Həsən Kərimov: "İsa Qəmbərin və Eldar Namazovun nə düşünmələrindən asılı olmayaraq, AXCP güzəştə getməyəcək"
Seçkilərə 8 aydan da çox vaxt qalmasına baxmayaraq, dağıdıcı müxalifət düşərgəsində mövqe savaşı getdikcə gərginləşir. O mənada ki, iddialı partiya sədrləri bir-birini gözdən salmağa və bununla da sıradan çıxarmağa ümid bəsləyirlər. Bu mübarizə üsulunda həm də keçmişin təcrübəsinə də əsaslanırlar. Çünki 2003-cü il prezident seçkiləri zamanı AMİP sədri Etibar Məmmədovun təzyiqləri qarşısında duruş gətirə bilməyən AXCP sədri Əli Kərimli seçkilərdə iştirak etməkdən imtina edib, E.Məmmədovun "vahid namizəd"liyini dəstəklədiyini bəyan etdi. Sonrakı mərhələlərdə də uduzan, seçki prosesindən kənarda qalan yenə də Ə.Kərimli olmuşdur. Belə ki, 2008-ci il prezident seçkilərində Ə.Kərimli bu dəfə namizədliyini Müsavat başqanı İsa Qəmbərin xeyirinə geri götürdüyünü bildirdi. Çox ehtiml ki, bu dəfə də seçki prosesindən kənarda qalan Ə.Kərimli olacaq. Baxmayaraq ki, AXCP funksionerləri təkidlə Ə.Kərimlini seçkilərdə iştirak etməyə məcbur edirlər. Hətta sədrin müavini Gözəl Bayramova ultimativ şəkildə bəyan edib ki, Ə.Kərimli bu dəfə zəiflik nümayiş etdirsə, AXCP 2014-cü ilə Ə.Kərimlisiz gedəcək. Partiyanın digər sədr müavini Fuad Qəhrəmanlı da hədələyici bəyanatla çıxış edərək, Ə.Kərimlinin güzəştə gedəcəyi təqdirdə, AXCP-nin sonu olacağını bildirib. Bu arada isə, Müsavat funksionerləri İ.Qəmbərin daha şanslı namizəd olduğunu nümayiş etdirmək üçün başqanın ətrafında müxtəlif şoular qururlar. Gah onun müsavatçı qadınlarla, gah da müəyyən məqsədlərini anlamayan gənclərlə görüşünü təşkil etməyə çalışırlar.
Görünən odur ki, İ.Qəmbəri aparıcı sima kimi təqdim etmək Müsavat funksionerləri üçün əsil cəhənnəm əzabına çevrilib. Çünki cəmiyyətdə olduğu kimi, müxalifət düşərgəsində də, arzuolunmaz şəxsə çevrilən İ.Qəmbəri zorən nüfuza mindirmək problem yaradır. Məhz buna görə də, əksər hallarda İ.Qəmbərin uğursuz təbliğatını "Yeni Müsavat" qəzeti müxtəlif rənglər qatmaqla təqdim edir.
Proseslərin inkişafı onu deməyə əsas verir ki, AXCP funksionerləri geri çəkilmək fikrində deyillər. Bunu qəzetimizə açıqlamasında AXCP-nin sədr müavini Həsən Kərimov da dilə gətirdi. Onun sözlərinə görə, düşərgə daxilində ən şanslı namizəd olan Ə.Kərimlini "İctimai Palata" təmsilçiləri dəstəkləyə bilərlər. H.Kərimov İ.Qəmbərin, Eldar Namazovun və digərlərinin nə düşünmələrindən asılı olmayaraq, AXCP-nin güzəştə getməyəcəyini də bəyan etdi.
"Vahid namizəd"lik uğrunda Müsavatla AXCP arasında aparılan savaş, ümumilikdə, Qərbin antimilli qüvvələrinin əlaltısı rolunda çıxış edən E.Namazovun xeyirinə işlədiyini iddia edənlər var. Amma nəzərə alsaq ki, E.Namazovu yaxınları belə yaxşı tanımırlar, bu halda, onun antimilli qüvvələrin etimadını doğruldacağı şübhəli görünür. Düzdür, hüquq müdafiəçisi Eynulla Fətullayev "Facebook layihəsi" çərçivəsində ABŞ-ın Milli Demokratiya İnstitutunun müxalifət partiyalarına və hərəkatlarına 2 milyon ABŞ dolları ayırdığını bildirib. E.Fətullayev onu da bildirib ki, ayrılan vəsait hesabına küçələrdə gənclərin icazəsiz aksiyaları təşkil olunur. Hüquq-müdafiəçisinin sözlərinə görə, E.Namazov kimilər bu vəsaitdən daha çox yararlanmağa səylər göstərirlər.
Bir faktı unutmaq olmaz ki, siyasətdə pul gücünə nüfuz qazanmaq, prosesləri maraqlara uyğun istiqamətləndirmək mümkün deyil. Vaxtilə AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin ACP lideri Rəsul Quliyevə ünvanladığı ittihamda deyildiyi kimi, pul qoyub, pul götürmək olar, pul qoyub siyasətdə uğur qazanmaq olmaz.
İ.ƏLİYEV