Fazil Mustafa: "AXCP AXC-nin donqili variantıdır"
Rəhbərlik etdiyi siyasi təşkilatın AXC-nin varisi oluğunu iddia edən AXCP sədri Əli Kərimli sözügedən iddiasına görə ciddi və kəskin ittihamlar atəşinə məruz qalıb. Belə ki, vaxtilə onunla birgə Elçibəy hakimiyyətində təmsil olunan tərəflər Ə.Kərimlinin varisliyini qəbul etməməkdədirlər. Belə ki, ortaya bir çox tutarlı əsaslar gətirən tərəflər dolayısı ilə bildirirlər ki, öz liderinin ölümündə əli olan fərd onun varisi kimi çıxış edə bilməz. Xatırladaq ki, "cəbhə" sədri Ə.Kərimli Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürüldüyü ittihamlarında əsas rol oynayanlardan biridir. Artıq bununla bağlı aparılan istintaq öz işini yekunlaşdırmaqdadır. O da məlumdur ki, Ə.Kərimli Elçibəyin sağlığında ona qarşı bir çox xəyanətlərdə bulunub. "Yurd" qruplaşmasının yaradılması, eləcə də, AXC-nin maliyyəsinin mənimsənilərək oğurlanması günahları da məhz Ə.Kərimlinin boynuna yazılıb. Məhz bu kontekstdən çıxış edərək, onun AXC-nin varisi kimi çıxış etməsi qəbulolunmaz iddiadır.
"Əbülfəz Elçibəy yolu, Rəsulzadə yolu və başqa yollar adı altında ifadələrin arxasında gizlənərək, siyasət yürütməyin heç bir mənası yoxdur"
90-cı illərdə Elçibəy administrasiyasının hüquq şöbəsinin müdiri, hazırda Böyük Quruluş Partiyasının (BQP) sədri olan Fazil Mustafa Ə.Kərimlinin iddiasına cavab olaraq bildirib ki, AXC-nin varisi olduğunu iddia edənlərin böyük əksəriyyəti bu adı daşımağa layiq deyillər. Onun sözlərinə görə, onlar yeni ideya əvəzinə təşkilatın adını qorumaqdan uzağa gedə bilmədilər. Bu gün belə iddiada olmağın özü yalnışdır: "Əbülfəz Elçibəy yolu, Rəsulzadə yolu və başqa yollar adı altında ifadələrin arxasında gizlənərək siyasət yürütməyin heç bir mənası yoxdur. Yol Azərbaycanın müstəqillik və demokratiya yoludur. Sadəcə, bu, hər bir siyasi liderin özünün fərqli siyasi baxışları, şüarları ola bilər. Təəssüf ki, biz bunu deyil, hər kəsin hansısa yolu inhisara almasını görürük. Bu, olduqca yalnış yanaşmadır".
F.Mustafa daha bir maraqlı kontektdən çıxış edərək, bildirib ki, Ə.Kərimli AXC-ni yaşatmaq əvəzinə onu öldürüb: "...Bir təşkilata sahib çıxmaq, onu təşkilat olaraq yaşatmaq əvəzinə, onu öldürmək yaxşı hərəkət deyil".
"AXCP Azərbaycan siyasətində müxtəlif ölkələrin güclərinin təminatı ilə fəaliyyətini davam etdirən bir qrup, hətta bir, ya iki nəfərlə olsa da, yalnız xarici himayə ilə ayaqda qalacaq"
AXC-nin varisinin AXCP olması fikrinə gəlincə, F.Mustafa bildirib ki, bugünki AXCP AXC-nin donqili variantıdır: "Bunun başqa adı yoxdur. Əgər Əbülfəz Elçibəyin mirasına iddia edirlərsə, yeni, tənqidi baxış ortaya qoymalı idilər. Düzəlişlər edərək yeni mesajlarla cəmiyyətin qarşısına çıxmalı idilər. Lakin, bunu bacarmadılar. Hesab edirəm ki, AXCP Azərbaycan siyasətində müxtəlif ölkələrin güclərinin təminatı ilə fəaliyyətini davam etdirən bir qrup, hətta bir, ya iki nəfərlə olsa da, yalnız xarici himayə ilə ayaqda qalacaq. Buna görə də, onların Azərbaycan cəmiyyətində hansısa formada xeyir verəcəyinə inanmıram".
İsgəndər Həmidov: "İndi bir çoxu öz kabinetlərində bəh-bəh ilə bəyin şəklini asıblar"
AXC-nin hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov mətbuata müsahibəsində deyib ki, hazırda AXC-nin varisi yoxdur. Sabiq daxili işlər naziri hesab edir ki, heç bir partiya onun varisi sayıla bilməz: "Çünki AXC-nin yaradıcılarının və üzvlərinin çox az bir hissəsi siyasətdədir...İndi bir çoxu öz kabinetlərində bəh-bəh ilə bəyin şəklini asıblar. Amma soruşun, görün bəyin qəbrini sonuncu dəfə nə zaman ziyarət ediblər".
Qismət ZƏNGİBASARLI