Dağıdıcı müxalifət liderləri danışdıqca, iç üzləri daha çox ifşa olunur
Xaricdən maliyyələşən, əlləri beynəlxalq dairələrin, donorların ciblərindən çıxan müxalifətçi siyasi qüvvələr qarşıdakı prezident seçkilərinin vaxtı azaldıqca özlərini daha fəal nümayiş etdirmək üçün öz hamilərinin buyruqlarını yerinə yetirməyə çalışırlar. Azərbaycan haqqında tənqid, görülən işlərə kölgə salmaq, ölkəmizin nüfuzuna zərbə vurmaq kimi sifarişlər isə həmin qüvvələrin daim pusqusunda dayandıqları subyektlərdir. Buna misal, 2004 və 2005-ci illərdə Müsavat və AXCP mitinqlərə o zamankı ABŞ prezidenti Corc Buşun portretləri ilə çıxırdılar. Bütün bunlar isə hələ o zamanlar hər şeydən xəbər verirdi. Maraqlısı isə o idi ki, guya Məmməd Əmin Rəsulzadənin siyasi platformasını davam etdirdiyini bəyan edən Müsavat başqanı İsa Qəmbər nədənsə o zamankı aksiyalarda onun deyil, məhz ata Buşun portretinə bərk-bərk sarılmışdı.
Xaricin muzdlu liderləri nə vaxt xalqın içinə qatıldılar?
Bu gün həmin xaricə satılmış qüvvələr ən xırda məişət problemindən istifadə edərək, dərhal sosial şəbəkələrdə, müxalif qəzetlərdə əsgər ölümünü siyasiləşdirərək "xalq üsyana qalxdı" şüarları ilə dağıdıcı müxalifətə aid "gənclər hərəkatı" küçə və meydanlara çıxıb hay-küy yaratmağa başlayıblar. Qəribəsi isə odur ki, Azərbaycanın dövlətçilik maraqları bir sıra xarici təşkilatlar tərəfindən şübhə altına alınarkən məhz bu müxalifətə aid "gənclər hərəkatı" ortalıqda görünmür, lakin seçkilər ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdləri olan kimi sözügedən "gənclər hərəkatları" həmin andaca dağıdıcı müxalifət "liderlərinin" yanlarında peyda olurlar. Məqsəd isə bəllidir. Çünki onlar həm də xarici siyasi dairələrin Azərbaycandakı maraqlarının təminatı mənasını daşıyır. Digər bir maraqlı sual ortaya çıxır: "xalq üsyana sizsiz qalxırdısa", onda siz nəyə, kimə lazımsınız və ya sizin xalqa nə dəxliniz var? Görəsən, bu gün Müsavatın, AXCP-nin burunlarından uzağı görə bilməyən "uzaqgörən" "liderlər"i nə vaxt xalqın içinə qatıldılar?
Azərbaycanda hər şeyi qara rəngdə görməyi özünə peşə etmiş bir sıra siyasətbazlar, o cümlədən, AXCP-nin, Müsavatın "müstəqil" mətbu orqanları rəhbərlikdən gələn buyruqla yalanlar, böhtanlar kampaniyasına da start veriblər. Belə ki, bu günlərdə mətbuata verdiyi müsahibəsində BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, "Azadlıq" qəzetindəki yazıların çoxu məhz Əli Kərimli tərəfindən yazılıb: "İş-gücdən" başı açılmayan, mətbu orqanlara müsahibələr verməkdən imtina edən Ə.Kərimlinin evində oturub yazdığı "məqalələr" "Azadlıq"da "siyasət şöbəsi" kimi yazılsa da, mənbənin kimdən və hardan gəldiyi hamıya aydındır. Bu mətbu orqanı oxuduqda, elə düşünürsən ki, dünya dağılır, aləm qopur, qiyamət başlayıb".
Qohum vasitəsilə yoldan çıxarılan gənclər
Bunların yalnız bir məqsədi var - Azərbaycanda qarşıdurma yaratmaq və bundan şəxsi məqsədləri üçün istifadə etmək, "xalq"ı üsyana qaldırmaq. Bəzən "xalq" dedikləri bunların sözünü eşidir. Elə ötən il keçirilən aksiya zamanı 25-30 nəfərdən ibarət "xalq" onların göstərişləri ilə küçələrə çıxdı, oradan da həbsxanaya yollandılar. Sonra da bağışlanmaları üçün ərizə və müraciətlərində bildirirdilər ki, uşaq olublar, Ə.Kərimlinin, İ.Qəmbərin yanında işləyən filan qohumu yoldan çıxarıb və müxalifətçi edib.
Lakin xalqın gözü tərəzidir. Siyasətlə az da olsa maraqlanan, eləcə də, maraqlanmayan hər kəs kimin kim olduğunu yaxşı bilir. Ona görə də bəzi qəzetlərdə çıxan "xalq ayağa qalxdı" başlıqlı, yalan və böhtanlarla bəzənmiş cümlələrə daha inanan yoxdur. İnanan yoxdursa, demək, ən yaxşı halda danışmamaları daha məqsədəuyğun olardı. Çünki bunlar danışanda iç üzləri daha çox açılır və onlar ifşa olunurlar.
R.Kamalqızı