PDF Oxu

Müxalifət

  • 42

Mustafa Hacıbəyli də AXCP-yə qarşı coşdu

Mustafa Hacıbəyli də AXCP-yə qarşı coşdu

"Fuad Qəhrəmanlının "Müsavat partiyası Əli Kərimliyə güzəştdə getməlidir" kimi açıqlamalar verməsi artıq işdir"

Növbəti seçkiöncəsi mühitdə düşmənçilik səviyyəsinə qədəm qoyan Müsavat və AXCP "liderləri" yaxın ətrafları və funksionerləri vasitəsilə söz savaşlarını kəskinləşdirməkdədirlər. Məsələ ondadır ki, bu günlərdə "cəbhə" sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Müsavat partiyası və onun başqanı seçkilərdə Əli Kərimliyə dəstək verməlidir. "Cəbhəçilər" hesab edirlər ki, İ.Qəmbərdən fərqli olaraq Ə.Kərimli namizəd kimi prezident seçkilərində iştirak etməyib və bu dəfə onun şansını yoxlamaq lazımdır. Ancaq F.Qəhrəmanlının bu kimi bəyanatı Müsavat yetkilisi Mustafa Hacıbəylinin etirazına səbəb olub. M.Hacıbəyli AXCP sədrinin müavininə ismarıc yollayıb ki, artıq belə söhbətlərə son qoyulmalıdır. Çünki İ.Qəmbər seçkilərdəki iştirakı ilə bağlı qərarnı bəyan edib. Kimlərinsə xeyrinə namizədliyini geri götürməsi isə mümkün deyil.

"Çeynənmiş mövzuları yenidən gündəmə gətirməyin heç bir mənası yoxdur"

Müsavat başqanının müşaviri M.Hacıbəyli onu da bildiib ki, İ.Qəmbərin namizədliyi partiya tərəfindən irəli sürülüb və hazırda onun namizədliyinin təsdiqi istiqamətində iş aparılır. Bu baxımdan, irəli sürülən təklilflərin yeri deyil: "Qərarımızı bilə-bilə yenidən Fuad Qəhrəmanlı və "Müsavat Partiyası Əli Kərimliyə güzəştdə getməlidir" kimi açıqlamalar verməsi artıq işdir. Çeynənmiş mövzuları yenidən gündəmə gətirməyin heç bir mənası yoxdur".

AXCP ali məclisinin sədri Həsən Kərimov: "Əli Kərimli iddialıdır və daha çox şansı olan namizəddir, buna görə də seçkilərə qatılacağıq"

Lakin M.Hacıbəylinin F.Qəhrəmanlıya cavabından sonra digər AXCP yetkilisi, partiyanın ali məclisinin sədri Həsən Kərimov da müsavatçıları qızışdıra biləcək bəyanatla çıxış edib. O, müsavatçılara xitabən sual edib və soruşub ki, Ə.Kərimli nəyə görə seçkilərdən kənarda qalmalıdır? O, iddia edib ki, əgər İ.Qəmbər namizədliyini irəli sürürsə, AXCP sədri də prezident seçkilərinə qatıla bilər: "AXCP namizəd məsələsini müzakirə edəcək. Təbii ki, AXCP "lideri" də seçkiyə iddialıdır və daha çox şansı (?-A.) olan namizəddir. Ona görə də biz seçkilərə qatılacağıq. Sosial şəbəkələrdə aparılan sorğunun nəticələrinə və partiyanın gücünə görə də ən güclü namizəd Ə.Kərimlidir. AXCP sədri nəyə görə seçkilərdən geri qalmalıdır?"

Göründüyü kimi, AXCP Müsavata qarşı kampaniyaya başlayıb və hələlik, hücum xarakterli bəyanatlar səsləndirməklə sosial şəbəkələrdəki sorğunun nəticələrini də müsavatçıların qarşısına qoyur. Ancaq bir müddət bundan öncə müsavatçılar "cəbhəçilərin" qarşısına apardıqları sosial sorğularının nəticələrini qoymuşdular. Bu oyunun nəticəsi isə artıq indidən bəllidir.

Afət QULİYEVA

Digər xəbərlər