Oqtay Əsədov: "Mətbuatda etnik məsələləri qabardanlar təmənnalı şəkildə bəzi qüvvələrin sifarişlərini yerinə yetirməyə çalışırlar"
Son günlər AXCP və Müsavat partiyalarının nəzarətlərində olan dağıdıcı müxalifət mətbuatı və onlara məxsus saytlar Azərbaycan dövlətçiliyinə və xalqın maraqlarına qarşı daha təhlükəli oyunlar oynamağa cəhd edirlər. Belə ki, xəmirləri dağıdıcılıq və anarxiya üzərində yoğrulmuş bu kimi "qüvvələr" bəzi Qərb siyasi dairələrinin sifarişlərini həyata keçirməklə ölkədə süni ajiotajlar yaratmağa, bununla da hakimiyyətə yiyələnəcəklərini düşünürlər.
Terrorizmi və separatçılığı təbliğ edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri qanun və xalq qarşısında cavab verməlidirlər
Ancaq Azərbaycan dövlətçiliyinin möhkəm təməl prinsiplərinə söykənməsi, xalqın və dövlətin vəhdət şəklində birliyi onların xəyanətkarlıq maraqlarının təmin olmasına keçilməz baryerlər qoyur. Həmçinin, zaman-zaman hətta terrorizmi və separatçılığı təbliğ edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri, bu mətbu orqanları nəzarətlərində saxlayan AXCP və Müsavat rəhbərliyi Azərbaycanda siyasi maraqlarını təmin etmək arzusunda olan xarici ağaları qarşısında nökərçilik edib utopik düşüncələrini gerçəkləşdirəcəklərini düşünürlər.
Ancaq bütün bu kimi antidövlətçilik cəhdlərinə baxmayaraq, Azərbaycanda rahat və firavan yaşayan etnik xalqların nümayəndələri ölkəmizin quruculuq və inkişafında, önəmli ictimai-siyasi hadisələrində yaxından iştirak edirlər. Çünki Azərbaycan onların da Vətənidir. Bu torpqalar uğrunda yüzlərlə şəhid verən azsaylı xalqların nümayəndələri arasında Azərbaycanın milli qəhrəmanları, veteranları və nüfuzlu dövlət, ictimai-siyasi xadimləri var. Azərbaycan xalqı və dövləti isə hər zaman öz vətəndaşları ilə fəxr edir, qürurlanır.
Millət vəkili Musa Qsımlı: "Güc strukturlarımızı bu məsələni diqqətdə saxlamağa çağırıram"
Belə olan halda, bir daha vurğulamaq mümkündür ki, ölkədə seçkilər ərəfəsində müxtəlif səpgili təhlükəli oyunlara girərək, oyunbazlıqlar edən aşırı radikalizm və anarxiya tərəfdarları son anda da məhz xalq qarşısında cavab verməli olacaqlar. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov, eləcə də, millət vəkilləri parlamentin sonuncu iclasında da vurğulayıblar. Belə ki, Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı son vaxtlar bəzi kütləvi informasiya vasitələrində etnik məsələlərin süni şəkildə qabardılmasına etiraz edilib.
Deputat Musa Qasımlı bildirib ki, son günlər bəzi mətbuat vasitələrində (Burada "Azadlıq" və "Yeni Müsavat" qəzetləri nəzərdə tutulub -R.N.) etnik qarşıdurmanı qızışdıracaq yazılar daha çox yer almaqdadır: "Mən güc strukturlarımızı bu məsələni diqqətdə saxlamağa çağırıram".
Spiker Oqtay Əsədov da deputata cavab olaraq onun fikri ilə razılaşdığını bildirib: "Son günlər belə hallar çoxalıb. Bu məsələləri ortaya atanlar təmənnalı şəkildə bəzi qüvvələrin sifarişlərini yerinə yetirməyə çalışırlar".
Göründüyü kimi, sözügedən məsələləri ortaya atan tərəflərin - dağıdıcı müxalifət "liderlərinin" və onlara yaxın mətbuatın bəzi qüvvələrin sifarişlərini həyata keçirilməsi versiyası ölkənin ali qanunverici orqanında da müzakirə edilib. Bu isə o deməkdir ki, artıq həmin "qüvvələr" bu kimi əməllərinə görə qanun qarşısında müvafiq cavablarını almağa məhkumdurlar.
Rövşən NURƏDDİNOĞLU