Bu qurumda toplaşanlar xalqın etibarını itirmiş insanlardır
Dağıdıcı müxalifət düşərgəsində yeni qurumların yaradılması ənənəsi davam edir. "İctimai Palata", "Ziyalılar Forumu" və bu kimi qondarma qurumların yaradılması heç bir effekt vermir. Xalqın etimadını qazana bilməyən bu qurumlar çox keçmir ki, sıradan çıxır. Həmin qurumlar vasitəsilə anti-Azərbaycan meyilli qüvvələrdən maliyyə yardımı alan dağıdıcı müxalifət yeni qurumlar yaratmaqda da məhz bu məqsədi güdür. Məsələ ilə bağlı həmsöhbətlərim bildirdilər ki, bu qurumların məqsədi xalqın milli maraqlarına tamamilə ziddir.
Millət vəkili Bəxtiyar Sadıqov:
- Azərbaycan dövlətçiliyi elə möhkəmlənib ki, artıq 90-cı illərdə olduğu kimi, ara qarışdırmaqla, iğtişaşlar törətməklə kiminsə hakimiyyətə gəlməyi mümkün deyil. Nəinki hakimiyyətə gəlmək, müxalifət hətta sabitliyi belə poza bilir. Çox təəssüf ki, Azərbaycanın aqressif müxlifəti hələ də o əhval-rühiyyədədir. Elə zənn edirlər ki, müxtəlif qurumlar, hərəkatlar yaratmaqla insanları aldadıb, ətraflarına qüvvə toplaya biləcəklər. Əvvəla, Azərbaycan xalqı1990-cı illərdəki xalq deyil. O mənada ki, artıq Azərbaycan xalqı kimin kim olduğunu yaxşı görür. İndi də reneqat Eldar Namazov guya "El" hərəkatı yaradıb. Hansı ki, əvvəllər gah "forum" yaradıb, gah da qurum yaradıb. Hazırda "EL"-in yaradılmasında perspektiv görmürəm, çünki "EL" hərəkatı əvvəlki yaradılan və dağıdılan qurumların taleyini yaşayacaq. Yaradılan qurumlarda toplaşan insanlar xalqın etibarını itirmiş insanlardır. Heç bir sosial bazası olmayan reneqatlar yeni qurumlar yaradıb, ora yığışır. Xüsusilə də, "EL" hərəkatı yaradılıbsa, orada reneqarlar toplaşıbsa və onun başında reneqat Eldar Namazov dayanırsa, sözsüz ki, həmin hərəkata xalq dəstək verməyəcək. Sadəcə, edilənlərin hamsı görüntüdür. Əslində, onlar anti-Azərbaycan şəbəkəsinə xidmətdir. Eyni zamanda, xaricdən qrantlar almaq məqsədilə bu cür qurumlar yaradırlar. "EL" hərəkatının nə bu günü var, nə də sabahı. Yəni istər adlarını "Ziyalılar Forumu" qoysunlar, istər başqa bir partiyada təmsil olunsunlar, istərsə də başqa bir şey, fərq etməz. Birmənalı tərzdə qeyd edim ki, onlar sıradan çıxmış durumdadırlar. Bu insanlar və onların yaratdığı qondarmaq qurumlar xalq tərəfindən qəbul edilməyəcək, necə ki, bu günə qədər edilməyib.
Millət vəkili Musa Quliyev:
- Yeni yaradılan "EL" hərəkatı mənasız bir qurumdur. Onun el-oba ilə heç bir əlaqəsi yoxdur. Bu hərəkatı yaradan insanlar əvvəllər hökumətdə təmsil olunan insanlardır. Onların bəziləri yaşına görə, bəziləri isə yarıtmaz fəaliyyətinə görə hökümətdən ayrılmış insanlardır. İstər "Ziyalılar Forumu", istər "İctimai Palata", istərsə də "EL" hərəkatı olsun, hamsının mahiyyəti eynidir. Fərz etməz, istəyirlərsə el-oba hərəkatı yaratsınlar. Bütün bunlar müxalifətin radikal qanadının nümayəndələridir. Toplananların yerini dəyişəndə, cəm dəyişmədiyi kimi, onların hansı təşkilatda birləşməsindən asılı olmayaraq, bunların nə elektoratı artır nə də nüfuzları. Hesab edirəm ki, bir müddətdən sonra yaddan çıxacaqlar. Bunun adını nə qoysalar da, fərqi yoxdur, bu hərəkatın el-oba ilə heç bir əlaqəsi yoxdur.
Birmənalı şəkildə deyim ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi lider kimi görür və onu dəstəkləyir.
Babək Hacıyev