PDF Oxu

Müxalifət

  • 52

Müxalifət dialoqa hazırdırmı?

Müxalifət dialoqa hazırdırmı?

Elşən Manafov: "Hakimiyyət tərəfindən dialoqla bağlı mövqe sərgilənirsə, təbii ki, müxalifət bu dioloqa getməlidir"

Mətbuatdan da məlum olduğu kimi, iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə bağlı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fikir səsləndirib. Xoşməramlı mövqe müxalifət düşərgəsində necə qarşılanıb və müxalifət bu dialoqun keçirilməsinə hazırdırmı? Bu və digər suallarımızı cavablandıran Demokratik Sol Partiyasının sədri Elşən Manafov "Səs" qəzetinə açıqlamasında bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən müxalifət qüvvələri yekcins deyil: "Hakimiyyət tərəfindən dialoqla bağlı mövqe sərgilənirsə, təbii ki, müxalıfət bu dioloqa getməlidir. Dialoq zamanı hakimiyyətlə müxalifət arasında müxtəlif mövzular ətrafında müzakirələr ola bilər. Nəzərə alsaq ki, 2013-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Ölkə müxalifəti də daha çox düşündürən və narahat edən məsələlərdən biri məhz bu il ölkəmizdə prezident seçkilərinin keçirilməsi ilə bağlıdır. Amma bu gün Azərbaycan dövləti və xalqı üçün bir nömrəli problem məhz Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Təəssüflər olsun ki, müxalifət təmsilçiləri və "İctimai Palata"da təmsil olunan siyasi partiyaların rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir fikir irəli sürərək, danışıqlar aparmırlar. Sanki müxalifət qüvvələri üçün bu məsələ arxa plana keçib. Bu gün hakimiyyətin və müxalifətin əsas hədəfi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdir. Yəni, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycan hakimiyyəti Avropa Şurasına qəbul olunduqdan sonra götürdüyü bütün öhdəlikləri yerinə yetirib".

"Dəfələrlə dialoq keçirilməsi üçün təkliflər irəli sürülüb. Amma müxalifətin böyük iddiaları və tələbləri bu dialoqun baş tutmasına imkan verməyib. Sizcə, yenidən belə bir vəziyyət yaranmayacaq ki" sualını cavablandıran partiya sədrinin sözlərinə görə, əgər hakimiyyət tərəfindən dialoqla bağlı mövqe sərgilənirsə, müxalifət düşərgəsini təmsil edən qüvvələr, heç şübhəsiz ki, bunu yetərincə qiymətləndirməli və bu dialoqa qatılmalıdırlar. O ki qaldı müxalifətdə olan bəzi siyasi liderlərin ambisiyaları məsələsinə, əslində, ölkə müxalifətinin ən ciddi problemlərindən biri məhz bu ambisiyaların indiyə qədər gündəmdə qalmasıdır: "Zaman-zaman müxalifətin xalqın milli mənafeyinə zidd addımları etirazla qarşılanmışdır. Ümumiyyətlə, müxalifətin siyasi ambisiyaları ən azı siyasi imkanlarına bərabər olmalıdır. Bu gün isə müxalifət qüvvələrinin cəmiyyətə təsir imkanları yetərincə deyil".

GÜLYANƏ

Digər xəbərlər