Əli Kərimli gəncləri toruna salaraq seçkilərə qatılmaq, İsa Qəmbər isə "palata"nı parçalayaraq elektorat qazanmaq arzusundadır
Zaman-zaman gənc nəslin nümayəndələrini aldadaraq toruna salan, onların gələcəklərini, bütövlükdə isə, həyatlarını zəhərləyən "cəbhə" sədri Əli Kərimli bu dəfə də bu kimi çirkin əməlini reallaşdırmağa səy göstərir. Xatırladaq ki, vaxtilə onun tələsinə düşənlər - Ruslan Bəşirli, Səid Nuriyev, Aqil Xəlil, Fikrət Hüseynli kimi gənclər hazırda Ə.Kərimlini ən sərt fonda tənqid edir, AXCP sədrini bir sıra xəyanətlərdə ittihamlandırırlar. Ancaq həmin ittihamlara cavab vermək, özünü müdafiə etmək əvəzinə "cəbhə" sədri daha da azğınlaşaraq prezident seçkiləri öncəsi gənclər arasında tərəfdar toplamaq üçün onlara, necə deyərlər, "torba tikir".
Ə.Kərimli "Yeni Fikir" gənclər təşkilatını da məhz 2005-ci ilin parlament seçkiləri ərəfəsində istifadə edib
Pafoslu çıxışları ilə ictimai-siyasi şüurları formalaşmayan gəncləri özünə cəlb etmək istəyən AXCP sədri "Ölkənin problemlərini yetişməkdə olan gəncliyin çiyinlərinə buraxmağa haqqımız yoxdur" tipli sözləri ilə həm də özünün "liderliyini" cəmiyyətə sırımağa çalışır. Daha dəqiq desək, Azərbaycan xalqına, gənclərə düşmən kəsilən Ə.Kərimlinin söylədikləri də sübut edir ki, o, prezident seçkiləri ərəfəsində "NİDA", "Yeni Fikir", "Dalğa" və digər müxalifətyönlü gənclər təşkilatının hesabına ətrafına 3 - 5 nəfər toplamaq, bununla da daha yeni-yeni gəncləri öz siyasi şikarına çevirmək istəyir.
Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ bir müddət əvvəl "Yeni Fikir" gənclər təşkilatının keçmiş sədri, hazırda sayta rəhbərlik edən R.Bəşirli haqlı olaraq bildirdi ki, "cəbhəçilər", xüsusilə, sədr Ə.Kərimli onu od-alovun içinə atıblar. Əlbəttə ki, o, haqlıdır. Çünki bu həmin Ə.Kərimlidir ki, R.Bəşirli gənc ömrünün 6 il 6 ayını həbsxanada keçirmiş və onun toyu bir neçə il yubanmışdı. Lakin göründüyü və öncədən də bilindiyi kimi AXCP sədri keçmiş tərəfdaşının ona qarşı irəli sürdüyü ittihamlarını sükutla qarşıladı. Qeyd edək ki, Ə.Kərimli "Yeni Fikir" gənclər təşkilatını da məhz 2005-ci ilin parlament seçkiləri ərəfəsində istifadə edib. Lakin maraqlı cəhətlərdən biri də budur ki, eyni, dəyişilməz gənclər ssenarisi bu il - 2013-cü ilin prezident seçkiləri ərəfəsində də təkrarlanır. Bu zaman belə bir sual yaranır - bu dəfə "cəbhə" sədrinin ovlamaq istədiyi hədəf hansı təşkilatdır? Çünki "NİDA"-nın əsas hərəkətvericisi Müsavat partiyası və onun başqanı İsa Qəmbərdir.
Eyni siyasi birlikdən iki şəxsin namizədliyinin irəli sürülməsi "İP"-in parçalanmasının rəsmiləşdirilməsi anlamına gəlir
Əgər belədirsə, Ə.Kərimli növbəti dəfə bitərəf gəncləri öz ətrafında birləşdirmək istəyir. Ə.Kərimlinin "İctimai Palata"da uzağı 2013-cü ilin sonlarına qədərki dövrdə müvəqqəti və dırnaqarası müttəfiqi olan Müsavat başqanı İ.Qəmbər isə bildirib ki, müxtəlif siyasi qüvvələr cəmiyyəti bütövlükdə aktivləşdirə, fəallaşdıra bilərlər. İ.Qəmbər bildirib ki, əsas hədəf prezident seçkiləridir və həmin marafona qoşulacaq namizədlərin hər birinin iddiasına təbii yanaşır. Lakin onu da unutmamalıyıq ki, məhz İ.Qəmbər müxalifətin "vahid namizədi"nin qəti lehinədir. Yəni Müsavat başqanının iddiaları onu da sübut edir ki, İ.Qəmbər "İctimai Palata"da həm özünün, həm də Ə.Kərimlinin namizədliyinin irəli sürülməsinə tərəfdardır. Çünki o, "palata"nın tezliklə parçalanmasının tərəfdarıdır. Eyni siyasi birlikdən birdən-birə iki şəxsin namizədliyinin irəli sürülməsi isə sözügedən qurumun parçalanmasının rəsmiləşdirilməsi anlamına gəlir. Bu səbəbdən də, işini ehtiyatlı tutmağa cəhd göstərən Ə.Kərimli ümidini "İP"-ə deyil, məhz həyatlarını puç etmək istədiyi bəzi gənclər bağlayır. Amma onun budəfəki şikar ovlamaq marafonu, çox güman ki, yarı yolda qalacaq. Çünki özlərini ağıllı hesab edən heç bir gənc Ə.Kərimli kimi xəyanətkar fərdi "lider" hesab etməz. Nəticə isə belədir - Ə.Kərimli postseçki dövründə gənclərin potensialından istifadə etməyə tərəfdar olduğunu deyərkən, İ.Qəmbər də seçkiyə bir neçə namizədin qatılmasını istədiyini, "vahid namizəd" ideyasının qəti əleyhinə çıxdığını açıq-aşkar bəyan edir. Görünən tərəf isə budur ki, böyük ehtimalla İ.Qəmbər seçkilər ərəfəsində "palata"nın sonuna çıxa biləcək. Lakin Ə.Kərimlinin gənclərdən umacağı baş tutmayacaq.
Afət QULİYEVA