"El" adlı "hərəkat" adıçəkilən qurumun sonuna çıxdı
Reneqat Eldar Namazovun "El" adlı "hərəkat" ətrafında oynadığı siyasi oyunların görünməyən daha bir tərəfi bəlli oldu. Artıq tam əminliklə deməyə əsas yaranıb ki, "El"-in yaranması və bu günlərdə elan olunması bilavasitə "Ziyalılar Forumu"nun parçalanması ilə nəticəsini tapıb. Çünki ortada digər maraqlı nüanslar mövcuddur.
"Forum"un əsas çoxluğu ağızucu və qeyri-səmimi şəkildə "El"-ə "uğurlar" arzulamaqla kifayətləniblər
Belə ki, "El" "hərəkatının" ideya müəllifi "Ziyalılar Forumu"nun təmsilçisi Firudin Cəlilov olsa da, "ideyanın" gerçəkləşməsi reneqatlar qurumunun həmtəsisçisi Rüstəm İbrahimbəyovun adı ilə əlaqələndirilir. Başqa tərəfdən, belə bir "hərəkatın" yaradılacağı haqqında hələ ötən ilin payızından xəbərlər yayılmağa başlasa da, R.İbrahimbəyov "El"in yaradılacağı barədə anonslarını ötən ilin dekabrında verdi. Hətta bu qurumun gah bu ilin yanvar, gah da fevral aylarında elan olunacağı iddiaları səsləndirilirdi. Ancaq "forum"dakı müxtəlif daxili problemlər, mövcud ikitirəliklər, eləcə də, müxalifət partiyaları ilə əməkdaşlıqda yaranan problemlər "ideyanın" reallaşmasına əngəllər yaradırdı.
Lakin "El" ilə bağlı daha bir məqam R.İbrahimbəyovun faktiki rəhbərlik etdiyi "Ziyalılar Forumu" üzvlərinin tam heyətdə "hərəkatda" təmsil olunmamalarıdır. Artıq "forum"un idarə heyətinin əsas çoxluğu bu ətrafda verdikləri açıqlamalarında ağızucu və qeyri-səmimi şəkildə "El"-ə "uğurlar" arzulamaqla kifayətlənərək, ümumiyyətlə, "hərəkatda" təmsil olunmayacaqlarını bildiriblər.
"Ziyalılar Forumu" işinə xitam verəcək
Məhz bu səbəbdən, "Ziyalılar Forumu"nun əsas çoxluğu başda F.Cəlilov olmaqla, "El"-də təmsil olunmayacaqlarını bəyan etməkdədirlər. Onlar "forum"un siyasi proseslərə qatılmadığını bildirərək, bundan sonra ayrıca şəkildə fəaliyyət göstərəcəklərini mətbuata açıqlamaqdadırlar. Qurum üzvləri iddia edirlər ki, onların heç bir siyasi iddiaları yoxdur. "El" isə faktiki olaraq "hərəkatdan" daha çox siyasi partiya kimi çıxışlar edərək, prezident seçkilərinə namizədilə qatılacağını bəyan edib.
Nəticədə, E.Namazovun "El"-i elan etməsi "Ziyalılar Forumu" daxilində ciddi parçalanmayla başa çatıb. Artıq R.İbrahimbəyovun da Azərbaycana geriyə qayıtmaqda tərəddüd etməsi yaxın müddətdə "forum"un birdəfəlik olaraq parçalanması və fəaliyyətinə xitam verməsi ilə nəticələnə bilər.
Afət QULİYEVA