini, xüsusilə, AXCP və Müsavat rəhbərlərinin "vahid namizəd" məsələsində yekdil rəyə gələ bilmədiklərini irəli çəkərək, ictimaiyyəti onları buldozer qabağına çıxardaraq, Xəzər dənizinə tərəf kürüməyə səsləmişdi.

Məhz bu dəfə də qatı ittiham dili ilə çıxış edən "cəbhə" funksioneri daha bir haqlı iradla sərt münasibətini açıqlayıb. O, növbəti iradlarında siyasi müxalifətçiləri qohumbazlıqda və qruplaşma yaratmaqda suçlandıraraq yazıb: "Bizdə iki adam bir araya gəlməklə ortaya bir siyasi partiya çıxır, üç adam bir araya gəlirsə, hərəkat yaranır. İki örnək: dayıoğlu-bibioğlu Pənah Hüseynovla Qiyas Sadıqovun bir araya gəlməyindən partiya - Xalq Partiyası; Eldar Namazov, Vəfa Quluzadə, Tofiq Zülfüqarovun bir CIZIQDA bulunmağından hərəkat - "EL" hərəkatı yarandı!"

Göründüyü kimi, X.Bahadırın atdığı güllələrdən birinə də məhz Eldar Namazovun tuş gəlməsi gözlənilən idi. Lakin unutmaq lazım deyil ki, E.Namazovu hədəfinə alan sıradan şəxs deyil, məhz "cəbhə" sədri Əlin Kərimlinin müavinləri sırasında yer alan X.Bahadırdır.

Bu səbəbdən istisna etmək olmaz ki, X.Bahadır həm də vəziyyətdən istifadə edərək, Ə.Kərimlinin namizədliyinə qarşı çıxış edə biləcək tərəfləri "vurur". Çünki E.Namazovla yanaşı, hədəfdə Müsavat başqanına yaxınlığı ilə seçilən Pənah Hüseyn də var.

Lakin bütün bunlarla yanaşı, X.Bahadır bir həqiqəti söyləyib. Həmin həqiqət isə mövcud reallığı görməkdir. Yəni vaxtı, zamanı çatanda müxalifət namizədlərinin hakim partiyanın namizədini qələbə münasibəti ilə təbrik etmələri iddiası...

R.RƏSULOV

Digər xəbərlər